UEFA Avropa Liqasının 2-ci turunda “Qarabağ”ın qonağı olacaq İsveçin “Malmö” klubunun müdafiəçisi Qabriel Busanellonun taleyinə aydınlıq gəlib.
Bizim.Media xəbər verir ki, baş məşqçi Henrik Ridström braziliyalı sol cinah oyunçusunun zədəsinin ciddi olmadığını bildirib.
Çalışdırıcının sözlərinə görə, Avropa Liqasının 1-ci turunda “Reyncers”lə (0:2) görüşdə 90 dəqiqə meydanda olan Busanello yüngül zədə almışdı.
Bu səbəbdən o, İsveç çempionatının 25-ci turunda “Myölbü” ilə oyunu buraxıb:
“Ancaq Busanellonun durumu qorxulu deyil. Bu problem də yorğunluqdan yaranmışdı. Bu səbəbdən çempionat oyununda onu riskə atmaq istəmədik. Braziliyalı müdafiəçimiz “Qarabağ”la matça hazırdır”.
Qeyd edək ki, “Qarabağ” – “Malmö” oyunu oktyabrın 3-də Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək.
Rəşad Rafiqoğlu, Bizim.Media