Şabran rayonunda 1984-cü il təvəllüdlü Mahir şəxsi münasibətlər zəminində yaranan mübahisə zamanı qonşusu Mahmuda (adlar şərti göstərilib - red.) xəsarət yetirib.
Bizim.Media demokrat.az-a istinadən xəbər verir ki, hadisə Şabran rayonunun kəndlərindən birində baş verib.
Mahir həmkəndlisi Mahmud ilə aralarında şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı yumruqla onun sifət və bədəninin müxtəlif nahiyələrinə vurub.
Hadisəni törədən Mahirin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib.
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Mahir ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib.
O bildirib ki, zərərçəkmiş Mahmud onun divar qonşusudur:
"Mahmud ilə bir qonşu kimi münasibətlərimiz yaxşı olub. Onunla heç bir düşmənçiliyim, ədavətim olmayıb. Hadisə günü saat 22:00-da yaşadığı evə gəldikdən sonra evdə qızım İnarənin istifadəsində olan mobil telefonunu alaraq nəzarət qaydasında baxış keçirdiyim zaman telefonun mesaj bölməsində silinmiş mesajların saxlandığı zibil qutusuna baxdım.
Bu vaxt orada qonşumuz Mahmudun istifadəsində olan mobil nömrədən 2023-cü ilin 16 oktyabr və 24 oktyabr tarixlərində qızımın istifadəsində olan hazırda xatırlamadığım mobil nömrəsinə əxlaqsız sözlər yazmasını aşkar etməyimdən əsəbiləşdim. Bayıra çıxaraq Mahmudu evlərindən səsləyərək çağırdım. Həmin zaman Mahmudun anası Nazilə bayıra çıxdı. Nazilədən Mahmudu çağırmasını istədim".
Təqsirləndirilən şəxs qeyd edib ki, daha sonra Nazilə Mahmudu çağırıb:
"Mahmud evdən bayıra həyətlərinin giriş qapısının ağzına çıxdı. Mahmuddan kənara gedərək söhbət etməyimizi istəsəm də, Mahmud mənimlə gəlməkdən imtina etdi. Mahmudun mənimlə gəlmək istəmədiyini gördüyüm üçün onun yaxasından tutaraq "sən mənim qızım üçün pozğun deyirsən", - sözlərini dedim. Bu vaxt Mahmuda iki-üç dəfə yumruq zərbələri ilə vurdum.
Həmin zaman Mahmudun anası Nazilə mənim arxa hissədən gödəkçəmdən geriyə dartdı və mən yerə yıxıldım. Bundan istifadə edən Mahmud qaçaraq oradan uzaqlaşdı. Mən də ayağa qalxaraq evə keçdim. Daha sonra Mahmudun məndən polisə şikayət etdiyimi eşitdim".
Təqsirləndirilən şəxs bildirib ki, Mahmud ilə aralarında baş vermiş mübahisə zamanı əlində bıçaq olmayıb, Mahmudu bıçaqla hədələməyib, hadisə zamanı spirtli içkilərin təsiri altıdan sərxoş vəziyyətdə olmayıb.
İş üzrə zərərçəkmiş qismində ifadə verən Mahmudun sözlərinə görə, qonşusu Mahir ilə əvvəllər münasibətləri yaxşı olub, aralarında heç bir ədavət və düşmənçilik olmayıb:
"Əvvəllər Mahirin qızı İnarə ilə bir-birimizi sevmişik. İnarə ilə evlənmək üçün ailə üzvilərim razılıq verməyib. Ona görə də Şabran rayonunun digər kəndində yaşayan Sevda ilə ailə həyatı qurdum".
Zərərçəkmiş qeyd edib ki, hadisə günü saat 23:00-da yaşadığı evdə olduğu zaman anası Nazilə ona qonşu Mahirin onu çağırdığını deyib:
"Mən küçəyə çıxdığım zaman Mahirin sərxoş olduğunu hiss etdim. Mahir yaxamdan tutaraq yumruq ilə sifət nahiyəmdən, qarın və ayaq nahiyələrimə zərbə endirdi. Mən Mahirin əlindən çıxaraq yaşadığım küçə ilə qaçmağa başladım. Mehman arxamca əlində olan bıçağı tulladı. Amma bıçaq mənə dəymədi. Mən qaçaraq yaşadığım kəndin ərazisində Mahir məni tapmasın deyə gizləndim. Kənddə yaşayan xalam Baharın oğlu Familə zəng edərək məni və ailə üzvilərimi qayınatamın evinə aparmağı xahiş etdim. Xalam oğlu məni, anamı, həyat yoldaşımı qayınatamın evınə apardı".
Zərərçəkmiş deyib ki, sonradan ona Mahirin onu döyəndən sonra anası Naziləni yaşadığı evə apararaq əvvəllər İnarə ilə sevgili olan vaxtlarda bir-birlərinə yazdıqları SMS-ləri göstərdiyi məlum olub:
"Mahirin məni döyməsi nəticəsində sifət, qarın və ayaq nahiyələrimdən xəsarət almışam. Təqsirləndirilən şəxs ilə barışmışam. Ona qarşı heç bir şikayətim yoxdur".
İş üzrə şahid qismində ifadə verən İnarənin sözlərinə görə, Mahmud ilə 3 il əvvəl bir-birlərini istəyiblər:
"Anam bizim münasibətlərimizdən xəbər tutduğu üçün ayrıldıq. Həmin vaxt yaşım az olduğunu, sevgi nə olduğunu bilmədiyimi, valideynlərimin mənə tutduğu iraddan düz hərəkət etmədiyimi anladım. Buna görə də Mahmudla münasibətlərimi kəsdim. Mahmudun zənglərini qara siyahıya atdığım üçün onun mənə yazdığı SMS-ləri görməmişəm. Atam telefonuma baxan zaman Mahmudun yazdığı SMS-ləri aşkar edib".
Bu cinayət işinə Şabran Rayon Məhkəməsində baxılıb.
Məhkəmə təqsirləndirilən şəxsin zərərçəkmişlə barışmasını, zərərçəkmiş şəxsin ondan şikayətçi olmamasını nəzərə alıb.
Bu səbəbdən Mahirin barəsində olan cinayət təqibinə xitam verilib. O, cinayət məsuliyyətindən azad edilib.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
00:47 / 25.07.2024
Şabranda 40 yaşlı kişi qızına yazılan mesajlara görə qonşusunu DÖYDÜ
Hazırda oxunan: Şabranda 40 yaşlı kişi qızına yazılan mesajlara görə qonşusunu DÖYDÜ
Hazırda oxunan: Şabranda 40 yaşlı kişi qızına yazılan mesajlara görə qonşusunu DÖYDÜ
Şabran rayonunda yaşanan bir olayda 40 yaşındaki Mahir, qonşusu Mahmud'a saldırarak yaraladı. Cinayət işi ilə bağlı məhkəmə prosesi olmuşdur, lakin zərərçəkmiş şəxs təqsirli şəxsə şikayətçi olmadığından dolayı Mahir cinayət məsuliyyətindən azad edilib.
203486
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.