“Uşaq yaşlarından şəhid olacağını deyirdi...” – İlkin Ağaquliyevin qəhrəmanlıq HEKAYƏSİ – FOTO/VİDEO

Hazırda oxunan: “Uşaq yaşlarından şəhid olacağını deyirdi...” – İlkin Ağaquliyevin qəhrəmanlıq HEKAYƏSİ – FOTO/VİDEO

217429

"İlkin mənim yeganə balam idi. Varım-yoxum tək o idi. İlkin başımın tacı, ürəyimin sevinci idi. Onsuz çox çətindir bizə, mən də, atası da onsuz çox darıxırıq."

Bu sözləri Bizim.Media-ya Şabran şəhər sakini, Vətən Müharibəsi şəhidi İlkin Saməddin oğlu Ağaquliyevin anası Səfirə Ağaquliyeva deyib. Onun sözlərinə görə, İlkin evliliklərinin 18-ci ilində doğulmuşdu, 20 yaşında da Vətən yolunda qurban getdi...

Səfurə xanım oğlu ilə bağlı çox həzin və bitib tükənməyən xatirələrini dilə gətirir.


Deyir ki, İlkin çox vətənpərvər uşaq olub, bunu oxuduğu Şabran şəhərindəki 1 saylı orta məktəbdə müəllimləri də, sinif yoldaşları da yaxşı bilir. O, həmişə bizə şəhid olacağını deyirdi, hətta tarix müəlliminə necə şəhid olacağını da deyibmiş, hamısı düz çıxdı:
 

"6-cı sinifdən 11-ci sinfə kimi həmişə "mən şəhid olacağam" deyirdi, həmişə"Ya Qarabağ, ya ölüm!"-deyib zümzümə edirdi. Mən deyirdim, nə şəhid olmaq? Sən tək uşaqsan. Mənə deyirdi ki, hamı bir dənədir də. Ermənini torpağımızdan qovmalıyıq.


Bir dəfə məktəbdə tarix dərsində müəlliminə belə bir söz demişdi, “müəllim, müharibə başlayacaq, mən əsgər gedəcəyəm. İki qaşımın arasından erməni tərəfindən snayperlə vurulacağam”. Müəllim də ona "sən bu arıq canınla necə döyüşəcəksən?- deyibmiş. Bunu tarix müəllimi İlkinin yas mərasiminə gələrkən danışdı. Dedi ki, necə də düz deyib İlkin. Həqiqətən o alnından snayperlə vurularaq şəhid olmuşdu.

Səfurə xanım danışır ki, oğlu cəbhədə olarkən rayondakı yoldaşları ilə əlaqə saxlayırdı. Rayona neçə şəhid gəldiyini soruşmuşdu. Biləndə ki, 18-ci şəhid gəlib, demişdi ki, “Şabrana gələn 20-ci şəhid mən olacağam”. O, sözü də düz oldu."


İlkin Ağaquliyev hərbi xidmətdən əvvəl Mingəçevirdəki Azərbaycan Dövlət Pedaqoji Kollecinin Fiziki Tərbiyə müəllimliyi ixtisası üzrə oxuyub. 2018-ci ildə hərbi xidmətə gedib, əsgərlikdən sonra MAXE kimi Əlahiddə Həmlə batalyonunda müddətdən artıq hərbi xidmətini davam etdirib.

Anası Səfurə xanım da, dayısı oğlu Ariz İskəndərov da onun müharibə başlayan gecəsi mobil telefonunda yazdığı statusdan danışdılar:

"Sabah hamının gözlədiyi gündür...çalışacam hər kəsə hər şeyi sübut eləyim. Əlvida... Qanlı səhər..." 

Dayısı oğlu Ariz İskəndərov İlkinin uşaqlıqdan nifrət etdiyi erməniyə necə qan uddurduğundan söz açır:


“Döyüşlərdə ermənilərin maşın və silahlarını qoyub qaçmalarına da videolentə alır və daim irəli gedirdi”.

Ariz İskəndərov bibisinin yeganə oğlunun Murovdağda, Suqovuşanda, Ağdərədə pulemyotçu kimi igidliklə vuruşduğunu deyir. Onun Ağdərənin Tonaşen kəndində şəhid olmuş komandirinin və 3 hərbçi yoldaşının nəşini çıxarandan sonra snayperlə alnından vurularaq şəhid olduğunu bildirir.

2020-ci il oktyabr ayının 18-də Şabran Şəhidlər Xiyabanında dəfn olunan İlkin Ağaquliyev ölümündən sonra Prezident İlham Əliyevin sərəncamı ilə "Vətən uğrunda", "Suqovuşanın azad olunmadına görə" medalları ilə təltif edilib. Ağaquliyevlər ailəsi, bütün doğmaları yeganə oğulları İlkinlə fəxr edir, qürur duyurlar. Anası deyir, günüm Şəhidlər Xiyabanında İlkinin məzarı yanında keçir.


“Yeganə təsəllimiz odur ki, "uşaqlıqdan "Ya Qarabağ, ya ölüm"deyimini zümzümə edən 20 yaşlı İlkin 30 ildən çox düşmən tapdağında olan Qarabağı azad edənlərdən biri oldu”.

Ruhu şad olsun!





Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin