Sualı başından belə kəskin qoyaq: Ermənistan sərhəd məsələsində niyə məhz İrandan yardım istəyir?
1. İran Ermənistanın qonşusudur.
2. Ermənistan sərhəd probleminin öz xeyrinə həll olunmasına nail olmaq üçün dəstəyinə əmin olduğu ölkələrə müraciət etməliydi. Fransa, Kanada, İran...
3. Əgər Ermənistan İranı Azərbaycanın müttəfiqi və ya neytral mövqedən çıxış edəcək aktor olaraq görsə idi, əlbəttə, rəsmi Tehrandan mədət ummazdı.
4. İran xarici işlər naziri Cavad Zərifin bu ilin yanvarında Ermənistanlı həmkarı Ara Ayvazyanla görüşündə səsləndirdiyi “Ermənistanın ərazi bütövlüyü İranın qırmızı xəttidir” açıqlaması erməniləri bu addımı atmağa daha da cəsarətləndirib. Hərçənd ki, Azərbaycan Ermənistanın ərazi bütövlüyünə təcavüz etmir, öz sərhədlərinin bərpası ilə məşğuldur.
MÖVZU İLƏ BAĞLI:
Ermənistanda seçkilər: Sındırılmış, parçalanmış Ermənistanın favoriti KİM OLACAQ?
Keçək əsas məsələyə...
Həm Qarabağda atəşkəs dövründə, həm də 44 günlük müharibə dövründə İranın Ermənistana yardımları ilə bağlı iddialar bitib tükənmək bilmirdi. Bəzi iddiaları rəsmi şəkildə rədd edən İran hökuməti, bəziləri haqda, ümumiyyətlə, səsini çıxarmırdı.
Xatırladaq ki, 2019-cu ilin payızında Azərbaycanın işğal olunmuş ərazilərində fəaliyyət göstərən 80 İran şirkətinin adları açıqlandı. Həmin şirkətlərə bağlı rəsmi Tehrandan heç bir açıqlama gəlmədi.
Tovuz döyüşlərindən dərhal sonra İran ərazisindən keçməklə Ermənistana 400 tondan artıq hərbi təyinatlı yüklərin daşınması ilə bağlı məlumatı Prezident İlham Əliyev ictimaiyyətə çatdırmışdı.
Daha sonra 2020-ci il sentyabrın 6-da yenidən İranın Ermənistana silah ötürməsi ilə bağlı xəbərlər yayılmağa başladı. Lakin İran tərəfi bu iddiaları əssasız adlandırmaqla kifayətləndi.
Vətən müharibəsinin ilk günlərində İrandan Qarabağa yardım daşıyan tırların görüntüsünü də, təbii ki, unutmaq olmaz.
Müharibə dövründə Qarabağda Azərbaycana qarşı döyüşən PKK, ASALA kimi terror təşkilatlarının nümayəndələrinin İranda hazırlıq keçdiyi də yayılan xəbərlər arasında idi. Bu xəbərlər təkzib olunsa belə, coğrafi olaraq nəzər saldıqda, Livan və Suriyada çoxluq təşkil edən terrorçuların Qarabağa və Ermənistana gəlməsi üçün İrandan başqa heç bir keçid yolunun olmadığını görə bilərik.
Həmçinin işğal dönəmində Cəbrayıl rayonu ərazisində Araz çayı üzərində İran tərəfindən salınan körpüləri də rəsmi Tehran təkzib etməyib.
İranın Ermənistana bu cür isti münasibətinin səbəbi nədir?
Bir çox ekspertlərin fikrincə, rəsmi Tehranın İrandan sonra ən çox şiənin yaşadığı ölkə olan Azərbaycanı deyil, Ermənistanı dəstəkləməsinin əsas səbəbi məhz etnik kindən irəli gəlir. Min illərdir davam edən türk-fars rəqabəti, görünür, hələ də İran tərəfindən unudulmayıb. Görünən odur ki, İran üçün qonşuluğunda yerləşən, əhalisinin böyük hissəsi türklərdən ibarət olan dövlətin uğurları, ermənilərin İslam abidələrinə qarşı törətdiyi vandallıqlardan daha böyük problemdir.
Ümumi mənzərəyə nəzər saldıqda görünən odur ki, İran Ermənistanla yaxın münasibətindən əl çəkmək fikrində deyil. Lakin bu yaxınlığın sərhədlərin dəqiqləşdirilməsi prosesində Ermənistanın dərdinə dərman olacağı da real görünmür. Çünki hər nə qədər Ermənistanı dəstəkləsə də, İranın Azərbaycanla “dostluq” münasibətlərinə zərbə vurmaq bahasına ciddi şəkildə məsələdə rəsmi İrəvanın mövqeyini dəstəkləyəcəyi inandırıcı deyil. İran tərəfdən Ermənilərə dəstəklə bağlı atılacaq addımlar maksimum quru vədlər və sakitləşdirici bəyanatlardan ibarət ola bilər.
Ermənistana mümkün yardımların ən əsasları isə həmişəki kimi, İran sayağı əlaltından, gizli-gizli aparılacaq... Təkzib etmək üçün isə həmişə söz tapılacaq.
Murad Əhmədov, Bizim.Media