"Qarabağ"ın tarixi qolunun müəllifi: Azərbaycan klubu “Tottenhem”ə uduzmayacaq

Hazırda oxunan: "Qarabağ"ın tarixi qolunun müəllifi: Azərbaycan klubu “Tottenhem”ə uduzmayacaq

213282

"Qarabağ" böyük təcrübəyə sahib olan komandaya qarşı oynayacaq. Çox çətin görüş olacaq".

Bizim.Media xəbər verir ki, bu sözləri AZƏRTAC-a açıqlamasında vaxtilə "Qarabağ"da oynamış Şimali makedoniyalı veteran futbolçu Muarem Muarem keçmiş komandasının UEFA Avropa Liqasının əsas mərhələsinin ilk turunda bu gün İngiltərədə "Tottenhem"ə qarşı keçirəcəyi oyunla bağlı danışarkən deyib.

O, rəqibin çox təhlükəli və sürətli komanda olduğunu bildirib:

"Buna baxmayaraq, uğurlu nəticə qazanmaq olar. Bu, futboldur, hər şey gözlənilən ssenari ilə getmir. "Qarabağ" ötən mövsüm Avropa Liqasında “Braqa” və "Bayer"lə görüşlərdə sübut etdi ki, istənilən rəqibə qarşı oynamaq gücündədir. Ağdam təmsilçisi avrokubok matçlarında qol vurmağı bacaran komandadır. Düşünürəm ki, Azərbaycan klubu “Tottenhem”ə məğlub olmayacaq".

Hazırda ölkəsinin "Qostivar" komandasının baş məşqçisi olan 36 yaşlı mütəxəssis “Qarabağ”ın Avropa Liqasının əsas mərhələsindəki şanslarını da dəyərləndirib: "Bu mövsüm oyunlar fərqli sistemdə keçirilir. "Qarabağ" uzun illərdir avrokuboklarda mübarizə apardığı üçün necə oynamaq lazım olduğunu bilir. Fikrimcə, ötən mövsümdən fərqli olaraq, bu il daha da irəli gedəcəklər".

“Tottenhem Hotspur” stadionunda oynanılacaq görüş Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.

Xatırladaq ki, Muarem Muarem "Qarabağ" tarixinin ən önəmli qollarından birinin müəllifidir. O, Ağdam klubunun ilk dəfə Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazandığı 2014-2015-ci illər mövsümündə Niderlandda "Tvente"yə qarşı keçirilmiş pley-off mərhələsinin cavab matçında (1:1) bərabərlik qolunu vurmuşdu. Bakıda rəqibi ilə qolsuz heç-heçəyə razılaşan Ağdam klubu səfər qolu sayəsində qrup mərhələsinə vəsiqə qazanmışdı.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin