Pərviz Şahbazov: “COP29 bərpa olunan enerjinin artırılması üçün hədəfləri dəstəkləyən platforma olacaq” - FOTO

Hazırda oxunan: Pərviz Şahbazov: “COP29 bərpa olunan enerjinin artırılması üçün hədəfləri dəstəkləyən platforma olacaq” - FOTO

212978

Energetika naziri Pərviz Şahbazov Almaniyanın Hamburq şəhərində keçirilən “Wind Energy Hamburg” konfransı çərçivəsində “İnvestisiyalar və qlobal əməkdaşlıq” panelində əsas məruzəçi kimi çıxış edib.

Nazirlikdən Bizim.Media-ya bildirilib ki, ölkəmiz təhlükəsiz iqlimli və enerji təminatlı gələcək üçün bərpaolunan enerjini unikal və effektiv həll olaraq qəbul etdiyini özünün 2030-cu ilədək olan transformativ inkişaf strategiyası və yaşıl enerjini prioritetləşdirən yeni enerji siyasəti ilə təsdiqləyib. 

Azərbaycanın regionda bərpa olunan enerji sahəsində investisiya və qlobal əməkdaşlığı uğurla təmin və təşviq edən ölkə olduğu qeyd edilib:

“Münbit sərmayə və əməkdaşlıq mühiti sayəsində 2 QVt gücündə yaşıl enerji layihələrimiz beynəlxalq investorlar tərəfindən maliyyələşdirilir. 2 milyard dollar civarında investisiya və dünyanın aparıcı enerji şirkətləri ilə tərəfdaşlığımız imkan verir ki, 2027-ci ilə bərpa olunan enerjinin quraşdırılmış gücdə payını 33 faizə yüksəldək. Bu məqsədlə bu elektrik stansiyalarının şəbəkəyə vaxtında və problemsiz inteqrasiyası üçün şəbəkənin gücləndirilməsinə AYİB, Dünya Bankı ilə yanaşı, dövlətin də maliyyə dəstəyi cəlb olunub”.
 

Xəzər dənizinin 157 QVt-lıq külək enerji potensialı əsasında 2037-ci ilədək beynəlxalq enerji şirkətləri ilə mərhələlərlə həyata keçiriləcək 18 QVt-lıq elektrik enerjisi, yaşıl hidrogen və “yaşıl ammonyak”ın istehsalı, həmçinin üç yaşıl enerji dəhlizi layihələri barədə məlumat verilib.


Xüsusilə “Xəzər-Qara dəniz-Avropa Yaşıl Enerji Dəhlizi” 2040-cı ilədək elektrik enerjisinə tələbatın 50 faiz artacağı, hidrogen idxalı ilə bağlı planları və enerji təhlükəsizliyi kontekstində Avropa İttifaqının strateji marağında olan layihə kimi dəyərləndirilib.

Həmçinin dənizdə külək enerjisi stansiyaları üçün avadanlıq istehsalı, hidrogen, enerji saxlama sistemləri, yaşıl enerji dəhlizi layihəsi, elektrik enerjisi axınının optimallaşdırılması üçün Avropanın elektrik enerjisi istehlakçılarının Azərbaycanda istehsal olunan külək enerjisi ilə əlaqələndirilməsi üzrə geniş əməkdaşlıq imkanları Avropa Külək Enerjisi Assosiasiyası və alman şirkətləri ilə tərəfdaşlığı inkişaf etdirmək aspektində diqqətə çatdırılıb.

Azərbaycanın Avrasiya miqyaslı yaşıl enerji fəaliyyətinin COP29-un dünyada “xalis sıfır”a nail olmaq üçün darboğazların aradan qaldırılmasını hədəfləyən enerji təşəbbüslərini formalaşdırdığı da qeyd olunub.

Bildirilib ki, 2030-cu ilədək regionlararası yaşıl enerji bağlantılarının qurulmasını, qlobal enerjinin saxlanılması potensialının altı dəfə artırılaraq 1500 QVt-a çatdırılmasını, 2040-cı ilə kimi 80 milyon kilometrdən çox enerji şəbəkəsinin ümumi şəbəkə sisteminə əlavə edilməsini və ya təmir edilməsini, hidrogen sənayesinin inkişafını nəzərdə tutan “Yaşıl enerji üzrə zona və dəhlizlər öhdəliyi”, “Qlobal enerji anbarları və şəbəkələri öhdəliyi”, həmçinin “Hidrogen bəyannaməsi” təşəbbüsləri investisiya axınını artıracaqdır.
 

“Hesab edirik ki, COP28 bərpa olunan enerjinin üçqat, enerji səmərəliliyinin isə ikiqat artırılması hədəfini irəli sürmüşdüsə, COP29 bu hədəflərə nail olmağı dəstəkləyən platforma olacaq”, - deyə nazir əlavə edib.


Tədbir COP29 sədrliyinin enerji keçidinin maliyyələşdirilməsi üzrə fəaliyyətinə, Azərbaycanın ənənəvi və bərpaolunan enerji növlərini balanslaşdıran enerji siyasətinə dair müzakirələrlə davam edib.




Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin