Tərs asılmış, solmuş Dövlət ATRİBUTU – Bayrağı harada və necə ASMAQ LAZIMDIR? – ARAŞDIRMA

Hazırda oxunan: Tərs asılmış, solmuş Dövlət ATRİBUTU – Bayrağı harada və necə ASMAQ LAZIMDIR? – ARAŞDIRMA

206954

“Bayraqları bayraq edən üstündəki qandır”

Bu fikir Dövlət bayrağının nə qədər böyük mənəvi dəyərə malik olduğunun göstəricisidir. Ona görə də bayraq hər kəs və hamı üçün müqəddəsdir. Bundan əlavə, bayraq millətin, dövlətin simvolu, milli kimliyidir. Bu səbəbdən də bayraq hər zaman yüksəklərdən asılır, yüksəklərdə dalğalanır. 

Cırılan, solan bayraqlar


Çox təəssüf ki, gündəlik məişətimizdə addımbaşı Azərbaycan bayrağına və yaxud təsvirinə rast gəlirik. Ayrı-ayrı insanlar bayrağı küçədən, evinin eyvanından, həyət qapısından asırlar. Amma bu zaman diqqətsizlik edib, bəzən bayrağı tərsinə asırlar. Yaxud da asılan bayraq baxımsızlıq ucbatından solub, cırılır.  

Bu gün paytaxt və bölgələrdəki küçələrdə kifayət qədər rəngi solmuş və cırılmış bayraqlara rast gəlinir. 


Məzarlıqlarda da Dövlət bayraqlarımıza tez-tez rast gəlirik. Təəssüf ki, bəzən burada da asılan bayraqlara qarşı laqeyd münasibət göstərilir


Bundan əlavə, bəzi ticarət obyektlərinin vitrinləri, giriş qapılarını və pəncərələri, yaxu da avtomobillərin şüşələrini bayrağın rənginə boyayanlar da az deyil. Nəticədə, bayraq qısa zamanda çirklənir, pozulur və ya cırılır. Lakin həmin ticarət obyektlərinin, avtomobillərin sahibləri solmuş, cırılmış bayrağı və yaxud bayraq rəsmini dəyişmək barədə düşünmür. Gərəkdir ki, kimsə ona irad bildirə. Yalnız bundan sonra müvafiq tədbir görülür. 

Təəssüflə deməliyik ki, bu gün bayraq kimlər üçünsə kommersiya marağıdır. Bəzi marketlərə girərkən yerə tökülmüş müxtəlif ölçülü bayraqları da görmək olur. Bu isə nə insanlığa, nə də qanunvericiliyə sığmır.


Daha bir acınacaqlı hal isə işğaldan azad edilmiş ərazilərdə bayraqlara göstərilən laqeyd münasibətdir. Bu ərazilərimizdə son zamanlar uyğun olmayan yerdə və yanlış fomrada asılan, eyni zamanda köhnəlmiş, cırılmış bayraqlarımıza daha çox rast gəlinir. Doğrudur, bir çox hallarda insanlar vətən sevgilərini nümayiş etdimək üçün bayraqları asırlar. Lakin bayrağı doğru formada asıb, təmizliyinə diqqət etmək daha vacibdir. 

Dövlət bayrağı harada və necə asılmalıdır?


Nazirlər Kabinetinin 2005-ci il 25 mart tarixli 55 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası dövlət bayrağının qaldırılması (asılması), endirilməsi, saxlanılması və istehsalı Qaydaları”na əsasən dövlət bayrağı ya bayraq dirəyinin, ya da xüsusi tutqaclara bərkidilən dəstək üzərində qaldırılır və bu zaman bayrağın mavi zolağı dirəyin uc tərəfi istiqamətində olmalıdır.

Bayraq dirəksiz də asıla bilər. Bu halda bayraq şaquli müstəviyə sıx bərkidilərək divara çəkilib uzadılmalı, binanın və ya tikilinin tavanına həmin hissədə yerləşən üfüqi vəziyyətdə mühəndis qurğusuna bərkidilməlidir. Bu halda ayla ulduz sağ tərəfə baxmalıdır.

Bundan əlavə Dövlət bayrağının istifadəsi qaydaları haqqında qanunda qeyd edilir ki, Azərbaycan Respublikasının Dövlət bayrağı bütöv olmalı və solğun görünməməlidir. Dövlət bayrağı elə qaldırılmalıdır ki, onun parçasının aşağı tərəfi yerdən azı üç metr hündürlükdə olsun.

3 rəngli müqəddəs bayrağımızdan istifadənin konkret qaydaları var. Dövlət bayrağı heç də hər yerdə asıla bilməz. Dövlət bayrağının istifadəsi qaydaları haqqında qanunda bu barədə ətraflı şərh verilir. Qanunun tələblərinə görə, hər kəs istədiyi yerdə və formada bayraqdan istifadə edə bilməz.  

Fiziki şəxslərin bayraq qaldırması ilə bağlı isə qanunda müvafiq müddəa açıq şəkildə qeyd olunub:

Dövlət bayrağı yaşayış evlərinin üzərində müvafiq təşkilatların rəhbərlərinin icazəsi ilə və ya fiziki şəxslərin arzusu ilə bayram və matəm günlərində, eyni zamanda hər gün qaldırıla (asıla) bilər.

Bayraqla bağlı qaydaları pozanları hansı cəza gözləyir?

Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 324-cü maddəsinə əsasən Azərbaycan Respublikasının Dövlət bayrağı barədə təhqiredici hərəkətlər iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.

Bu məsələnin hüquqi tərəfidir. Ancaq bayrağımızı təkcə qanunun tələbinə görə yox, həm də mənəvi borcumuz olduğu üçün göz bəbəyi kimi qorumalıyıq. 

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin