Zelenskinin “B” PLANI, yoxsa növbəti BLEF?

Hazırda oxunan: Zelenskinin “B” PLANI, yoxsa növbəti BLEF?

213123

Ukrayna Prezidenti Vladimir Zelenski “Nyu Yorker”ə müsahibəsində deyib ki, ABŞ Prezidenti Co Baydenlə görüşdə qələbə planını təqdim etməyi planlaşdırır və onun təsdiqini gözləyir. 

Ardınca o qeyd edib ki, ancaq Bayden bu planı rədd edərsə, Ukraynanın B planı var. 

“Ukrayna uzun illərdir ki, B planı altında yaşayır, A planı tammiqyaslı müharibə başlamazdan əvvəl təklif edilmişdi. O zaman biz iki şeyə çağırırdıq: önləyici sanksiyalar və Ukraynanın müxtəlif növ silahlarla gücləndirilməsi”, - Zelenski bildirib.

Görəsən, Zelenskinin “B” planı nədən ibarətdir? 

Mövzu ilə bağlı Bizim.Media-ya açıqlamasında politoloq Tofiq Abbasov Zelenskinin hansısa B planının olduğuna inanmır. Onu fikrincə, Ukraynanın hər hansı bir planı olsa belə, artıq bunların hamısı istifadə edilib: 

“Kiyevin siyasi cəhətdən manevr imkanları tükənmək üzrədir. Zelenski ciddi cəhdlə çalışır ki, müharibə uzansın. Açıq şəkildə bildirir ki, müharibəni dayandırmaq fikrində deyil. Zelenski bilir ki, müharibə dayanarsa, onun Prezidentlik müddətinin sona çatması gündəmə gələcək və onu hakimiyyətdən məhrum edəcəklər. Bu müstəvidə Zelenski çalışır ki, Qərb silah və maliyyə dəstəyini artırsın”. 

Ekspert qeyd edir ki, Qərb cəbhəsində Avropa müharibənin dayandırılmasının tərəfdarıdır:

“ABŞ isə hələlik yox. Bəlli olan odur ki, müharibədə Ukrayna daha çox itirir. Qərb hər ikisinin, xüsusən də Rusiyanın zəiflədilməsinə çalışır. Rusiya da əslində nüvə silahı məsələsində heç də zarafat etmir. Onlar Odessaya doğru irəliləməkdədir. Yaranmış vəziyyətdə Zelenski faktiki olaraq əlverişsiz vəziyyətə düşüb. Çünki istəklərinə qismən nail olub, vədlərinin hamısını ala bilməyib. Ukrayna daxilində narazılıq artıb, cəmiyyət müharibənin sonunu görə bilmir. 

Bu perspektiv isə Ukraynaya böyük bəlalar vəd edir. 

Ukrayna xalqı bunu da Zelenskiyə bağışlamayacaq. Şayiələrə görə Zelenski ətrafında rusiyəpərəst qüvvələr çoxdur. Onlar vaxtında tədarük görərək Moskvanı məlumatlandırır. Belə olan halda, Zelenskinin hansısa “B” və ya digər planının olduğuna inanmıram. Belə bir şey yoxdur. Onun bütün dünyanı, eləcə də Rusiyanı mat qoymaq üçün elə bir gedişinin olduğuna da inanmıram. Hərbi-texniki və siyasi cəhətdən Ukrayna öz cəbhəxanasının imkanlarını artıq istifadəyə verib”. 

Rüfət Sultan, Bizim.Media 
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin