Sankt-Peterburqun Kuybışevsk məhkəməsi şəhərin keçmiş qubernator müavini, milliyətcə erməni olan Marat Oqanesyanı Krestovsk adasındakı stadionun inşası zamanı rüşvət almaqda günahkar hesab edib.
Bizim.Media xəbər verir ki, bu haqda məlumatı İnterfaks agentliyi yayıb.
Mənbə yazır ki, hakim Yekaterina Botançova cəzanın sərt rejim koloniyasında çəkilməsi şərti ilə ona beş il altı ay həbs cəzası təyin edib.
Oqanesyana həm də cərimə kəsilib.
Sankt-Peterburqun keçmiş qubernator müavini Oqanesyan 2016-cı ilin noyabrında tutularaq həbs edilib. İstintaqa görə, o, "TDM" səhmdar cəmiyyətinin stadionun tikintisinə subpodratçı kimi qanunsuz cəlb olunmasını təmin edib, nəticədə 2014-cü ildə tədarük barədə müqavilə bağlanarkən video lövhələrin alınması zamanı 50 milyon rubldan çox pul oğurlanıb. Bundan Oqanesyana ən azı 28 milyon rubl çatıb.
İşin materiallarından belə çıxır ki, Sankt-Peterburq İnşaat Komitəsi sədrinin keçmiş birinci müavini Aleksandr Yançik avans ödənişlərinin "TDM"nin hesabına köçürülməsini təsdiqləyib. Ayrıca "TDM"ə rəhbərlik edən Qriqori Popovun (bundan əvvəl Aleksandrinsk Teatrının direktoru vəzifəsində çalışıb) və şirkətin üç işçisinin pulun oğurlanmasında iştirakı olub.
Oqanesyanın məhkəməyə qədər əməkdaşlıq müqaviləsi bağladığı üçün işi ayrı bir icraata ayrılıb. O, günahını tamamilə etiraf edib, digər cinayətlər barədə ifadə verib və ona dəymiş ziyanın ödənilməsi üçün addımlar atıb.
2018-ci ilin yayında Oqanesyanın işi məhkəmədən prosessual pozuntuların aradan qaldırılması üçün prokurorluğa qaytarılıb.
Bu mərhələdə istintaqla əməkdaşlıq edən Oqanesyana, xüsusilə böyük miqyasda rüşvət almaq maddəsi ilə başqa bir cinayət epizodu əlavə edilib.
O, ittihamın bu epizodu ilə razılaşmayıb və istintaqla əməkdaşlıq haqqında əvvəllər bağlanmış razılaşmaya xitam verib. İndi Oqanesyan ittihamın heç bir hissəsini qəbul etmir.
Bizim.Media