İlham Əliyevdən Lavrovla görüşdə sülhməramlı xatırlatması - Tofiq Zülfüqarovdan ÖZƏL ŞƏRH

Hazırda oxunan: İlham Əliyevdən Lavrovla görüşdə sülhməramlı xatırlatması - Tofiq Zülfüqarovdan ÖZƏL ŞƏRH

20824

“Biz ümid edirik, Rusiya bizim dostumuz, strateji tərəfdaşımız, qonşumuz kimi, sülhməramlıları bu gün Azərbaycan ərazisində olan ölkə kimi bundan sonra da gərginliyin azaldılmasına və erməni tərəfinin daha ayıq yanaşmasının üstünlüyünə şərait yaradacaq”.

Bizim.Media xəbər verir ki, bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrovun başçılıq etdiyi nümayəndə heyətini qəbul edərkən deyib.

Çıxışın “sülhməramlıları bu gün Azərbaycan ərazisində olan ölkə kimi” hissəsini bəzi siyasətçilər Kremlə ünvanlanan mesaj və xatırlatma motivində izah edir. 

Bu səbəbdən Azərbaycanın sabiq xarici işlər naziri, politoloq Tofiq Zülfüqarovla əlaqə saxladıq və görüşdəki müzakirələrin mahiyyətinə aydınlıq gətirmək üçün suallarımızı ona ünvanladıq.

Politoloqun sözlərinə görə, bu mövzuda Moskvaya hansısa mesaj verməyə Bakının ehtiyacı yoxdu:

“Çünki BMT təcrübəsini götürsək sülhməramlı əməliyyatı, bu təklifi qəbul edən ölkənin dəvəti ilə həyata keçirilir. Digər tərəfdən missiyanın işi ilə razılaşan ölkənin suverenliyi qorunur və qalır. Sülhməramlı əməliyyatının beynəlxalq qanunlarda təsbit olunmuş vəzifələri bundan ibarətdir. Bu hamıya bəllidir. Hesab edirəm ki, həmin zonanın Azərbaycana aid olduğunu kimlərinsə yadına salmaq yox, Prezidentin bu çıxışında ayrı fikir yer alıb. Ölkə başçısı onların vəzifələrinin nədən ibarət olduğunu göstərib. 
 

Vəzifələri ondan ibarətdir ki, bu, Azərbaycanın ərazisidir və rəsmi olaraq Rusiya tərəfindən də tanınır. İkincisi, onların vəzifəsi bu ərazilərin və orada yaşayan insanların Azərbaycan dövlətinə reinteqrasiyasıdır.


Sülhməramlıların əsas vəzifəsi bundan ibarətdir. Missiya prosesin sülh şəraitinə keçməsi, toqquşmaların olmaması üçün fəaliyyət göstərir. Görüşdə digər vacib fikirlər də var. Xüsusilə onu qeyd eləmək lazımdır ki, bu fikir mübadiləsi cənab Prezidentin Naxçıvanda verdiyi bəyanatlardan sonra aparılıb və bir növ o fikirlərin davamıdır. Naxçıvan bəyanatlarının dünənki fikirlərlə üst-üstə gəlməsi Azərbaycanın mövqeyini tam şəkildə əks etdirir.”

Görüşdən sonra rus sülhməramlılarının məsuliyyət zonasında hadisələr necə cərəyan edəcək? Müəyyən problemlərin və planlaşdırılan işlərin həlli sürətlənəcəkmi?
 

“Azərbaycan ictimaiyyətinin narazılığı sülhməramlıların bəzi addımları ilə bağlıdır. Buna görə də missiyanın fəaliyyət istiqaməti daha da dəqiqləşdirilməlidir.  


Təkrar edim ki, sülhməramlılar, Türkiyə və Rusiyanın burada müşahidəçi missiyasının olmasının əsas məqsədi həmin bölgələrin Azərbaycan dövlətinə reinteqrasiyasıdır. Sülhməramlıların fəaliyyəti də sırf bu xətt üzrə olmalıdır. Düşünürəm ki, bunların vəzifələrini və Bakının istədiklərini daha dəqiq göstərmək üçün dünənki görüş vacib idi”. 

Anar Rəhimov, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin