Məktəb bufetlərində hansı qidalar SATILMALIDIR? – AÇIQLAMA

Hazırda oxunan: Məktəb bufetlərində hansı qidalar SATILMALIDIR? – AÇIQLAMA

210895

Yeni tədris ilinin başlanmasına 1 həftədən az vaxt qalıb. Günlərinin böyük hissəsini məktəblərdə, universitetlərdə keçirən şagird və tələbələr çox zaman gündə iki dəfə burada yemək yeyirlər. Buna görə də onların düzgün, balanslı, sağlam şəkildə qidalanmaları çox vacibdir. Nəzərə də alsaq ki, bir çox tələbə, şagird yeməyini məhz təhsil müəssisəsinin bufetindən alır, buna görə də bufetlərdəki qidaların tərkibi, keyfiyyəti önəmli məsələdir.

Bizim.Media bufetlərdəki yeməklərin tərkibinin, qidaların arasında balansın necə olmalı olduğunu araşdırıb.

 

MÖVZU İLƏ BAĞLI:

Açıq bazara çevrilən MƏKTƏB BUFETLƏRİ – Acınacaqlı duruma niyə nəzarət edilmir?


Məsələylə bağlı danışan qida eksperti Asim Vəliyev təəssüflə qeyd edib ki, bir çox təhsil müəssisələrinin bufetlərində təklif edilən qidalar sağlam deyil və şagirdlərin tələbələrin ehtiyacı olan qida maddələrini tam təmin edə bilmir.

O,  bufetlərdəki qidaların tərkibinə də toxunub:

“Bufetlərdə ən çox satılan qidalar arasında fast food qidalar, xüsusilə, hamburgerlər, pizza, qızardılmış yeməklər, kartof fri və s kimi yüksək kalorili, lakin qida dəyəri aşağı olan qidalar üstünlük təşkil edir.

Bu cür qidalarda doymuş yağ, şəkər və duz miqdarı yüksəkdir. Uzun müddətli istehlak edildikdə müxtəlif sağlamlıq problemlərinə səbəb ola bilir. Alternativ olaraq bəzi bufetlərdə salatlar, sulu yeməklər və təzə meyvə kimi sağlam qidalar da təqdim olunur. Amma onların keyfiyyəti təmizliyi və qida dəyəri də şübhə doğuran məqamlardır”.

İstifadə edilən məhsullarda nəyə diqqət edilməlidir?

Ekspertin sözlərinə görə bufetlərdə sağlam və balanslı qidalanmanı təmin etmək üçün daha çox təzə və keyfiyyətli məhsullara üstünlük vermək vacibdir:

“Məsələn, təzə salatlar, tərəvəz şorbaları və qızardılmamış,  qaynadılmış yeməklər daha yaxşı seçimdir. Bu qidalar orqanizmin ehtiyac duyduğu vitaminlər minerallar və liflə zəngindir.

Satılan salatlara və sulu yeməklərə xüsusilə diqqət etməliyik. Salatların tərkibində təzə tərəvəzlərdən, məsələn, pomidor, xiyar, kahı və s istifadə olunmalıdır. Bura əlavə edilən souslar və ədviyyatlar da sağlam olmalıdır. Əks halda, yüksək yağ və duz tərkibli souslar salatın qida dəyərini aşağı salır. Eyni zamanda, sulu yeməklər təzə və az yağlı olmalı, doyurucu, lakin ağır olmayan qidalardan hazırlanmalıdır. Bu səbəblə tərəvəzli sulu yeməklər və ya qızardılmadan qaynadılmış toyuq əti ilə hazırlanan şorbalar yaxşı seçimdir”. 

Müsahib bufetlərin gigiyenası mövzusuna da toxunub:

“Təəsüf ki, bəzi müəssisələrdə gigiyenik şəraitə kifayət qədər diqqət yetirilmir və bu da qidaların keyfiyyətini aşağı salır. Təmiz və gigiyenik şəraitdə hazırlanan yeməklər hər zaman sağlamlığa daha az ziyan vurur və qida zəhərlənməsi kimi halların qarşısını alır.

Bufetlərdə daha çox sağlam qidaların təqdim olunması şagirdlərin uzunmüddətli sağlamlığına müsbət təsir göstərə bilər. 

Bunun üçün təhsil müəssisələri qida tədarükçüləri və valideynlər birgə çalışmalıdırlar. Gənclər üçün fast food əvəzinə, salatlar, sulu yeməklər və təzə qidalar daha əlverişli və faydalıdır. Belə yeməklərin tərkibində təzə tərəvəzlər, ət, tam taxıllar və təbii ədviyyatlar olmalıdır. Bu yolla təhsil müəssisələrində şagird və tələbələrin sağlamlığını qorumaq mümkündür”. 

Nəzrin Mirzəyeva, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin