Tələbənin mini "yubka"sı, yoxsa təhsilin vəziyyəti müzakirə olunmalıdır?

Hazırda oxunan: Tələbənin mini "yubka"sı, yoxsa təhsilin vəziyyəti müzakirə olunmalıdır?

213117

Tələbələrin geyimi məsələsi son günlərdə yenidən müzakirə mövzsuna çevrilib. Bu dəfə Azərbaycan Tibb Universitetinin müəllimi Nazxanım Qasımova təhsil ocağının həyətində tələbələrin fotosunu çəkib paylaşmaqla məsələni gündəmə gətirdi.  O, açıq-saçıq geyimə görə tələbələri qınayan paylaşım edib. Üstəlik, bu cür geyinən tələbələrin Universitetə buraxılmamasını təklif edib. 

Doğrudur Nazxanım Qasımovanın təklifi qəbul olunmadı. Əksinə bu fikirlərinə görə o qınandı. Belə ki, ATU-dan məsələ ilə bağlı verilən açıqlamada bildirilib ki, Epidemiologiya kafedrasının assistenti Nazxanım Qasımova universitetin müvafiq şöbəsinə dəvət olunub və onunla bu barədə söhbət aparılıb, müəllimin bu məsələyə reaksiyasını ifadə etmə formasının yanlış olduğu onun nəzərinə çatdırılıb

Bununla belə məsələnin özü yeni müzakirələrə yol açdı. 
 

MÖVZU İLƏ BAĞLI:

“Dövlət bir şagirdə 6400 manat xərcləyir” – Adambaşı maliyyələşmənin DETALLARI 


Hərə məsələyə müxtəlif rakursdan yanaşdı. Amma tələbələrin geyim tərzi və müəllimin onların fotosunu iznsiz paylaşmasında ortaq fikir sərgilənmədi.

Bu da onu göstərir ki, bu tip təşəbbüslər cəmiyyət üçün o qədər də maraqlı və önəmli deyil. Çünki cəmiyyəti təhsil sistemindəki digər məsələlər daha çox narahat edir. Məsələn, təhsilin keyfiyyəti, hazırlanan kadrlarda peşəkarlığın aşağı olması, tədris prosesi və s. insanları daha çox düşündür. Ona görə də tələbənin və yaxud müəllimin geyimini gündəmə gətirmək əslində baxışları əsas hədəfdən uzaqlaşdırır. 

Həkimin ağ və ya çəhrayı xalat geyinməsi nəyi dəyişir?

Əsas odur ki, həkim savadlı və peşəkar olsun. Adamlar üçün də məsələnin bu tərəfi daha çox maraqlıdır. O ki, qaldı hansısa tələbənin mini və yaxud dərin dekolteli geyinməsi bu onun şəxsi işidir. Əksinə, belə məsələlərin üstünə gedildikcə, bu cür hallar trend olur. Çünki bir çox insanlar savadı, qabiliyyəti ilə yox, geyim tərzi ilə seçilmək istəyir. Belələrinin geyiminə diqqət edəndə, onu müzakirə obyektinə çevirəndə həmin fərdlər öz istəklərinə çatmış olurlar. 

Ən pisi də odur ki, bu cür hallar artıq sosial sifarişə, trendə çevrilir. Çoxluq da çalışır ki, haqqında danışılan adam kimi geyinsin və daha çox diqqət cəlb eləsin. 

Ona görə də hansısa tələbənin geyimini ictimai müzakirəyə daşımaq bütün hallarda mənfiliklərə yol açır. 

Çünki antireklamın özü də bir reklamdır.

Mövzu ilə bağlı fikirlərini Bizim.Media ilə bölüşən sosioloq Üzeyir Şəfiyev bildirib ki, tələbələrin geyim tərzləri ilə bağlı mütəmadi olaraq mətbuatda və sosial şəbəkələrdə müzakirələr açılır.

Sosioloq hesab edir ki, gənclər daha çox intellektual qabiliyyətləri, bacarıq və bilikləri ilə sağlam rəqabətə qoşulmalıdırlar:

“Çünki qarşıda onları rəqabətə davamlı əmək bazarı gözləyir. Ona görə də istənilən ictimai müzakirənin hədəfi olmalıdır. Rəy bildirmək, danışmaq xatirinə ortaya atılmaq heç kimə hörmət gətirmir. Əksinə ölçüb-biçilmədən, düşünülməmiş səslənən fikirlər cəmiyyətdə müəyyən izlər buraxır. Bəziləri də elə zənn edir ki, hər şeyi və hər kəsi ictimai müzakirə obyektinə çevirmək olar. 

Belə yanaşmaların da təbii ki, acı nəticələri olur. Kimsə başqasının şəklini, fikirini icazəsiz ictimailəşdirir. Sonda isə yayıcı tərəf müzakirə obyektinə çevirdiyi adamın həyatına müdaxilə etmiş olur. Bu cür müdaxilələr isə sonda acı nəticələrə qədər gedib çıxır”.

Surxay Atakişiyev, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin