Azərbaycanda altı ayda 42 mindən çox abort edilib - QORXUNC STATİSTİKA/FOTO

Hazırda oxunan: Azərbaycanda altı ayda 42 mindən çox abort edilib - QORXUNC STATİSTİKA/FOTO

Azərbaycanda altı ayda 42 mindən çox abort edilib - QORXUNC STATİSTİKA/FOTO 2024-cü ilin ilk 6 ayı ərzində icbari tibbi sığorta hesabına hamiləliyin pozulması ilə bağlı 42 039 cərrahi xidmət göstərilib. Bizim.Media-nın xəbərinə əsasən, hamiləliyin pozulması icbari tibbi sığorta hesabına TƏBİB-in tabeliyindəki dövlət tibb müəssisələrində, o cümlədən Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutunda həkim göstərişi əsasında icra olunur.

203352

2024-cü ilin ilk 6 ayı ərzində icbari tibbi sığorta hesabına hamiləliyin pozulması ilə bağlı 42 039 cərrahi xidmət göstərilib.

Bizim.Media xəbər verir ki, bu barədə İcbari Tibbi Sığorta xidməti məlumat yayıb.

Bildirilib ki, hamiləliyin süni pozulması (abort) ilə bağlı müayinə və müdaxilələr icbari tibbi sığorta təminatına daxildir. Xidmət hamilə qadınların sağlamlığının qorunmasını və zəruri hallarda lazım olan tibbi müdaxilələrin vaxtında həyata keçirilməsini təmin etmək məqsədi daşıyır.
Abortların 16 936-sı hamiləliyin 9-cu həftəsinə qədər olan dövrdə, 16 463-ü hamiləliyin 9-cu həftəsindən sonra, 8640-ı isə uşaqlıqdankənar hamiləliyi pozmaq məqsədi ilə aparılıb.

Hamiləliyin pozulması icbari tibbi sığorta hesabına TƏBİB-in tabeliyindəki dövlət tibb müəssisələrində, o cümlədən Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutunda həkim göstərişi əsasında icra olunur.

Statistik göstəricilərə əsasən Bakı şəhərində qeyd olunan tibbi xidmət üzrə ən yüksək müraciət sayı Sabunçu Tibb Mərkəzi, Yeni Klinika, Respublika Klinik Xəstəxanası, Kliniki Tibbi Mərkəz, Abşeron Rayon Mərkəzi Xəstəxanası, rayonlar üzrə isə Şəmkir Rayon Mərkəzi Xəstəxanası, Şirvan Şəhər Mərkəzi Xəstəxanası, Şəki Rayon Mərkəzi Xəstəxanası, Saatlı Rayon Mərkəzi Xəstəxanası və Tovuz Rayon Mərkəzi Xəstəxanalarına aiddir.

Ginekoloji problemlər, dölün anomaliyaları, borudan kənar hamiləlik, hamiləlik zamanı ananın sağlamlığı üçün risklər kimi tibbi göstərişlərə əsaslanan hallarda hamiləliyin pozulması zəruri hesab edilir. Bu məqsədlə xüsusi medikamentoz vasitələrdən, kiçik cərrahi müdaxilə ilə həyata keçirilən vakuum aspirasiya və uşaqlıq boşluğunun cərrahi yolla təmizlənməsi olan küretaj üsullarından istifadə olunur. Müvafiq üsul, xəstənin vəziyyəti və hamiləliyin mərhələsinə uyğun olaraq ixtisaslaşmış həkim tərəfindən təyin edilir.

Abortdan əvvəl və sonra aparılan obstetrik doppler müayinəsi, hamiləlik testi hormonu (HCG), ginekoloji USM (transabdominal və transvaginal), qan analizləri və biokimyəvi testlər icbari tibbi sığorta təminatına daxildir.

Hamiləliyin 9-cu həftəsinə qədər olan müddətdə, əməliyyat medikamentoz və ya vakum-aspirasiya üsulları ilə həm ambulator, həm də stasionar şəraitdə həyata keçirilir. 9 həftədən sonra bu əməliyyat yalnız stasionar şəraitdə icra edilir. 12-ci həftədən sonra isə hamiləliyin sonlandırılması yalnız sosial səbəblərlə və tibbi göstəriş əsasında aparılır. Bu tibbi xidmətlərin hər biri icbari tibbi sığorta tərəfindən qarşılanır.

Bundan əlavə, çanaq orqanlarının və cinsiyyət orqanlarının infeksiyası, uzunmüddətli və ya massiv qanaxma, emboliya, şok, böyrək çatışmazlığı, maddələr mübadiləsi pozuntusu, çanaq orqanlarının və toxumalarının zədələnməsi və digər abort fəsadlaşmaları ilə əlaqədar stasionar müalicə də icbari tibbi sığorta tərəfindən təmin edilir.

Qeyd edilib ki, ambulator və stasionar şəraitdə aparılan instrumental və laborator müayinələr, reanimasiya və stasionarda yatış, əməliyyat zamanı istifadə olunan dərman və tibbi sərf, yatış müddətində manipulyasiyalar, qan və ya qan komponentləri, qidalanma icbari tibbi sığorta təminatına daxildir.




Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin