“44 günlük Vətən müharibəsi ilə ermənilərin xülyaları puç oldu” - ATXƏM sədri Ballıqaya qətliamından DANIŞDI

Hazırda oxunan: “44 günlük Vətən müharibəsi ilə ermənilərin xülyaları puç oldu” - ATXƏM sədri Ballıqaya qətliamından DANIŞDI

208831

Bu gün erməni qəsbkarlarının dinc əhaliyə qarşı törətdikləri, dəhşətli və qanlı cinayət kimi tarixə düşən, qan yaddaşımıza həkk olunan Ballıqaya qətliamından 32 il ötür. Ballıqaya hadisələri yaşadığımız coğrafiyada son 250-300 ildə ermənilərin törətdikləri silsilə qətliamlardan biridir”.

Bizim.Media xəbər verir ki, bu fikirləri Demokrat.az-a açıqlamasında Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzinin (ATXƏM) sədri İlham İsmayılov bildirib.

Onun sözlərinə görə, ötən əsrin 80-ci illərin sonlarında Qərbi Azərbaycanda yaşayan azərbaycanlıların deportasiyasından tutmuş son hadisələrə qədər, bu hadisələrin pikində dayanan Xocalı faciəsnin, ondan əvvəl Qaradağlı, Daşaltı və s. bu kimi hadisələrin əsas səbəbi mülki əhalinin gözünü qorxutmaq və o zamankı Sovet qoşunlarının köməyilə ermənilərin "böyük Ermənistan" xülyalarını reallaşdırmaq üçün belə boşluq olan ərazilərdə kütləvi qətliamlar törətmək idi.

İlham İsmayılov deyib ki, bu qətliamların əsas səbəbi boşluğun yaranması, səriştəsiz rəhbərlik və Azərbaycan Ordusununun o dövrdə güclü və mütəşəkkil olmaması idi:

“Azərbaycan hakimiyyətində olan adamların apardığı Moskva yönlü siyasətinin nəticəsi idi ki, aldanılırdılar və bu hadisələr baş verirdi. Bu hadisələr təkcə Ballıqayada deyil, Azərbaycanın bütün bölgələrində, 1918-ci ildə  hətta ernənilərin yaşadıqları ərazilərdən uzaq olan Qubada, Şamaxıda, Salyanda, Cənubi Azərbaycanda, Türkiyənin ərazisində baş vermişdi. Ermənilər zəhərlənmiş beyinlərindəki "dənizdən dənizə" ideyalarını həyata keçirmək üçün, insanları qorxudaraq bu üsullardan istifadə ediblər. Bu da hansısa bir formada müvəqqəti də olsa, öz nəticəsini verirdi. 1990-cı illərdə 7 rayonumuz və Qarabağ bütünlüklə işğal olundu. 2020-ci ilin sentyabr ayında 44 günlük Vətən müharibəsi savaşında onların xülyaları puç oldu”. 

İlham İsmayılov qeyd edib ki, rəhbərlik etdiyi ATXƏM ictimai birliyi uzun illər Qarabağ münaqişəsini, ermənilərin azərbaycan xalqına qarşı  Şuşada, Qaradağlıda, Xocalıda, Ağdabanda, Ballıqayada, Başlıbeldə və digər bölgələrdə törətdikləri soyqırımlarının dünya ictimaiyyətinə çatdirilmasi istiqamətində Avropanın bir çox siyası şəhərlərində tədbirlər həyata keçirib, yürüşlər, mitinqlər, konfranslar təşkil edib:

“Bu hadisələrin gələcəkdə təkrarlanmaması üçün xalqımızın, Ordumuzun və  Ali Baş Komandanın birliyi 44 günlük Vətən müharibəsi savaşında sübut etdi ki, biz öz gücümüzlə bunları həll edə bilərik və əldə etdiyimiz nailiyyətləri qoruyub saxlamalıyıq”. 

Xatırladaq ki, 1992-ci il avqustun 28-də Goranboy rayonunun Ballıqaya kəndində daha bir amansız cinayət - Ballıqaya qətliamı törədilib.

Nəticədə 24 nəfər azərbaycanlı mülki şəxs amansızlıqla qətlə yetirilib, onların arasında 6 azyaşlı uşaq, o cümlədən 6 aylıq körpə də olub, 3 azyaşlı uşaq isə hər iki valideynini itirib. Öldürülmüş dinc insanların bəzilərinin meyidləri yandırılıb. 
 

Ballıqayada 93 yaşında qoca qadına da aman verilməyib, ümumilikdə öldürülənlərin əksəriyyəti uşaqlar, qadınlar və qocalar olub.  Ballıqaya faciəsi Qaradağlı, Xocalı, Ağdaban, Başlıbeldəki kütləvi qətl və soyqırımlarının davamı olub, 2020-ci idlə Vətən müharibəsi dövründə Gəncədə, Bərdədə dinc əhaliyə qarşı raket hücumları da bu qəbildəndir. Azərbaycan Ordusu Ballıqaya faciəsinin də qisasını alıb. 


Bundan başqa, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev Azərbaycan xalqına qarşı yönəlmiş bu qırğınların heç birinin unudulmayacağı və buna görə Ermənistanın hüquqi müstəvidə də cavab verməyə məhkum ediləcəyini çıxışlarında dəfələrlə qeyd edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin