Ermənistan Müdafiə Nazirliyi Azərbaycanla sərhəddəki problemin hərbi yolla həllini istisna etməyib:
“Məsələ sülh yolu ilə həll olunmasa, yəni, Azərbaycanın hərbçiləri heç bir şərt irəli sürmədən əvvəlki mövqelərinə qayıtmasalar, Ermənistanın silahlı qüvvələrinin problemi başqa cür çözmək haqqı var. Bura məsələnin güc yolu ilə nizamlanması da daxildir”.
Bizim.Media mövzu ilə bağlı hərbi ekspert Ədalət Verdiyevin fikirlərini öyrəndi. Ekspert bildirdi ki, sərhəddə bəlli bir gərginlik var:
MÖVZU İLƏ BAĞLI:
Ermənistan Azərbaycanla sərhədə əlavə qoşun yeritdi - SON DƏQİQƏ
“Bu gərginliyin səbəbi birgə bəyanatın imzalanmasından 3 ay keçməsinə baxmayaraq Ermənistan silahlı qüvvələrinin Azərbaycana aid olan ərazilərdən çıxmamasıdır. Azərbaycan istənilən halda birgə bəyanatın şərtlərinə uyğun olaraq orada yazılan bütün bəndlərin yerinə yetirilməsində israr edəcək. Bu bəndlərdən hansısa birinin yerinə yetirilməməsi isə Ermənistanın daha ağır zərbə alması ilə nəticələnəcək.
Paşinyanın sərsəm bəyanatları çox olub. 6 ay əvvəl üçtərəfli razılaşmanı hansı şərtlər altında imzaladığını nə tez unudub? Girməyə siçan deşiyi axtarıb dabanından qığılcımlar çıxaraq qaçdıqları vaxtları yenidən xatırlasalar yaxşı olar.
Azərbaycan qalib tərəfdir və heç bir yeni şərtlər irəli sürməyib. Biz sadəcə olaraq imzalanan birgə bəyanatın şərtlərinin tamamının yerinə yetirilməsini tələb edirik. Əgər biz Laçın dəhlizini ermənilərə 6 ay qabaq təqdim etmişiksə, onlar da bizə eynisini Zəngəzurda təqdim etməlidirlər.
Əks halda biz də Laçın koridorunu bir qədər bağlayıb Zəngəzur dəhlizinin açılmasını gözləyə bilərik. Bunu çox rahatlıqla edə bilərik. Əlimizdədir. Sərhədlərimizin tam bərpasına nail olacağıq. Bir qarış da olsun torpağımız işğalda qalmayacaq. Azərbaycan əraziləri mövcud razılaşmanın şərtlərinə uyğun olaraq tamamilə boşaldılacaq”,- deyə Ədalət Verdiyev fikrini tamamladı.
Bizim.Media