Hacı İbrahimin layihəsi satışa çıxarıldı - “Xəzər adaları”nda təmir işləri bərpa olunur

Hazırda oxunan: Hacı İbrahimin layihəsi satışa çıxarıldı - “Xəzər adaları”nda təmir işləri bərpa olunur

20407

İş adamı Hacı İbrahim Nehrəmlinin rəhbəri olduğu "Avesta" şirkəti tərəfindən tikintisinə başlanan, adı bank qalmaqallarında səslənən “Xəzər Adaları” kompleksinin inşası davam etdiriləcək. İndi bu kompleksin inşasının kim tərəfindən aparılacağı maraq doğurur.

Xatırladaq ki, Xəzər dənizində, Bakıdan 25 km cənubda yerləşən, 41 adadan ibarət, 3000 hektar sahəni əhatə edən süni arxipelaq şəhər olaraq nəzərdə tutulan layiihə ilə bağlı tikinti işlərinə 2011-ci ildə başlanılıb.

Layihənin dəyərinin 100 mlrd. dollar təşkil etdiyi açıqlanıb. 1 milyon əhalinin yaşaması nəzərdə tutulan 150 məktəb, 50 xəstəxana, bir neçə park, ticarət, mədəniyyət mərkəzləri, institut kampusları, Formula-1 trası və  dünyanın ən hündür binası olacaq “Azerbaijan Tower”-in tikintisi nəzərdə tutulurdu.

Əvvəllər  layihənin 2020-2025-ci illərdə başa çatması gözlənilirdi. Lakin 2015-ci ildə Beynəlxalq Bankın İdarə heyyətinin keçmiş sədri Cahangir Hacıyevin mənimsəmələri ilə bağlı faktlar üzə çıxan zaman layihə dayandırıldı. Hacı İbrahim Nehrəmlinin bankdan 850 milyon manat kredit götürərək qaytarmadığı bildirilirdi. “Xəzər adaları” isə kredit müqaviləsində girov olaraq qoyulmuşdu. 

2019-cu ildə gözləntilər özünü doğrultdu və layihə müsadirə olundu. Layihənin adı isə dəyişdirilərək “Yeni şəhər” oldu. Həmin vaxt əvvəllər 750 milyon manat dəyərində qiymətləndirilən layihə 570 milyon manata “düşmüşdü”.

Mətbuata açıqlama verən Hacı İbrahim Nehrəmli isə bildirmişdi ki, kreditin faiz hissəsi tutulmadığından əmlakın qiyməti düşüb:

“Mənə 150 milyonu qaytarmalı idilər. Mən də dedim ki, istəmirəm, dövlətə bağışlayıram. Bütün borclarım bağlandı. İndi mənim bir manat da olsun borcum yoxdur. Nə alacağım var, nə də verəcəyim. Mən bütün kreditlərimi 100 faiz ödəməli oldum". 

Həmin ərəfədə Rusiyanın “RBK” kanalında “Xəzər adaları” layihəsinin 2022-ci ildə başa çatacağı ilə bağlı süjetin verilməsi də maraq doğurdu. 

Yeri gəlmişkən qeyd edək ki, bu yaxınlarda İbrahim Nehrəmli, eləcə də Diaporla İş üzrə Dövlət Komitəsinin sabiq sədri Nazim İbahimovun qardaşı “STS" şirkəti, "Sahil-D Kompani" MMC-nin təsisçisi Sahib İbrahimovla bağlı dələduzluq faktlarına görə cinayət işinin başlandığı açıqlanıb.

Bunun ardınca isə “Xəzər adaları”nin inşasının yenidən davam edəcəyi ilə bağlı xəbər yayılıb.  

Xəbərə görə, “Azərbaycan Sənaye Korporasiyası” ASC Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsinin şimal-şərq hissəsində, Bakı-Salyan şossesinin 27-29-cu kilometrliyində yerləşən “Yeni şəhər” kompleksində müxtəlif adda təmir işlərinin satın alınması ilə əlaqədar elektron tender keçirir. İddiaçılar 31 may 2021-ci il tarixinə qədər tender təkliflərini “Azərbaycan Sənaye Korporasiyası”na təqdim etməlidirlər.

Xatirə Nəsirli, Bizim Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin