“POS-terminal işləmir, karta göndərin” BƏHANƏSİ – Hansı problemlərə SƏBƏB OLUR?

Hazırda oxunan: “POS-terminal işləmir, karta göndərin” BƏHANƏSİ – Hansı problemlərə SƏBƏB OLUR?

Azərbaycanda POS-terminalların quraşdırılması və istifadəsi ilə bağlı mühüm problemlər. Obyekt sahibləri vergidən yayınmaq üçün POS-terminal işləmədiklərini iddia edirlər. Ekspertlərə görə, kartdan karta ödənişlər təhlükəlidir və vergidən yayınma üsuludur.

209648

Azərbaycanda POS-terminalların quraşdırılması və istifadəsi qaydası bir neçə ildir Nazirlər Kabineti tərəfindən təsdiqlənib. Həmçinin, POS-terminalların quraşdırılması məcburi olan obyektlərin siyahısı da hazırlanıb.

Obyektlərin çoxunda POS-terminal quraşdırılsa da, obyekt işçiləri onun işləmədiyini deyib, vətəndaşdan ödənişi ya nağd şəkildə, ya da kartdan karta köçürməklə (C2C əməliyyatı) tələb edirlər. Səbəb də hamıya məlumdur, obyekt sahibi, sahibkar vergidən yayındığı üçün müştəriyə POS-terminalın işləməməsi ilə bağlı müxtəlif bəhanələr uydurur.
 

MÖVZU İLƏ BAĞLI:

Əhaliyə kartdan karta köçürmələrlə bağlı XƏBƏRDARLIQ EDİLDİ – VİDEO  


Nağd pulu olmayan müştəri də məcbur qalıb tanımadığı adamın plastik kartına öz kartından ödəniş edir. Amma kartına müəyyən məbləğ ödədiyi şəxsin nə işlə məşğul olduğunu, həmin karta qanunsuz vəsaitin daxil olub olmamasından xəbərsiz olur.

“Rəsmi kassa qəbzi olmasa...”

Mövzuya münasibət bildirən iqtisadçı ekspert Natiq Cəfərli Bizim.Media-ya danışıb. O bildirib ki, bu vergidən yayınma üsuludur:

“Bu, ciddi problemdir. Bakıda hələ vəziyyət yaxşıdır, regionlarda POS-terminallar, demək olar ki, işləmir. Təkcə super-market, mağazalar deyil, kafe-restoran və otellərdə də işləmədiyini deyib, ödənişin nağd şəkildə və ya kartdan karta köçürülməsini istəyirlər. Təbi ki, bu, vergidən yayınma üsuludur. Çünki rəsmi kassa qəbzi olmasa, həmin əməliyyat qeydiyyata düşmür. Qeydiyyata düşmürsə, ondan vergi hesablanmır. Bu obyektlərin sahibləri az vergi ödəməyə maraqlı olduqlarına görə də nağd ödənişlərə üstünlük verirlər.

Bu, tək Azərbaycanın problemi deyil, inkişaf etmiş Avropa ölkələrində belə özüm dəfələrlə şahid olmuşam, kafe və restoranlarda nağd ödənişdə 5 faiz endirim təklif edirlər”.

Ekspert qeyd edib ki, kartdan karta edilən ödənişlər təhlükəlidir:

“Çünki kart sahibinin kim olduğunu bilmirsiniz, sabah həmin kart sahibinin cinayət əməllərində iştirakı təsdiq olunarsa və məhkəmə qaydasında ona bank əməliyyatlarının kimin tərəfindən edildiyi yoxlanılarsa, sizin də adınız o siyahıda çıxa bilər. Ona görə bu məsələdə ehtiyatlı olmaq lazımdır”.

Günay Şahmar, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin