Peşəkar mühasib sertifikatı almaq istəyənlərin NƏZƏRİNƏ

Hazırda oxunan: Peşəkar mühasib sertifikatı almaq istəyənlərin NƏZƏRİNƏ

212100

Dövlət İmtahan Mərkəzi (DİM) peşəkar mühasib sertifikatı (PMS) imtahanının II mərhələsi üzrə oktyabrın 20-də keçiriləcək imtahana qeydiyyat elan edib.

DİM-dən Bizim.Media-ya bildirilib ki, namizədlər oktyabrın 10-dək Mərkəzin internet səhifəsində linkə daxil olub qeydiyyatdan keçə bilərlər.

İmtahanın II mərhələsində - qanunvericilik üzrə imtahanda iştirak etmək istəyən namizədlər aşağıda qeyd edilən sertifikat növlərinə uyğun istiqamətlərdən birini seçməklə qeydiyyatdan keçməlidirlər:

1. Kiçik və Orta Sahibkarlıq Subyektləri üçün Maliyyə Hesabatlarının Beynəlxalq Standartları üzrə PMS; Maliyyə Hesabatlarının Beynəlxalq Standartları üzrə PMS;

2. İctimai Sektor üçün Mühasibat Uçotunun Beynəlxalq Standartları üzrə – I, II səviyyə PMS. İmtahan oktyabrın 20-də Bakı və Naxçıvan şəhərlərində keçiriləcək. İmtahanda iştirak haqqı 50 manatdır.

Üç saat ərzində keçirilən imtahanda namizədlərə 40 tapşırıqdan ibarət sual kitabçası təqdim olunur. İmtahandan maksimum 100 bal toplamaq mümkündür. Qapalı tipli test tapşırıqlarından 20-si 1 balla, 15-i 2 balla, açıq tipli 5 test tapşırığının hər biri 10 balla qiymətləndirilir.

Hər bir sertifikat növü üzrə imtahan proqramları DİM-in rəsmi internet səhifəsində yerləşdirilib. Nazirlər Kabinetinin 2019-cu il 22 may tarixli 237 saylı qərarının aşağıdakı bəndinə əsasən namizədlər göstərilən sənədləri təqdim etməklə imtahanda iştirak edə bilərlər:

2.10.2. iqtisadi sahədə orta ixtisas təhsili haqqında sənədin (diplomun) və mühasibatlıq sahəsində azı 5 (beş) illik iş stajına malik olmasını təsdiq edən sənədin surətləri və yaxud ali təhsil haqqında sənədin (diplomun) surəti.

PMS imtahanında iştirak etmək hüququ verən orta ixtisas təhsilinə aid ixtisasların siyahısı DİM-in rəsmi internet səhifəsində yerləşdirilib.
 

Bu ixtisaslar üzrə orta ixtisas təhsili olan namizədlər mühasibatlıq sahəsində azı 5 illik iş stajı haqqında məlumat göstərilmiş əmək kitabçasının surətini elektron şəkildə qeydiyyatdan keçdikləri səhifədə göstərilən ünvana yükləməlidirlər. Əmək kitabçasında göstərilən məlumatların həqiqiliyi DİM tərəfindən yoxlanılacaq və namizədə bu barədə bildiriş göndəriləcək.


İmtahandan 5 gün əvvəl namizədlər Mərkəzin saytından imtahana buraxılış vərəqəsini və “Namizədin yaddaş kitabçası”nı çap edib götürə bilərlər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin