General-polkovnik Tofiq Ağahüseynov II Fəxri xiyabanda dəfn edildi - FOTOLAR

Hazırda oxunan: General-polkovnik Tofiq Ağahüseynov II Fəxri xiyabanda dəfn edildi - FOTOLAR

21039

Böyük Vətən Müharibəsi iştirakçısı, istefada olan general-polkovnik Tofiq Yaqub oğlu Ağahüseynov 2-ci Fəxri xiyabanda son mənzilə yola salınıb.

Bizim.Media xəbər verir ki, dəfn mərasimində əsgəri ənənələrə uyğun olaraq dövlət himni səsləndirilib və havaya yayılım atəşi açılıb.

Mərhumun məzarı üzərinə Azərbaycan Respublikasının Prezidenti, Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Respublika Veteranlar şurası adından əklillər qoyulub.

Dəfn mərasimində iştirak edən Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Hərbi məsələlər şöbəsinin müdiri general-polkovnik Məhərrəm Əliyev tabut üzərinə sərilən dövlət bayrağını xatirə saxlamaq üçün mərhumun ailəsinə təqdim edib və dərin hüznlə baş sağlığı verilib.

Qeyd edək ki, T.Ağahüseynov 1923-cü il fevralın 1-də anadan olub. 1941-ci ildə Bakı Zenit Artilleriya Məktəbində il yarım oxuduqdan sonra ona leytenant hərbi rütbəsi verilib və döyüşlərə yollanıb.

Böyük Vətən Müharibəsində 1-ci Belarus cəbhəsində tağım komandiri, əlahiddə zenit artilleriyası divizionu qərargah rəisinin köməkçisi olub, Visla-Oder və Berlin əməliyyatlarında iştirak edib. Müharibə bitdikdən sonra T.Ağahüseynovun qulluq etdiyi diviziya 1946-cı ilin oktyabrına qədər Almaniyada qalıb.

O, 1949-cu ildə Dzerjinski adına Hərbi Akademiyaya, bunun ardınca Hərbi Artilleriya Akademiyasına daxil olub.

1972-ci ildə general-leytenant rütbəsi alıb və 1975-ci ildə Bakı Dairəsi Hava Hücumundan Müdafiə Komandanının birinci müavini təyin edilib. 1980-ci ildə general-polkovnik rütbəsini alan T.Ağahüseynova Bakı Dairəsi Hava Hücumundan Müdafiə Komandanı vəzifəsi həvalə edilib.

O, SSRİ Silahlı Qüvvələrində general-polkovnik rütbəsi alan ilk azərbaycanlı olub.

T.Ağahüseynov 1982-ci ildə Varşava Müqaviləsi dövlətlərinin birləşmiş silahlı qüvvələri baş komandanlığının Çexoslovakiyadakı nümayəndəsi təyin olunub.

Sovet Ordusu sıralarında azad edildikdən sonra T.Ağahüseynov daimi yaşamaq üçün Bakıya qayıdıb. O, üç çağırış Azərbaycan SSR Ali Sovetinin deputatı seçilib.

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 1997-ci il 17 aprel tarixli sərəncamı ilə Tofiq Ağahüseynov prezidentin hərbi məsələlər üzrə köməkçisi təyin olunub.

Müharibə illərində və sonralar dövlətin ali mükafatlarına, orden və medallara layiq görülüb. O, “Qırmızı Bayraq”, “Oktyabr İnqilabı”, “Birinci Dərəcəli Vətən Müharibəsi”, “Qırmızı Ulduz” ordenləri ilə təltif olunub.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 1 fevral 2008-ci il tarixli Sərəncamı ilə Azərbaycanda hərbi qulluqçuluq sahəsində xidmətlərinə görə “Şöhrət” ordeni ilə, 17 yanvar 2013-cü il tarixli Sərəncamı ilə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin formalaşdırılmasında və hərbçi kadrların hazırlanmasında xüsusi xidmətlərinə görə “Azərbaycan Bayrağı” ordeni və 31 yanvar 2018-ci ildə Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu ilə təltif olunub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin