“Yanğın təhlükəsizliyini aradan qaldırmaq üçün TƏBİB pul ayırmadı” - Mehriban Abasquliyevanın MƏHKƏMƏSİNDƏN

Hazırda oxunan: “Yanğın təhlükəsizliyini aradan qaldırmaq üçün TƏBİB pul ayırmadı” - Mehriban Abasquliyevanın MƏHKƏMƏSİNDƏN

211490

“Respublika Perinatal Mərkəzi” Publik Hüquqi Şəxsin sabiq direktoru Mehriban Abasquliyeva, Mərkəzin Anesteziologiya, reanimasiya və intensiv terapiya şöbəsinin müdiri Hamlet Mustafayev və Dəstək Xidmətləri şöbəsinin müdiri Elnur Əhmədlinin cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Bizim.Media unikal.az-a istinadən xəbər verir ki, Mehriban Abasquliyeva baş vermiş yanğında özünü təqsirli bilməyib. 

Belə ki, hadisənin baş verməsinə əsas kimi “TƏBİB”in maliyyə vəsaitinin olmaması və bir neçə Mərkəz əməkdaşının işinə məsuliyyətsiz yanaşmasını göstərib.

Baş Prokurorluğun İstintaq İdarəsində Mehriban Abasquliyevaya 308.2 (Vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) və 225.3-cü (yanğın təhlükəsizliyi qaydalarını pozma ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda), Hamlet Mustafayevə və Elnur Əhmədliyə qarşı isə 225.3-cü maddə ilə cinayət işi başlanıb. 

Qeyd edək ki, hər üç şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilib. Qeyd edək ki, ilk olaraq Mehriban Abasquliyevaya Cinayət Məcəlləsinin 314.3-cü (səhlənkarlıq iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddə ilə cinayət işi başlansa da sonradan 308.2-ci maddəyə töfsif edilib. 

İbtidai İstintaqla müəyyən olunub ki, Mehriban Abasquliyeva tərəfindən müəssisədə yanğın təhlükəsizliyi qaydalarına riayət edilməsi işinin düzgün təşkil olunmaması, hadisənin baş verdiyi Mərkəzin Anesteziologiya, reanimasiya və intensiv terapiya şöbəsinin Yenidoğulmuşların intensiv terapiya bölməsinin yerləşdiyi dördüncü mərtəbədəki palatasında tibbi avadanlıqların düzgün istismar olunmaması, palatada normadan artıq tibbi avadanlıqların istifadə edilməsi, habelə elektrik qidalandırıcılarda əvvəlki günlərdən yaranmış nasazlığın vaxtında aradan qaldırılmasını təmin etməməsinə əsaslı şübhələr müəyyən edilib.

Mehriban Abasquliyeva cədvələ uyğun olaraq tibbi təminatı 20 nəfərlik xəstə tutumu üçün nəzərdə tutulan həmin Müəssisənin Anesteziologiya, reanimasiya və intensiv terapiya şöbəsinin Yenidoğulmuşların intensiv terapiya bölməsinə heç bir əsas olmadan, şəxsi mülahizəsinə əsasən mütəmadi surətdə əlavə stasionar xəstələrin qəbul edilməsinə dair qanunsuz göstəriş verib.

Direktor olduğu 28 dekabr 2022-ci il tarixdən 09 yanvar 2024-cü il tarixədək olan dövr ərzində stasionar xəstə qəbulu sayını əsassız olaraq ən azı iki dəfəyədək artırıb.

Ümumiyyətlə “Respublika Perinatal Mərkəzi” daxil, ölkədə fəaliyyət göstərən digər perinatal mərkəzlərdə saxlanılan xəstə sayı müəssisənin tutumu normalarını faktiki aşaraq, konkret Mehriban Abasquliyevanın direktoru olduğu Mərkəzin Yenidoğulmuşların intensiv terapiya bölməsində cəmi 20 çarpayı yeri nəzərdə tutulduğu halda, 61 ədəd küvez yerləşdirilib.

İttiham aktına görə, təqsirləndirilən şəxs qismində dindirilmiş Abasquliyeva Mehriban Adil qızı ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.2 va 225.3-cü maddələri ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyib.

Belə ki, iş üzrə müəyyən olunanları inkar etməklə, özünümüdafiə xarakterli ifadələr verərək göstərmişdir ki, 27 dekabr 2022-ci il tarixdə «Respublika Perinatal Mərkəzi» Publik Hüquqi Şəxsin direktoru təyin edilərək, həmin vaxtdan yanğın hadisəsi baş verdiyi 09 yanvar 2024- cü il tarixədək, 36 təqvim günü müddətində əmək məzuniyyətində olması nəzərə alınmaqla, cəmi 11 ay vəzifə səlahiyyətlərini icra edib. 09 yanvar 2024-cü il tarixdə saat 03:25-da o, yaşadığı evdə olarkən direktoru olduğu Mərkəzin qəbul şöbəsinin növbətçi maması Gülbahar Zülfüqarova ona zəng edərək Mərkəzdə yanğın çıxması ilə bağlı onu xəbərdar edib. Bundan sonra o, dərhal əvvəlcə Fövqəladə Hallar Nazirliyinin 112 Qaynar Xətt mərkəzinə yanğın çağırışı vermiş və bu zaman Nazirlikdən ona artıq daxil olmuş həmin yanğın məlumatı ilə əlaqədar hadisə yerinə yanğınsöndürən briqadanın göndərildiyi bildiriblər.

“TƏBİB” pul ayırmaqdan imtina etdi

Məlahət Abasquliyevanın sözlərinə görə, 5 tibb bacısı və 2 sanitar qadın ştat vahidinin açılması üçün 2023-cü ilin yanvar, mart və aprel aylarında tabe olduğu “TƏBİB”Ə yazılı müraciət etməsinə baxmayaraq, maliyyə vəsaiti çatışmazlığına görə həmin məsələlərə baxılması 2024-cü ilə saxlanılmışdır. Yəni tabe olduğu qurum vəsait çatışmazlığını əsas gətirərək Mərkəzə tibb bacısı ştatı açmaqdan imtina edib. 

Habelə, 2023-cü ilin iyun ayında Yenidoğulmuşların intensiv terapiya bölməsinin yanğın hadisəsi baş verən otağının təmiri bir ay müddətində yekunlaşsa da, Mərkəzin inzibati binasının yanğın təhlükəsizlik sistemi zəruri qaydalarım tələblərinə uyğun olmadığına görə Fövqəladə Hallar Nazirliyi tərəfindən binada fəaliyyətin davam etdirilməsinə icazə verilməmiş və həmin nöqsanın aradan qaldırılmasından ötrü “Respublika Perinatal Mərkəzi"nin tabe olduğu “TƏBİB”i məlumatlandırılmışdır. Lakin maliyyə çatışmazlığı səbəbindən hadisədən sonrakı ötən zaman ərzində “TƏBİB”in tabeliyindəki “Respublika Perinatal Mərkəz”inin yerləşdiyi inzibati binada yanğın təhlükəsizlik sistemini qaydalara uyğun təşkil edə bilməmiş və ümumiyyətlə direktoru olduğu Mərkəz “TƏBİB” və İcbari tibbi sığorta üzrə Dövlət Agentliyi tərəfindən maliyyələşdirilərək, 2023-cü ilin büdcəsi ondan əvvəl, yəni 2022-ci ilin payız aylarında Məryəm Rzayevanın direktor vəzifəsini icra etdiyi dövrdə təsdiq olunduğuna görə onun 2023-cü il üçün nəzərdə tutulan büdcə vəsaiti hesabına əlavə maliyyə məsrəfi tələb edən hər hansı bir yeni təklif vermək imkanı olmamışdır. Belə olan halda isə qısa müddətlik direktorluğu dövründə kifayət qədər müstəqil büdcə vəsaiti olmayan Mərkəzin yanğın təhlükəsizlik sisitemini təmir etdirməsi imkanları xaricinə çıxdığından, həmin xüsusat müəssisənin məhz onun təqsiri ucbatından fəaliyyətini uzun müddətə dayandırması faktını istisna etmişdir. 

Qeyd edək ki, Cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Leyla Əsgərova-Məmmədovanın icraatına verilib.

Xatırladaq ki, 2024-cü il yanvarın 9-da gecə saatlarında Bakının Xətai rayonunda yerləşən “Respublika Perinatal Mərkəzi”ndə yanğın baş verib. Hadisə nəticəsində 4 nəfər yeni doğulmuş körpə inkubator küvezlərində dünyasını dəyişib, 3 nəfər tüstüdən zəhərlənmə səbəbilə hospitalizasiya olunub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin