Ərzaq bazarında “cib yandıran” QİYMƏTLƏR – “Antiinhisar Xidməti isə yalnız varlığını qoruyur”

Hazırda oxunan: Ərzaq bazarında “cib yandıran” QİYMƏTLƏR – “Antiinhisar Xidməti isə yalnız varlığını qoruyur”

20534

İlin əvvəlindən yanacağın, suyun qiymətinin artırılması növbəti aylarda qiymətlərin bahalaşmasına səbəb olub. Azərbaycan bazarında hissolunacaq dərəcədə bahalaşma var və bu proses davam etməkdədir.

Xüsusilə ərzaq məhsullarının qiymətində ciddi artım müşahidə olunur. Son 11 ayla müqayisədə qiymətlər ən yüksək həddə çatıb. Belə ki, ərzaq məhsullarının qiymətləri indeksi aprel ayında daha 1,7 faiz yüksələrək 120,9 bəndə çatıb ki, bu da 2014-cü ilin may ayından bəri ən yüksək həddir.

FAO-nun (Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı) mətbuata açıqlamasına görə, bu artımı şərtləndirən başlıca amillər ay ərzində dənli bitkilər indeksinin 1,2 faiz artaraq 125,1 bəndə, şəkərin 3,9 faiz artaraq 100 bəndə, bitki yağının 1,8 faiz artaraq 162 bəndə, ağartı məhsullarının 1,2 faiz artaraq 118,9 bəndə, ətin indeksinin 1,7 faiz artaraq 101,8 bəndədək yüksəlməsidir.
 

MÖVZU İLƏ BAĞLI:

Azərbaycanda bahalaşmanı necə dayandırmaq olar? - Tarif Şurası təklifləri öyrənmədən qərar verir


Hansı ki, dənli bitkilərin qiymətləri ötən ilin müvafiq dövrünə nisbətən 25,6 bənd, yəni 26 faiz, ağartı məhsullarında isə müvafiq olaraq 24,1 faiz artıq olub. Bir sözlə yumurta və xiyardan başqa bütün ərzaq məhsulları içərisində bahalaşma var.

Nümunə üçün deyək ki, Final markalı bitki yağının 1 litri 5 ay əvvəl 2 manat 70 qəpiyə satılırdısa, hazırda həmin məhsulun qiyməti 5 manat 47 qəpiyə təklif olunur. 5 ay ərzində artımın yüksək həddə çatması istehlakçıları ciddi narahat etməyə başlayıb.

İstənilən halda müştəri ucuz qiymətə yönəlir. Az əməkhaqqı alan zümrənin “cib”i bahalı məhsullara yetmir. İqtisadiyyat Nazirliyi və Nazirlik yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti isə bahalaşmaya nə nəzarət, nə də müdaxilə edə bilir.

Bəs, qiymət artımına necə “dur” deyək?

İqtisadçı-ekspert Akif Nəsirli Bizim.Media-ya açıqlamasında bahalaşmanın birinci səbəbini dünya bazarında qiymətlərin artmımı ilə əlaqələndirib, O, deyib ki, dünya bazarında qiymətlərin bahalaşması prosesi gedir və idxaldan asılı olan Azərbaycanda da ərzaq məhsulları bu səbəbdən bahalaşır.

Dövlət bazar iqtisadiyyatı şəraitində özünün nəzarət etdiyi qiymətləri tənzimləyə bilir. Yəni, hökumət yalnız Tarif Şurasının tənzimlədiyi qiymətləri dəyişə bilər, digər qiymətlərə birbaşa təsir etməməlidir. Sadəcə olaraq öz təşəbbüsü və xətti ilə ərzaq bolluğu yarada bilər ki, bu da bazar iqtisadiyyatına uyğun məsələ deyil”.

Bazar qiymətləri necə tənzimlənir və biz bu tənzimləmədən niyə bəhrələnə bilmirik?

Bu məsələyə də münasibət bildirən ekspert bazarlarda qiymətin aşağı düşməsinə yalnız açıq rəqabət mühitinin təsir edə biləcəyini söyləyib:

“Xidmətlərin qiymətləri inzibati amillik sistemində birbaşa dövlət tərəfindən tənzimlənir. Amma bazar iqtisadiyyatı modelini tətbiq etmiş ölkələrin hamısında əsas qayə rəqabət mühitidir.
 

Ölkədə rəqabət formalaşmalıdır, monopoliya aradan qaldırılmalıdır. Bu zaman qiymətlər bazarda öz-özünə tənzimlənəcək. Bu gün bazar iqtisadiyyatı modelini tətbiq edən ölkələrdə monopoliya mümkün qədər sıxışdırılır və rəqabət mühiti gücləndirilir.


Sahibkarların bir-biri ilə istənilən sahədəki amansız rəqabəti qiymətin bahalaşmasına imkan vermir. Qiyməti bahalaşdıranda müştəri gəlib məndən almır, rəqibimdən alır. Mən də məcbur olub qiyməti aşağı salıram. Yaxud məhsulun maya dəyərini azaltmaq üçün keyfiyyəti aşağı salanda, rəqibim qazanacaq. Bu məsələdə rəqib yox, rəqiblər olmalıdır”.

Ekspert onu da əlavə edib ki, Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti qiymətə nəzarət etməməlidir, bu qurum yalnız inhisarçılığa qarşı mübarizə aparmalıdır:

“Amma Dövlət Xidməti bu gün inhisarçılılıqla mübarizə aparmaq gücündə də deyil. Bu baxımdan onlar öz varlıqlarını təsdiq etməkdən ötrü arada bir reydlər keçirirlər. Sanki süni qiymət məsələsi ilə bağlı addım atırlar.
 

Bununla da gündəmdə varlıqlarını sübut etməyə çalışırlar. Bazar iqtisadiyyatında isə süni qiymət artımı ola bilməz. Qiymət, ümumiyyətlə nəzarətsiz buraxılır. Sadəcə olaraq rəqabət o qiyməti tənzimləyir. Həm qiyməti formalaşdırır, həm də keyfiyyəti aşağı salır.


Belə şəraitdə isə udan istehlakçı olur. Çox təssüf ki, Azərbaycanda rəqabət mühiti olmadığına görə istehlakçıların uduşu da olmur”.

Alçina Amiqlızı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin