Bu sinfin şagirdlərinin hamısı tələbə adını qazanıb - FOTO

Hazırda oxunan: Bu sinfin şagirdlərinin hamısı tələbə adını qazanıb - FOTO

Qax şəhər, şəhid Namiq Allahverdiyev adına 2 nömrəli məktəb-liseyin XI A sinif şagirdləri rayon üzrə rekord nəticə göstərərək 19 şagirdin hamısı yüksək balla ali məktəblərə qəbul olunub. Şagirdlərin uğur hekayəsi və məktəb rəhbərliyinin təşkil etdiyi görkəmli tədbir haqqında ətraflı məlumat.

208278

Qax şəhər, şəhid Namiq Allahverdiyev adına 2 nömrəli məktəb-liseyin XI A sinif şagirdləri rayon üzrə rekord nəticə göstərərək 19 şagirdin hamısı yüksək balla ali məktəblərə qəbul olunub. 

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, onların uğur hekayəsi haqda ətraflı məlumat almaq məqsədi ilə əməkdaşımız sözügedən məktəbdə olub.

Deyə bilərsiz ki, hazırda məktəblər bağlıdır, nə tədris var, nə də dərsə hazırlıq. Əlbəttə elədir.

Lakin bir neçə gün sonra keçmiş məzunların hərəsi bir yerə yəni təhsil dalınca bir universitetə üz tutacaq. Fürsətdən yararlanan məktəb rəhbərliyi keçmiş məzunlarını bu günün isə tələbələrini bir araya yığıb, sonuncu dəfə parta arxasında əyləşdirib.  

Maraqlısı da budur ki, bu uşaqların hamısı ilk gündə harda əyləşibsə 11-ci sinfi başa vuranda elə o partadan ayağa qalxıb.  
 

Məktəb valideyn komitəsi və rəhbərliyinin dəvəti ilə ölkə üzrə yüksək nəticə göstərən 11 A sinfinin sonuncu dəfə bir araya gəlməsinin əsas səbəblərindən biri də onların uğurlu nəticəsini qeyd etmək idi.  


Və beləcə müəllimləri və məktəb rəhbərliyi sinfə daxil olur, hamı birinci gün olduğu kimi ayağa qalxır. Müəllim şagirdlərini salamlayır. 

Bu dəfə müəllim kimdənsə dərs haqda deyil, məzunların uğur hekayəsindən danışır. Məzunları təbrik edir, onalara məsləhət və tövsiyyələrini verirlər.  

Budur artıq hamı sərbəstdir. Tələbələrə yaxınlaşır, fikirləri ilə maraqlanırıq. Keçmiş məzunlar, bu günün tələbələri bildirir ki, onların siniflərində hər zaman bilik və bacarıqlar ətrafında müzakirələr aparılıb. Hər kəs biri-digərinə yardımçı olub. 

Məsələn, Əyyub Ramazanlı Bakı Dövlət Universitetində təhsil alacaq. “Bu gün sinifimizdə olan sevinc, qürur həqiqətən sözlə ifadə edilən deyil. Bu günkü günümüzlə fəxr edirik”-deyə qürurla dillənir. 

Yaxud Fidan Abbaszadə. O, uzun illərdir ki, həkim olmağı qarşısına məqsəd olaraq qoyub və arzusuna çatıb.   

Cəmilə Şirinova isə deyir ki, ölkənin ən qocaman və ilk təhsil ocağı Bakı Dövlət Universitetini seçməyi təsadüf deyil. Çünki ailəsində bu ali məktəbi bitirən daha bir neçə nəfər var. Cəmilə gələcək məzunlara bir məsləhətini də verməyi unutmur.  
 

“Gələcək abituriyentlərə tövsiyyəm odur ki, ixtisas seçərkən öz ürəklərini dinləsinlər, kənar müdaxilələrə yol verməsinlər. Çünki sonradan peşmançılıqlar, ay nə bili, mən bu ixtisası deyil, başqasını istəyirdim kimi söhbətlər yaranır ”- deyə fikrini tamamlayır.   


Öyrənirik ki, hazırda bu məktəbdə 931 şagird təhsil alır. Yeri gəlmişkən, 2 nömrəli məktəb təkcə Qaxda deyil, ölkəmizdə ən tolerant təhsil ocaqlarından biri kimi tanınır. Belə ki, burada üç dildə- Azərbaycan, gürcü və rus dillərində tədris aparılır. Məktəb direktoru Aybəniz Məmmədova bildirir ki, gürcü sektorunu bu il bitirən 8 məzunları da qonşu ölkənin ali məktəblərinə daxil olub. 

Xatırladaq ki, 2 nömrəli məktəb ötən ildən həm də STEAM təhsil sisteminə keçib. Bu təhsil ocağı ötən illərdə ölkənin ən yaxşı təhsil ocağı kimi bir çox naliyyətlərə imza atıb. 














Tural Rasim oğlu, Bizim.Media, Şimal-Qərb bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin