SSRİ Xalq artisti adını almış məşhur soydaşlarımız – SİYAHI

Hazırda oxunan: SSRİ Xalq artisti adını almış məşhur soydaşlarımız – SİYAHI

210273

Düz 88 il əvvəl - 6 sentyabr 1936-cı ildə SSRİ Mərkəzi İcraiyyə Komitəsinin qərarı ilə “SSRİ Xalq artisti” adı təsis olunub. Bu Sovet İttifaqında mədəniyyət xadimlərinə verilən ən yüksək fəxri ad olub. Təbii ki, bu fəxri adı alanlar arasında xeyli soydaşımız da olub. 

Ümumilikdə, 53 il ərzində Azərbaycandan bu ada 30-a yaxın soydaşımız layiq görülüb. 

Bizim.Media SSRİ Xalq artisti adını alan görkəmli azərbaycanlıların siyahısını təqdim edir:

Üzeyir Hacıbəyli


SSRİ Xalq artisti adı alan ilk azərbaycanlı 17 aprel 1938-ci ildə dahi bəstəkar, Dövlət himnimizin müəllifi Üzeyir Hacıbəyli olub. Üzeyir Hacıbəyli Azərbaycan bəstəkarı, musiqişünas-alim, publisist, dramaturq, pedaqoq və ictimai xadim, müasir Azərbaycan peşəkar musiqi sənətinin və milli operasının banisidir.

Bülbül


Ü.Hacıbəyli ilə eyni vaxtda bu ada Azərbaycanın peşəkar vokal sənətinin banisi Bülbül də layiq görülüb. Murtuza Məmmədov (Bülbül) 1897-ci ildə Şuşa yaxınlığında, Xanbağı adlanan yerdə anadan olub. Üzeyir Hacıbəyovun "Leyli və Məcnun" ("İbn-Salam"), "Əsli və Kərəm" ("Kərəm"), Z.Hacıbəyovun "Aşıq Qərib" ("Qərib") operasında oynayıb.

Şövkət Məmmədova


Azərbaycanın ilk peşəkar qadın müğənnisi, opera artisti, teatr xadimi Şövkət Məmmədova 1938-ci ildə bu ada layiq görülüb. Onun ifa etdiyi Rozina ("Sevilya bərbəri" C. Rossini), Lakme ("Lakme" L. Delib), Cilda ("Riqoletto" C. Verdi), Şahsənəm ("Şahsənəm" R. Qlier), Nərgiz ("Nərgiz" M. Maqomayev), Gülçöhrə ("Arşın mal alan" Ü. Hacıbəyov) və digər partiyaları Azərbaycanın opera sənəti tarixində yeni səhifələr açıb.

Qəmər Almaszadə 


Azərbaycan incəsənətinə böyük tövhə verən Qəmər Almaszadə Şərq dünyasının ilk qadın balerinası olaraq bir ilkə imza atıb. Eləcə də o, baletdə qadın profilini yaradıb

Rəşid Behbudov


Azərbaycan ifaçılıq sənətinin görkəmli nümayəndəsi Rəşid Behbudov. O, SSRİ xalq artisti (1959), SSRİ və Azərbaycan SSR Dövlət Mükafatları laureatı, Sosialist Əməyi Qəhrəmanı,Azərbaycan və Dağıstan MSSR-ın xalq artisti, Gürcüstan SSR-ın əməkdar incəsənət xadimi fəxri adlarına layiq görülüb.

Niyazi Tağızadə (maestro Niyazi)


Niyazi Azərbaycan dirijorluq məktəbinin əsasını qoyub. O, Azərbaycan musiqi mədəniyyətinə çox böyük töhfə verən, tanınan və istedadlı dirijor idi. Azərbaycan milli peşəkar dirijorluq məktəbinin formalaşması Niyazinin adı ilə bağlıdır. Niyazinin ən böyük xidməti ondan ibarətdir ki, o həm bəstəkar kimi milli müsiqimizi zənginləşdirib, həm də bir dirijor kimi Ü.Hacıbəyovdan başlayaraq gənc bəstəkarlaradək, onların yaratdıqları əsərlərin meydana çıxması, xalqa çatdırılması, səhnələrdə tamaşaya qoyulması üçün misilsiz işlər görüb.

Fikrət Əmirov 


22 noyabr 1922-ci ildə Gəncədə anadan olan Fikrət Əmirov Azərbaycan Dövlət Opera və Balet Teatrının direktoru (1956–1959), Azərbaycan Dövlət Filarmoniyasının bədii rəhbəri (1947), Azərbaycan  SSR Elmlər Akademiyasının müxbir üzvü (1980-ci ildən), Sosialist Əməyi Qəhrəmanı (1982), SSRİ xalq artisti (1965), Azərbaycan SSR Əməkdar incəsənət xadimi (1955) fəxri adlarına layiq görülüb.

Qara Qarayev 


O, 1978-ci ildə Sosialist Əməyi Qəhrəmanı, 1959-cu ildə SSRİ Xalq artisti, 1959-cu ildə Azərbaycan SSRİ Xalq artisti, SSRİ Ali Sovetinin IV–IX çağırış (1955–1976) deputatı, AMEA-nın akademiki olub.

Adil İsgəndərov


Azərbaycanın görkəmli teatr və və kino rejissoru olan 40 ilə yaxın teatrımızın, ekran sənətimizin inkişafına xidmət etmiş bu fenomenal şəxsiyyət bütün yaradıcı fəaliyyətini milli-mənəvi dəyərlərimizin qorunmasına yönəldib. Adil müəllim bütün ruhu ilə azərbaycanlı idi, o, bu xalqı sevirdi və yaratdıqları da xalqın ruhundan güc alırdı.

Leyla Bədirbəyli


Azərbaycanın bir sıra məşhur filmlərində rol alan, aktrisa Leyla Bədirbəyli Azərbaycan SSR xalq artisti (1959), SSRİ (1946) və Azərbaycan SSR (1972) Dövlət Mükafatları laureate fəxri adlarına layiq görülüb

Müslüm Maqomayev


Dünya şöhrətli opera və estrada müğənnisi, dinləyicilərin sevgisini qorumağı bacarmış Müslüm Maqomayev SSRİ "Qırmızı Əmək Bayrağı" və "Xalqlar Dostluğu" ordenləri ilə təltif edilib, SSRİ-nin xalq artisti adını alıb.


Tanınmış bəstəkar 1971-ci ildə "Əməkdə fərqlənməyə" görə medalı, 1972-ci ildə Azərbaycan SSR-in əməkdar artisti, 1971-1973-cü illərdə Lenin komsomolu mükafatı, 1978-ci ildə Azərbaycan SSR xalq artisti, 1983-1985-ci illərdə Dövlət Mükafatı, 1990-cı ildə SSRİ xalq artisti, 1997-ci ildə Şöhrət ordeninə, 2000-ci ildə Fransanın "Şevalye" Dövlət mükafatı və başqa mükafatlara layiq görülüb

Zeynəb Xanlarova 


Azərbaycan dünya şöhrətli müğənnisi Zeynəb Xanlarova 1961-ci ildən Opera və Balet Teatrının solisti kimi fəaliyyətə başlayıb. Ü.Hacıbəyovun “Leyli və Məcnun”, “Əsli və Kərəm” operalarında Leyli və Əsli obrazlarını yaradıb. Xalq artistinin repertuarında muğamlar, təsnif və Azərbaycan xalq mahnıları, bəstəkar mahnıları, şərq xalqlarının mahnıları geniş yer tutur.

Fidan Qasımova


Azərbaycanın (1983), SSRİ-nin (1988) xalq artisti fəxri adlarına layiq görülən, Azərbaycan Dövlət Mükafatı laureatı (1984) olan Fidan Qasımova 1990-cı ildən Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının, 1992-ci ildən Türkiyənin İstanbul Dövlət Konservatoriyasının professorudur. Heydər Əliyev tərəfindən “Şöhrət” (1997) ordeninə, prezident İlham Əliyevin sərəncamı ilə “Şərəf” ordeninə (2010) layiq görülüb.

Arif Məlikov


Azərbaycan bəstəkarı və rəssamı Arif Məlikov çoxlarından fərqli olaraq şöhrətə gedən yolu çox gənc yaşlarından fəth edib. 26 yaşında yazdığı “Məhəbbət əfsanəsi” ilə milyonların məhəbbətini qazanıb.

Rauf Hacıyev 


Azərbaycan bəstəkarı və dövlət xadimi Rauf Hacıyev Azərbaycan SSR mədəniyyət naziri (1965–1971) olub. Azərbaycan SSR Xalq artisti(1964), SSRİ Xalq artisti (1978) fəxri adlarına layiq görülüb.

Mehdi Məmmədov 


Azərbaycan teatr rejisoru, aktyoru və pedaqoqu, sənətşünaslıq doktoru Mehdi Məmmədov SSRİ Xalq artisti (1974), Azərbaycan SSR xalq artisti (1958), Azərbaycan SSR Dövlət mükafatı laureatı (1984) fəxri adlarını alıb.

İsmayıl Dağıstanlı


Teatr və kino aktyoru İsmayıl Dağıstanlı (Hacıyev) SSRİ Xalq artisti(1974), Azərbaycan SSR xalq artisti (1949) fəxri adlarını alıb.

İsmayıl Osmanlı


Teatr və kino aktyoru İsmayıl Osmanlı "Azərbaycanfilm"in istehsal etdiyi "Kəndlilər" (Daxili işlər naziri), "Bir məhəlləli iki oğlan" (Mahmud), "O olmasın, bu olsun" (Rza bəy), "Əsl dost" (Usta Şirəli), "Yenilməz batalyon" (Yusif), "Mən ki gözəl deyildim" (Poçt müdiri), "26-lar" (Şahbazov), "Ulduzlar sonmür" (Hacı Zeynalabdin Tağıyev), "Nəsimi" (Nəimi), "Yeddi oğul istərəm" (Kələntər) və sair filmlərdə çəkilib. İsmayıl Osmanlı 4 may 1940-cı ildə Azərbaycan SSR-nin əməkdar artisti, 21 iyul 1949-cu ildə xalq artisti, 1 avqust 1974-cü ildə SSRİ xalq artisti fəxri adları ilə təltif olunub.

Soltan Hacıbəyov


Azərbaycan bəstəkarı, dirijor, pedaqoq, professor (1964), SSRİ Xalq artisti (1973) adını almış Soltan Hacıbəyov Azərbaycan Dövlət Filarmoniyasının bədii rəhbəri (1948–1956) və direktoru (1955–1962), Azərbaycan Bəstəkarlar İttifaqının katibi (1953–1968) və Azərbaycan Dövlət Konservatoriyasının rektoru (1969–1974) vəzifələrində çalışıb.

Leyla Vəkilova


Azərbaycan milli balet sənətinin əfsanəvi və klassik dühalarından biri, Azərbaycan SSR Xalq Artisti, SSRİ Xalq artisti, xoreoqraf, professor, Azərbaycan Dövlət Rəqs Ansamblının bədii rəhbəri (1976–1982), Bakı Xoreoqrafiya Məktəbinin bədii rəhbəri olmuş Leyla Vəkilova ilk dəfə klassik dünyəvi balet elementləri ilə milli rəqslərimizin hərəkət zəifliyini hünərvər ustalıqla birləşdirə və onu öz ifasının estetik hüsnünə çevirə bilib.

Firəngiz Əhmədova


Azərbaycan SSR Xalq artisti, SSRİ Xalq artisti (1967) fəxri adlarını qazanan müğənni müxtəlif kamera əsərlərinin və romansların bənzərsiz ifaçısı kimi də tanınıb. O, Üzeyir Hacıbəylinin "Sənsiz", Asəf Zeynallının "Ölkəm", Niyazinin "Arzu", Əşrəf Abbasovun "Heyran olmuşam", Ağabacı Rzayevanın "Oxu, gözəl", eləcə də P.Çaykovski, S.Raxmaninov, S.Taneyev və digər klassik rus bəstəkarlarının romanslarını və mahnılarını böyük sənətkarlıqla ifa edib.

Hökümə Qurbanova


1938-ci ildən ömrünün sonunadək Azərbaycan Dövlət Dram Teatrında çalışan  aktrisanın ilk rolu “Vaqif” tamaşasında gürcü qızı Tamara olub. Sonralar Gülbahar (N.B.Vəzirovun “Müsibəti-Fəxrəddin”), Şirin (S.Vurğunun “Fərhad və Şirin”), Afaq (M.Hüseynin “Nizami”), Vəfa (R.Rzanın “Vəfa”), İnci (S.Rəhmanın “Xoşbəxtlər”) və başqa rolları oynayıb.

Ələsgər Ələkbərov


Azərbaycan SSR Xalq artisti (1940), SSRİ Xalq artisti (1961),SSRİ Ali Sovetinin VI çağırış deputatı olan Ələsgər Ələkbərov teatrda Maktuf ("Maqbet"), şah Zeyir ("Şahnamə"), Aydın ("Aydın"), Heydərbəy ("1905-ci ildə"), Fərhad ("Fərhad və Şirin") və s. onlarla rol oynayıb. Yaratdığı iki obraz — Vaqif ("Vaqif") və Otello ("Otello") yaradıcılığının zirvəsi hesab olunur. Azərbaycan kinosunda Rüstəm kişi (Böyük dayaq"), Fətəli xan (“Fətəli xan”) kimi yaddaqalan rollarda oynayıb

Sidqi Ruhulla


Görkəmli aktyor və rejissor Sidqi Ruhulla 1931-ci ildə Azərbaycan SSR-nin Əməkdar artisti, 1938-ci ildə Azərbaycan SSR Xalq artisti, 1949-cu ildə SSRİ Xalq artisti adını alıb.

Mirzəağa Əliyev


Yaradıcılığının əsasını realizm, təbii kolorit, emosional cazibədarlıq kimi keyfiyyətlər təşkil edən görkəmli aktyor Mirzağa Əliyev dəfələrlə dövlət tərəfindən yüksək mükafatlarla təltif olunub. 1926-cı ildə Azərbaycan SSR əməkdar, 1933-cü ildə xalq, 1949-cu ildə isə SSRİ xalq artisti fəxri adları ilə təltif olunan görkəmli səhnə ustası iki dəfə (1942, 1948) dövlət mükafatına layıq görülüb və bir çox orden və medallarla təltif edilib.

Lütfiyar İmanov


J.Bizenin “Karmen”ində Xoze, P.Çaykovskinin “Qaratoxmaq qadın”ında German, C.Verdinin “Aida”sında Radames, “Otello”sunda Otello, Ofenbaxın “Hofmanın nağılları”nda Hofman, Ş.Qunonun eyniadlı operasında Faust, “Toska”sında Kavaradossi obrazlarını yaradan Lütfiyar İmanov xarici mətbuatda geniş vokal imkanlarına və səhnə mədəniyyətinə malik sənətkar kimi yüksək qiymətləndirilib. O 1977-ci ildə SSRİ Xalq artisti adına layiq görülüb.

Əjdər İbrahimov


1991-ci ildə ən axırıncı SSRİ Xalq artisti adına layiq görülən azərbaycanlı  kinorejissor, ssenarist, aktyor və pedaqoq Əjdər İbrahimovdur. Azərbaycan kinorejissoru, ssenarist, aktyor və pedaqoq, SSRİ xalq artisti (1991), Azərbaycan SSR xalq artisti (1967), Azərbaycan SSR və Türkmənistan SSR əməkdar incəsənət xadimi fəxri adlarına layiq görülən Əjdər İbrahimov çox sayda filmin baş rejissoru olub.

QEYD: Material Medianın İnkişafı Agentliyinin elan etdiyi müsabiqənin qaydalarının 8-ci Maliyyə yardımının göstərilməsi müddəasının 6.3.8. Azərbaycanın dövlətçilik tarixinin, milli adət-ənənələrinin, elm və mədəniyyətinin təbliği - bəndinə uyğun olaraq hazırlanıb.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin