Son 3 gündür şimal bölgəsində qeyri-sabit, yağışlı hava şəraiti davam edir. İstirahət mövsümünün ən qızğın dövrü olan iyul ayında havanın belə sürpriz etməsi turistlərin sayını qismən azaltsa da, hələ də bölgəyə səfər edənlər var.
Qusarın dağlıq Ləzə kəndində də hava sərt üzünü göstərir. Gah çiskin yağır, gah duman ətrafı bürüyür, gah da yağış güclənir. Amma kənddə turistlər görünür. Əsasən də xarici ərəb turistlər çoxluq təşkil edir. Əksəriyyəti yağışlı havada ətrafdakı kafelərdə gözləsələr də, havaya rəğmən Ləzə kəndinin məşhur şəlaləsinə qalxmaq istəyənlər də var.
Bizim.Media ilə söhbətləşən turistlər Ləzə kəndinə belə havada gəlməkdən məmnun olduqlarını deyirlər. Bakı sakini Dilbər Zamanzadə hesab edir ki, vətəndaşlarımız xarici ölkələrə istirahət etməyi seçməkdənsə, belə səfalı turizm məkanlarımızı tanıtsalar, daha yaxşı olar.
Müşahidələrimiz zamanı Ləzə kəndinə gələn turistlərin atla gəzintiyə üstünlük verdiklərini də gördük.
Ümumiyyətlə, son günlər havanın dəyişkən olması Quba-Qusar rayonlarında Qəçreş, Xınalıq, Təngəaltı, Şahdağ istiqamətlərində istirahətə gələnlərin sayını yarıbayarı azaldıb.
Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu