Dönər bahalaşacaq – BU TARİXDƏN

Hazırda oxunan: Dönər bahalaşacaq – BU TARİXDƏN

218284

Məlum olduğu kimi, Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən “Dönər emalına və dövriyyəsinə dair sanitariya norma və qaydaları” adlı yeni texniki normativ hüquqi akt layihəsi hazırlanıb.
 

MÖVZU İLƏ BAĞLI:

Dönərlərin təhlükəsizliyinin SÜBUTU – Kafe və restoranlardakı qidalar AQTA nəzarətindən keçirmi?


Sənədin hazırlanmasında məqsəd tərkibindəki inqrediyentlər baxımından yüksək riskli iaşə məhsulu olan dönərin təhlükəsiz istehlakı üçün qida zəncirinin bütün mərhələlərində qida təhlükəsizliyi və gigiyena qaydalarına daha ciddi şəkildə əməl olunmasının təmin edilməsi, bu məhsulla bağlı tənzimləmə və nəzarət mexanizmlərinin təkmilləşdirilməsidir.

Hansı yeniliklər nəzərdə tutulub?

Sənədə əsasən, çiy dönərin emalı ayrıca bölmədə, yaxud ictimai-iaşə müəssisələrinin çiy dönərin bütün texnoloji proseslərinin aparılması üçün lazım olan avadanlıq və inventarla təchiz edilmiş bölməsində həyata keçirilməlidir. Çiy dönərin emalı üçün istifadə olunan ət yalnız AQTA tərəfindən qeydiyyata alınmış və ya təsdiq edilmiş kəsim məntəqəsindən, yaxud ət satışı müəssisəsindən alınmış olmalıdır.

Onu da qeyd edək ki, sənəd Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilmək üçün Ədliyyə Nazirliyinə aidiyyəti qaydada təqdim olunub.

Nəzərə alaq ki, ölkədə dönərlə bağlı ciddi problem yaşanır. Ən çox narazılıq və narahatlıq çiy dönərin xammalındandır. Belə bir iddalar var ki, çiy dönər keyfiyyətsiz və hətta at, eşşək ətindən hazırlanır.

Ona görə də çiy dönərin hazırlanmasına dair yeni qaydaların hazırlanmasına müsbət addım kimi baxmaq olar. Lakin çiy dönərin hazırlanmasının iaşə obyektinin üzərinə qoyulması qiymətə təsirsiz ötüşməyəcəyi bir faktdır.

Dönər bahalaşacaq?

Mözu ilə bağlı Bizim.Media-ya danışan Azad İstehlakçılar İctimai Birliyinin sədri Eyyub Hüseynov bildirib ki, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi olan zaman dönərin standartları hazırlanmışdı:

“O zaman çiy dönərin hazırlanması üçün 2 müəssisə müəyyən olunmuşdu. O müəssisələrdə müasir və bahalı aparatlar vardı. Orada hazırlanan dönər əti şişə taxıldıqdan sonra -40 dərəcə şok dondurmadan keçirdi. Daha sonra isə dönər əti xüsusi qablara yığılaraq dönərxanalara göndərilirdi. Həmin müəssisələr indi də fəaliyyət göstərir.

Lakin müşahidələrimiz göstərir ki, dönərxanaların heç biri həmin müəssisələrdən xam mal almır. Ona görə də AQTA-nın hazırladığı yeni standart elə işləməlidir ki, xüsusi və zəruri avadanlıqları olan müəssisələr də bu işdə fəal olsunlar. Yeni müəssisələr də açılsa pis olmaz. Elə etmək lazımdır ki, dönərin xammalı ayrıca bir qapalı yerdə hazırlansın”.

“Divara kağız yapışdırmaqla keyifyyəti yüksəltmək olmaz”

Müsahibimiz onu da əlavə edib ki, yeni qaydalar dönərin qiymətinin bahalaşmasına səbəb olacaq:

“Yəqin ki, qaydalar yaxın zamanda tətbiq olunacaq. Həmin vaxtdan da qiymətlərdə artım görəcəyik. Amma biz kəmiyyətə yox, keyfiyyətə baxmalıyıq. Elə etmək lazımdır ki, istehlakçıların seçim imkanı daha çox olsun. O kağızın mövcudluğu hələ dönərin təhlükəsizliyi demək deyil. Elə bir şərait yaradılmalıdır ki, istehlakçı onu görə bilsin və dönərin keyfiyyətli olmasına inansın.

Misal üçün, dönərdə istifadə edilən şişlər birdəfəlik istifadə üçün nəzərdə tutulsa yaxşı olardı. İstehlakçı əmin olmalıdır ki, dönər xüsusi rejimdə və gigiyenik şəraitdə hazırlanıb. Amma divara hansısa qaydanı göstərən kağız yapışdırmaqla keyfiyyəti yüksəltmək olmaz”.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin