Gürcüstan baş naziri İrakli Qaribaşvili Bakının ardından İrəvana rəsmi səfərə yollanıb.
Gürcüstan rəsmisi hər iki səfərində də qonşularla münasibətdə sabitliyin qorunmasının vacibliyini vurğulayıb. Buna görə də baş nazirin hər iki ölkəyə ardıcıl səfəri heç də təsdüfi deyil. Lakin Bakı səfərindən fərqli olaraq İrəvan səfərində daha fərqli məqamlar mövcuddur.
İrəvan səfərində nəqliyyat əlaqələri tərəflər arasında əsas müzakirə mövzusu olub. Zəngəzur dəhlizinin açılmasının bölgənin nəqliyyat əlaqələrində mühüm dəyişikliklərə səbəb olacağını yaxşı başa düşən Gürcüstan öz logistik əhəmiyyətini qorumaq üçün yeni addımlar atmaq niyyətindədir.
Mütəxəsislər Qaribaşvilinin səfərinin ən vacib zamanda baş verdiyini düşünürlər.
Bunun əsas səbəbi isə Gürcüstan baş nazirinin səfərinin Ermənistanda keçiriləcək seçkilərdən öncə baş verməsidir. Çünki Ermənistanda kimin hakimiyyətə gələcəyi qarşılıqlı münasibətlərə birbaşa təsir göstərəcək. Paşinyanın seçkilərdə əsas rəqibləri olan revanşist qüvvələrdən fərqli olaraq danışıqlara daha yatqın xarakterdə olması Qaribaşvilini tələsməyə vadar edib.
Baş nazirin səfərlərinin əsas səbəbi isə bölgədə vəziyyətin dəyişməsinin ardından yeni logistika əlaqələrin qurulmasıdır.
Ermənistan rəsmiləri ilə görüş zamanı əsas müzakirə olunan məsələlərdən biri də, ölkələr arasında fəaliyyəti bloklanmış nəqliyyat qovşaqlarından istifadənin bərpa olunmasıdır. Bununla da, İran-Qara dəniz marşrutu üzrə yeni dəhliz yaranacaq və Asiya ilə Avropa arasında nəqliyyat əlaqələri şaxələnmiş olacaq. Zəngəzur dəhlizinin açılması ilə logistik imkanları məhdudlaşacaq Gürcüstan üçün yeni dəhliz bir növ kompensasiya rolunu oynayacaq. Bu səbəbdən də Azərbaycanı Naxçıvana birləşdirən nəqliyyat infrastrukturunun yaradılması prosesi başa çatana qədər Gürcüstan öz layihəsini həyata keçirməyi hədəfləyir.
Lakin Gürcüstan tərəfinin məqsədinə nail olub-olmayacağı hələlik sual altındadır. Layihənin önündə duran əsas maneə isə Gürcüstanın düşmən münasibət bəslədiyi Rusiyadan icazəsiz Ermənistanın heç bir addım atmayacağıdır. Bu səbəbdən də yeni proyektin rəsmi Moskvanın maraqlarına cavab verməsi əsas şərtdir.
Xatırladaq ki, Gürcüstan baş nazirinin mayın 5-də Bakıya rəsmi səfəri baş tutub. Bölgədəki vəziyyət və iki ölkə arasında münasibətlərin gələcəyi Azərbaycan rəsmiləri ilə görüş zamanı əsas müzakirə mövzusu olub.
Azərbaycan səfərindən bir həftə sonra-mayın 12-də isə İrakli Qaribaşvili Ermənistana rəsmi səfərə yollanıb.
Murad Əhmədov, Bizim.Media
- A-
- A
- A+
Region
09:15 / 14.05.2021
Gürcüstan baş nazirinin qonşu ziyarəti - Qaribaşvili niyə tələsir?
Hazırda oxunan: Gürcüstan baş nazirinin qonşu ziyarəti - Qaribaşvili niyə tələsir?
Hazırda oxunan: Gürcüstan baş nazirinin qonşu ziyarəti - Qaribaşvili niyə tələsir?
21071
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.