Sentyabrın 15-dən yeni qatarlar xəttə BURAXILACAQ? – RƏSMİ AÇIQLAMA

Hazırda oxunan: Sentyabrın 15-dən yeni qatarlar xəttə BURAXILACAQ? – RƏSMİ AÇIQLAMA

Sentyabrın ikinci yarısında Bakı Metropolitenində yeni qatarlar xəttə buraxılacaq. İşlər tədris ilinin başlamasına uyğun olaraq aparılır və monitorinqlər əsasında fəaliyyət göstərilir. 65 yeni vaqonun gətirilməsi planlaşdırılır.

209771

Yeni tədris ilinin başlamasına az vaxt qalıb. Tələbələrin və şagirdlərin tətildən qayıtması ilə paytaxtın ictimai nəqliyyatında sıxlıq yaranır. Bu sıxlıq daha çox metroda hiss olunur.

Sentyabrın ikinci yarısından etibarən sərnişin sıxlığının aradan qaldırılması ilə bağlı hansı tədbirlər görülür? Yeni qatarlar xəttə buraxılacaqmı?

“Bakı Metropoliteni” QSC-nin sözçüsü Bəxtiyar Məmmədov Bizim.Media-ya açıqlamasında bildirib ki, payız-qış cədvəli monitorinqlər əsasında müəyyən ediləcək:
 

MÖVZU İLƏ BAĞLI:

Bakı metrosunda COP29 ərəfəsində 10 "Məlumat köşkü" yaradılacaq


“Yeni dərs ili ilə bağlı Bakı Metropolitenində hazırlıqlar davam edir. Monitorinqlərin əsas istiqamətini ali və orta ixtisas tədris müəssisələri əsas olmaqla bütün təhsil müəssisələrinin gündəlik fəaliyyəti, dərs növbələrinin başlanması, bitməsi, hər gün olmaq şərtilə tələbə, müəllim kontingentinin sayının öyrənilməsi təşkil edir. Bundan əlavə, şəhərimizdə olan müəssisələrin, xüsusilə, Bakı Metropoliteni stansiyalarına yaxın ərazidə olan müəssisələrin iş rejimi ilə bağlı müəyyən məlumatlar toplanır. Buna uyğun olaraq metropolitendə yeni payız-qış qrafikinin tətbiqi üzərində işlər tamamlanacaq və yaxın günlərdə elan olunacaq”.

Qurum sözçüsü qeyd edib ki, qatarlar arasında intervalı 2 dəqiqədən aşağı salmaq mümkün deyil:

“Bakı Metropolitenin bəlli texniki imkanları var, qatarların hərəkəti ilə bağlı ən maksimal hərəkət qrafikinin də tətbiq edilməsi mümkündür. Metropoliten yaşıl, qırmızı xətləri eyni müstəvidə kəsişir, “28 May”dan “Həzi Aslanov”a qədər birxətli hərəkət təşkil olunur. Bu səbəbdən “28 May”- “Həzi Aslanov” stansiyaları arasında intervalın 2 dəqiqədən az olması qeyri-mümkündür. Bununla belə bütün stansiyalar üzrə müvafiq digər tənzimləmə mexanizmləri tətbiq olunacaq. 

Metropoliten tədris mövsümü başlayandan sonra da monitorinqləri davam etdirəcək, tədris mövsümünün gedişində bu və digər qərarların verilməsi mümkündür. Xüsusən, günorta saatlarında səhər dərs növbəsi bitib, digər dərs növbəsi başlayan zaman ehtiyat qatarlardan istifadə olunması məsələsinə baxılacaq. Eyni zamanda, səhər saatlarında intervalı qeyd etdiyim səbəbdən aşağı salmaq qeyri-mümkün olsa da, qatarların “Memar Əcəmi”  və “Neftçilər” stansiyasında manevrlik məsələsinə də xüsusi diqqət yetiriləcək”.

“Yeni vaqonlar gətiriləcək”

O, hazırda istifadə edilən qatarların neçəsinin yeni olması, o cümlədən ilin sonunadək nə qədər yeni qatarın gətirilməsi məsələsinə də aydınlıq gətirib:

“Hazırda Bakı Metropolitenində 61 qatar tərkibi var, 3 xəttdə fəaliyyət göstərir. Yeni qatarların alınması istiqamətində müvafiq 3 illik müqavilə imzalanıb, 65 yeni vaqon gətiriləcək. Bu vaqonlardan 35-i və yaxud da 7 qatar bu ilin sonuna qədər Bakıya gətirilərək komplektləşdirmə, daha sonra sazlama, sınaq , tənzimləmə və bir daha sınaq işlərindən sonra xəttə buraxılacaq. Həmin qatarların əsasən yaşıl xətt üzrə, yəni “Həzi Aslanov” – “Dərnəgül” istiqamətində hərərkət etməsi planlaşdırılır”.

Günay Şahmar, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin