Gürcüstanda “qalmaqallı” qanun bu gündən qüvvəyə mindi

Hazırda oxunan: Gürcüstanda “qalmaqallı” qanun bu gündən qüvvəyə mindi

204557

Bu gündən Gürcüstanda “Xarici təsirin şəffaflığı haqqında” Qanun qüvvəyə minib. 

Bizim.Media yerli KİV-ə istinadən xəbər verir ki, sözügedən qanun qeyri-hökumət təşkilatlarını və medianı xarici dövlətin maraqlarını qoruyan təşkilatlar kimi Milli Dövlət Reyestri Agentliyində qeydiyyatdan keçirməyə məcbur edir. 

Gəlirlərinin 20%-dən çoxu xaricdən gələn bütün təşkilatlar üçün reyestrdə qeydiyyat məcburidir. Qanuna görə, qeydiyyatdan keçmiş ildə əldə edilən hər hansı pulun və əmlakın dəyərinin mənbəyi, məbləği və təyinatı haqqında məlumat daxil edilməlidir. 

Parlamentin qəbul etdiyi “Xarici dövlətin maraqlarını qoruyan təşkilatın müəyyən edilməsi haqqında” qanun Ədliyyə Nazirliyinə istənilən vaxt bu məsələ ilə bağlı araşdırma aparmaq və araşdırma-monitorinq etmək səlahiyyəti verir. 

“Xarici dövlətin maraqlarını qoruyan” təşkilat kimi qeydiyyatdan yayınma və ya bəyannamənin doldurulmaması 25 min lari məbləğində cərimə ilə nəticələnir. 

Qeyri-hökumət sektorunun, medianın və müxalifətin tənqidlərinə baxmayaraq, mübahisəli qanun Gürcüstan parlamentinin əksəriyyəti tərəfindən qəbul edilib. 

Əksər hüquqşünasların fikrincə, qanun Rusiya qanunvericiliyindən kopyalanıb. 

“Gürcü arzusu” qanunu ləğv etməkdən imtina etdiyinə görə Aİ və ABŞ artıq Gürcüstanla münasibətlərə qismən yenidən baxıb: ölkəyə çoxmilyonluq yardım paketləri dayandırılıb, hərbi təlimlər ləğv edilib, müəyyən sanksiyalar tətbiq edilib. 

Gürcüstan hökuməti  isə qanunun məqsədinin ölkədə QHT-lərin qeyri-şəffaf maliyyələşməsinin qarşısını almaq məqsədi daşıdığını bəyan edir. 

Xatırladaq ki, bu ilin mayın 14-də Gürcüstan parlamenti “Xarici təsirin şəffaflığı haqqında” Qanunu üçüncü oxunuşda qəbul edib. 

Qanun layihəsinin parlamentdə müzakirəyə çıxarılması ölkədə kütləvi etiraz aksiyalarına və etirazçılarla polis arasında qarşıdurmalara səbəb olub. Gürcüstan Prezidenti Salome Zurabişvili bu qanuna veto qoyub. Mayın 28-də isə Gürcüstan parlamenti Zurabişvilinin qanuna veto qoymasını səs çoxluğu ilə ləğv edib. 

Gürcüstan parlamentinin spikeri Şalva Papuaşvili isə iyunun 3-ü qanunu ölkə Prezidentinin əvəzinə özü imzalayıb. 

Qeyd edək ki, Gürcüstan müxalifəti və QHT-lər bu qanunu "rus qanunu" adlandırırlar.  

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin