Xəbər verdiyimiz kimi, sentyabrın 17 və 18-də Livanda rabitə qurğularının partlaması nəticəsində 37 nəfər ölüb, 287 nəfər isə ağır yaralanıb. Livanın səhiyyə naziri Firas Abyad qeyd edib ki, partlayışların ikinci dalğası zamanı xəsarət alanların sayı 708-ə çatıb.
Baş vermiş terror hadisəsindən sonra Livanın Mülki Aviasiyasının baş direktoru elektron cihazların partladılmasından sonra sərnişinlərin təyyarələrə peycer və radio aparatları gətirməsini qadağan edən yeni göstəriş verib.
Ötən günsə daha bir maraqlı və sensasion məlumat yayılıb.
MÖVZU İLƏ BAĞLI:
İranın keçmiş prezidenti peycer partlayışından həlak olub? - İDDİA/FOTO
İranın helikopter qəzasında dünyasını dəyişən keçmiş prezidenti İbrahim Rəisinin peycer partlayışı nəticəsində həlak olduğuna dair iddialar ortaya çıxıb.
Belə ki, mediada Rəisinin yanında peycer olan görüntüləri yayılıb. İddia edilib ki, görüntü 2022-ci ildə Pakistan xarici işlər naziri ilə görüş zamanı lentə alınıb.
Bu iddialar nə dərəcədə reallığa uyğundur?
Məsələ ilə bağlı fikirlərini Bizim.Media ilə bölüşən hərbi ekspert Üzeyir Cəfərov deyib ki, Livanda peycerlərin kütləvi partlayışından sonra dünyada müxtəlif müzakirələr başlayıb:
“Həmin müzakirələrdən də biri odur ki, guya İbrahim Rəisinin ölümündə peycerin rolu olub. Çünki Rəisinin peycerdən istifadə etdiyi fotoları da yayılıb. Nəzəri baxımdan bu mümkündür. Amma faktlar onu göstərir ki, sabiq prezidentin faciəli ölümü daha çox hava şəraiti və onun mindiyi helikopterin müasir tələblərə cavab verməməsi ilə bağlıdır. Yayılan videogörüntülərdən də aydın görürük ki, dumanlı havada helikopter çox aşağı hündürlükdə uçurmuş və dağa yaxınlaşanda yuxarıya qalxmağa cəhd edərkən pilotun uğursuz cəhdi bu dəhşətli faciəyə səbəb olub. Nəticədə, dağ yamacına çırpılan helikopter parçalara bölünüb”.
Müsahibimiz bu cür iddiaların ortaya çıxmasını onunla bağlayır ki, ölkə başçısının son durumu ilə bağlı 10 saatdan artıq heç bir məlumat verilmədi:
“Bu ola bilsin ki, təhlükəsizlik baxımından edilmişdi. Çünki İran beynəlxalq sanksiyalar altındadır. Belə vəziyyətdə də bəzi dövlətlərin İrana qarşı açıq və gizli təhdidləri var. Ona görə də qəza barədə məlumatlar çox ləng verildi.
Bu da təbii ki, müxtəlif şayiələrə yol açdı. Peycer ehtimalı da bu şayiələrdən qaynaqlanır. Amma İbrahim Rəisinin ölümü ilə peycerin arasında heç bir əlaqə yoxdur. Nəzəri baxımdan heç nə istisna edilmir. Lakin bir peycerin helikopteri partladacağı ehtimalı praktik baxımdan mümkün deyil. Belə olsa idi, helikopter qəzaya uğramazdı. Ona görə də Livandakı peycer terroru ilə İbrahim Rəisinin ölümü arasında hər hansı bir əlaqə görmürəm”.
Surxay Atakişiyev, Bizim.Media