Müqavilə olmadan aldığı borcu qaytarmayan şəxslər CƏZALANDIRILIR? – HÜQUQİ İZAH

Hazırda oxunan: Müqavilə olmadan aldığı borcu qaytarmayan şəxslər CƏZALANDIRILIR? – HÜQUQİ İZAH

206823

Çox vaxt kiməsə etibar edib borc verənlər sonra öz pullarını geri almaqda çətinlik çəkirlər. Çünki qarşı tərəf bu güvəndən sui-istifadə edərək, borc aldığı vəsaiti qaytarmır. Borc verən tərəf isə əlində heç bir sənəd-sübut olmadığına görə çətin vəziyyətə düşür və hara necə müraciət edəcəyini bilmir.

Sənəd üzərində sübutu olmadıqda borcu qaytarmayan şəxs cəzalandırılırmı?
 

MÖVZU İLƏ BAĞLI:

Evlilik zamanı götürülən kreditin borcunu boşanandan sonra KİM ÖDƏMƏLİDİR? – HÜQUQİ İZAH 


Hüquqşünas Turan Abdullazadə Bizim.Media-ya bildirib ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1. maddəsinə əsasən dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə— min manatdan iki min manatadək miqdarda cərimə və ya üç yüz altmış saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır: 

“Qanunvericiliyin mənasına əsasən aldatmanın məzmunu çox hallarda yalan vədlər təşkil edir. Həmin vədlərin köməyi ilə dələduz əmlakı ələ keçirmək məqsədilə zərərçəkmişi öz həqiqi niyyətləri barədə aldadır. 

Dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair) başa  düşülür. 

Oğurluqdan, soyğunçuluqdan və quldurluqdan fərqli olaraq dələduzluğun törədilməsi zamanı təqsirkar zərərçəkmişin əmlakını onun iradəsinə zidd olaraq hər hansı yolla (gizli şəkildə, zor tətbiq etməklə və zor tətbiq etmə hədəsi ilə) ələ keçirmir, həmin əmlak aldadılması və ya etibarından sui-istifadə edilməsi nəticəsində zərər çəkmiş şəxsin özü tərəfindən könüllü olaraq təqsirkara verilir”. 

“Belə faktları sübut etmək asan məsələ deyil”

Hüquqşünas qeyd edib ki, tərəflər arasında müqavilə varsa,  burada cinayət tərkibi olmadığı üçün bir tərəf qarşı tərəfə verdiyi pula görə məhkəmədə pul tələbinə dair iddia qaldıra bilər:

“Mülki münasibətlərdən irəli gələn (məsələn, qanuna müvafiq olaraq bağlanmış borc, kredit, icarə və sair müqavilələr üzrə) öhdəliklərin yerinə yetirilməməsi yalnız o halda dələduzluq kimi qiymətləndirilə bilər ki, şəxsin həmin müqavilələri bağlamazdan əvvəl özgənin əmlakını və ya əmlaka olan hüququnu əvəzsiz olaraq ələ keçirmək niyyətində olması müəyyən edilmiş olsun. 

Əgər tərəflər arasında müqavilə yoxdursa və etibardan sui-istifadə faktı öz təsdiqini tapırsa dələduzluq edən şəxs məsuliyyətə cəlb oluna bilər. Lakin bunu sübut etmək və şəxsi dələduzluğa görə cinayət məsuliyyətinə cəlb etmək elə də asan məsələ deyil. Bunun üçün təkzibedilməz dəlillər olmalıdır”.

Nuranə Daxilqızı, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin