"İnteraz" TV ilə bağlı məhkəmə İŞİ: "Maaşlar xarici ölkədən gəlirdi"

Hazırda oxunan: "İnteraz" TV ilə bağlı məhkəmə İŞİ: "Maaşlar xarici ölkədən gəlirdi"

210837

"Salam News" informasiya agentliyi və "İnteraz"ın rəhbəri Mətləb Bağırovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Bizim.Media report.az-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Leyla Əsgərova-Məmmədovanın sədrliyi ilə keçirilən məhkəmə iclasında şahidlər ifadə veriblər.

Prosesdə şahid qismində dindirilən "İnteraz" TV-nin operatoru işləmiş Ramil Həsənov deyib ki, çəkiliş zamanı alınan pulları şirkətə gətirib:

"Pullar arasında xarici valyuta da var idi. O pullarla əməkhaqqılar verilirdi".

Televiziyada mühasib işləmiş Sürəyya Məmmədova qeyd edib ki, işçilərə əməkhaqqının verilmə prosesində yaxından iştirak etməyib. Sonra hakim tərəfindən mühasibin ibtidai istintaqa verdiyi ifadəsi elan olunub:

"İşlədiyim müddətdə kanala kənardan, bildirilməyən mənbədən 171 min və 219 min manat pul daxil olub".

Bundan əlavə "Salam News" informasiya agentliyi və "İnteraz"ın İT mütəxəssisi vəzifəsində çalışan Mircəlal Məmmədov deyib ki, əvvəl 800 manat, daha sonra isə 880 manat maaş alıb.

Maaşının bir qismi rəsmi, qalan hissəsi qeyri-rəsmi verilirmiş.

O, TV-nin rəhbəri Mətləb Bağırovun göstərişi əsasında dostu ilə pul götürməyə getdiyini deyib. Həmin pullar vasitəsilə onların əməkhaqqısı verilirmiş. Sözügedən vəsaitlər dollarla olub.

"Biz o pulları Rəna xanıma verirdik. Sonra pullar manata çevrilərək əməkhaqqılar verilirdi. Maaş çatan zaman ofisdə belə söhbətlər gedirdi ki, maaş pulları xarici ölkədən gəlir", - deyə şahid bildirib.

Məhkəmədə şahid qismində ifadə verən "Salam News" informasiya agentliyində baş redaktor işləmiş Rəna Ələkbərova bildirib ki, maaşları əlbəəl veriblər:

"Əməkhaqqıların niyə əlbəəl verilməsini bilmirdim. Bu, informasiya agentliyinin rəhbərliyinin göstərişi idi".

Qeyd edək ki, "Hacı Mətləb" kimi tanınan Mətləb Bağırov ötən il yanvarın 30-da həbs olunub. Cinayət işi üzrə zərərçəkmiş qismində İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tanınıb.

Ona Cinayət Məcəlləsinin 162-1.1-ci maddəsi (əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən xeyli sayda işçilərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi), 167-3.1-ci maddəsi (dini ekstremist materialları saxlama), 193.2.2-ci maddəsi (xüsusilə külli miqdarda gəlir əldə etməklə yalançı sahibkarlıq), 193-1.3.2-ci maddəsi (cinayət yolu ilə əldə edilmiş xeyli miqdarda pulları leqallaşdırma) və 213 (vergidən yayınma) və digər maddələri ilə ittiham irəli sürülüb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin