Sumqayıt məktəbində bit dərmanından zəhərlənməyə görə direktor CƏZALANACAQMI? – Rəsmi AÇIQLAMA

Hazırda oxunan: Sumqayıt məktəbində bit dərmanından zəhərlənməyə görə direktor CƏZALANACAQMI? – Rəsmi AÇIQLAMA

213077

Xəbər verildiyi kimi Sumqayıt şəhəri 14 nömrəli tam orta məktəbdə bit dərmanına qarşı aparılan dərmanlama zamanı iki şagird zəhərlənib. Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi (TƏBİB) yaxınları tərəfindən sentyabrın 23-ü saat saat 15:30 radələrində Sumqayıt Tibb Mərkəzinin Uşaq Xəstəxanasına gətirilən, daha sonra isə tibbi yardımların göstərilməsi məqsədilə Kliniki Tibbi Mərkəzə (KTM) təxliyə olunan 2013-cü il təvəllüdlü iki azyaşlıya dəqiqləşdirilməmiş maddə zəhərlənməsi diaqnozu qoyub.  

Bir sözlə hər iki şagird məktəbdə bit-birəyə qarşı aparılan dezinfeksiya və dərmanlama işlərindən sonra özlərini pis hiss ediblər. 
 

MÖVZU İLƏ BAĞLI:

Sumqayıtda məktəbi bit-birə BASDI – Şagirdlər dərmanlama zamanı ZƏHƏRLƏNDİ – FOTO/VİDEO


Qeyd edək ki, sözügedən məktəb şagirdlərinin antisanitariya şəraitində təhsil almaları halı və təhsil ocağını bit-birə basması ilk deyil. Hətta valideynlərin əksəriyyəti övladlarının belə bir şəraitdə təhsil almamaları üçün dəfələrlə məktəb rəhbərliyinə şikayət ediblər. Qarşı tərəf isə heç bir addım atmayıb. Vəziyyət dərinləşəndən sonra addım atılıb və nəticədə isə şagirdlərin zəhərlənməsi baş verib.  

Maraqlıdır, məktəb rəhbərliyinin göstərişi ilə həşəratlara qarşı həyata keçirilən dezinfeksiya işləri niyə tədris ilinin başlanmasına qədər görülməyib? Üç aylıq tətildə, xüsusilə məktəb və şagird heyətinin iştirakı olmadan bu işləri aparmaq olmazdı? 

Məsuliyyətsiz davranışına görə məktəb rəhbərliyini hansı cəza gözləyir? 

Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən Bizim.Media-ya bildirilib ki, məsələ ilə bağlı hüquq mühafizə orqanları tərəfindən araşdırmalar aparılır:

“Ümumi təhsil müəssisələrində uşaqların təlim-tərbiyəsi və tədris prosesi ilə yanaşı, sağlamlığı və təhlükəsizliyi də bizim üçün vacib şərtlərdəndir. 

Ümumi təhsil müəssisəsinin sanitariya vəziyyətinə və onun saxlanılmasına dair tələblərdən irəli gələn məsələlər tədris ili müddətində davamlı olaraq aparılır. Bu və bu kimi digər istiqamətlər üzrə də dezinfeksiya işləri davamlı xarakter daşıyır və illik plan əsasında həyata keçirilir. 2024-2025-ci tədris ilinin başlanması ilə əlaqədar  olaraq Abşeron-Xızı Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumi və məktəbəqədər təhsil müəssisələrində dezinfeksiya tədbirləri aparılıb. Son 2 ay ərzində adıçəkilən idarə üzrə ümumilikdə 200-ə yaxın ümumi  və məktəbəqədər təhsil müəssisəsi dezinfeksiya edilib”. 

Agentlik Sumqayıt şəhəri 14 saylı ümumi təhsil müəssisəsində aparılan dezinfeksiya tədbirlərindən sonra məktəblilərin zəhərlənməsi məsələsinə də münasibət bildirib:

“6-cı sinifdə oxuyan 2 şagird 23.09.2024-cü il tarixində dərs bitdikdən sonra (evdə olarkən) özlərini pis hiss etdikləri üçün təcili yardıma müraciət edilib. İlkin tibbi yardım göstərildikdən sonra Bakıdakı xəstəxanalardan birinə yönləndirilib. Sonradan şagirdlər müayinə edilərək evə buraxılıblar. Hal-hazırda vəziyyətləri yaxşıdır. Qeyd edirik ki, həmin gün ümumi təhsil müəssisəsinin 2-ci korpusunda 330-dan çox şagird dərslərdə iştirak edib və heç birində belə hal müşahidə edilməyib. Abşeron-Xızı Regional Təhsil İdarəsinin əməkdaşları tərəfindən məktəbə baxış keçirilib. Şagirdlərin səhhəti diqqətdə saxlanılır”. 

Məlum hadisəyə görə məktəb rəhbərliyi barəsində hər hansı tədbir görülüb-görülməyəcəyi ilə bağlı sualımızı isə Agentlik cavabsız qoyub.  

Qurumun açıqlamasından da görünür ki, tədris zamanı həşəratlara qarşı dezinfeksiya və dərmanlama işlərinin aparılması normal, davamlı və plan əsasında görülən addımdır.

Məlumat üçün bildirək ki, Sumqayıt şəhəri 14 nömrəli məktəbin direktoru Fatma Bayramovadır. Hansı ki, onun adı başqa bir qalmaqalda da çəkilirdi. Belə ki, Fatma Bayramova yaydığı səs yazısında qadın müəllimlərə məktəbə şalvar geyinməmələrini, əks halda onları şagirdlərin yanında təhqir edəcəyini demişdi.

Alçina Amilqızı, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin