“Kamil bir palançı olsa da insan, yaxşıdır yarımçıq papaqçılıqdan”.
Hər bir insan işlədiyi peşəni sevməli, tanıtmalı, inkişaf etdirməli və ən əsası o peşənin haqqını verməlidir.
Bizim.Media-nın Aran bürosu bu cür peşəkarlardan biri, əl əməyi ilə əsrarəngiz incəsənət nümunələri yaradan və Göyçayda usta Rəşid kimi tanınan Rəşid Kazımovla həmsöhbət olub. Peşəkar ustanın imza atdığı əsərləri ölkəmizin bir sıra bölgələrində çox maraqla qarşılanır.
Rəşid Kazımov müxtəlif növ taxta materiallarından işləmə üsulu ilə növbənöv məişət əşyaları və suvenirlər hazırlamaqda mahirdir. O, emalatxanasında taxta ustası olmaqla yanaşı, son illər özündə rəsm bacarığını da formalaşdırıb və bu sahədə də dəsti-xəttini yaradıb.
Tarixi şəxsiyyətlərin, Milli Qəhrəman və şəhidlərimizin, tanınmış din xadimlərinin obrazlarına canlandıran usta, övladına baxaraq rəssamlığa həvəsinin yarandığını deyir. Hal-hazırda hərbi xidmətdə olan oğlu da rəssamdır və onlarla tablo müəllifidir.
6 il öncə rəssamlığa başlayan Rəşid Kazımov da xeyli sayda portret hazırlayıb.
Onun gördüyü işin qəribə tərəfi isə odur ki, hazırladığı portretləri qələmlə, mürəkkəblə yox, çox maraqlı bir üsulla ərsəyə gətirir. Belə ki, parça üzərində yanıq izi ilə rəsm canlandıran usta ilk əsərinin Quran ayələri olduğunu deyir. Rəssam yaratdığı əsərlərin bir hissəsini satır, oradan gələn gəlirlə dolanır.
Lakin elə əsərlər olur ki, satmağa qıymadığını, bəzilərini isə hədiyyə etdiyini deyir. Usta deyir ki, insanları ən çox maraqlandıran bu əsərlərin nə qədər vaxta ərsəyə gəldiyidir. Bu sualın cavabına gəlincə, o bildirib ki, əsərlərin işlənmə vaxtı ölçüsündən və tərkibindəki nişanlardan asılıdır. Əsərlərin ölçüsündən asılı olaraq 1 həftədən bir neçə aya qədər çəkə bilir.
Hazırda usta böyük bir faytonun üzərində işləyir və sonlandırmaq mərhələsindədir.
Məqsədi isə Göyçay rayonunda təşkil olunan Nar bayramında bu faytonu rayona gələn yerli və xarici qonaqlara nümayiş etdirmək və sahib olduğu peşənin dahada geniş miqyasda tanınmağını göstərməkdir. Qeyd edək ki, usta Rəşidin ən böyük arzusu sənətini yaşatmaqdır. O, deyir ki, sənət ölkəmizdə demək olar ki, unudulmaq üzrədir. Bu sənət Rusiyada, Ukraynada və Asiya ölkələrində daha çox inkişaf edib, yayılıb.
İndiki zamanda bəzi rəssamlar işləri tez başa gəlsin deyə rəngli şəkilləri işləməyə daha çox meyl göstərirlər. Ona görə də usta bu sahədə bir neçə tələbə yetişdirərək bu sənəti gələcək nəsillərə çatdırmaq niyyətindədir. Bundan başqa Rəşid usta işlədikləri əsərləri bir yerə toplayaraq gələcəkdə bu sənətin geniş miqyasda tanınması məqsədilə böyük bir sərgi təşkil etmək niyyətindədir.
Bizim.Media, Aran bürosu
- A-
- A
- A+
Cəmiyyət
15:30 / 27.08.2024
Taxta parçalarını incəsənət nümunəsinə çevirən göyçaylı rəssamın emalatxanasından REPORTAJ – FOTO
Hazırda oxunan: Taxta parçalarını incəsənət nümunəsinə çevirən göyçaylı rəssamın emalatxanasından REPORTAJ – FOTO
Hazırda oxunan: Taxta parçalarını incəsənət nümunəsinə çevirən göyçaylı rəssamın emalatxanasından REPORTAJ – FOTO
Taxta parçalarını incəsənət nümunəsinə çevirən Göyçaylı rəssam Rəşid Kazımov haqqında reportaj.
208628
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.