Arıqlama dərmanları ilə bağlı XƏBƏRDARLIQ – Ölüm RİSKİ VAR 

Hazırda oxunan: Arıqlama dərmanları ilə bağlı XƏBƏRDARLIQ – Ölüm RİSKİ VAR 

Arıqlamaq üçün həkim məsləhəti olmadan qəbul edilən arıqlama dərmanları və çaylarının insan orqanizminə zərərləri və təsirləri haqqında məlumat.

203115

Arıqlamaq üçün pəhriz saxlayıb idman etmək kimi sağlam üsullar olsa da, bir çox insan reklamlarda az qala möcüzəli təsir vasitəsi kimi təqdim edilən dərmanlara, xüsusi çaylara, kofelərə, bioloji aktiv maddələrə üz tuturlar. Belə vasitələrin sağlamlığa təsirləri isə şübhəlidir.

Bəs həkim məsləhəti olmadan qəbul edilən arıqlama çay və dərmanlarının insan orqanizminə hansı zərərləri var?
 

MÖVZU İLƏ BAĞLI:

Mədəkiçiltmə əməliyyatından sonra ortaya çıxan QORXUNC FƏSADLAR


Mövzu ilə bağlı həkim dietoloq Leyla Zülfüqarlı Bizim.Media-ya açıqlamasında bildirib ki, həkim məsləhəti olmadan qəbul edilən arıqlama vasitələri müxtəlif xəstəliklərə səbəb ola, hətta ölümlə də nəticələnə bilər.

“Arıqlamaq üçün həkim məsləhəti olmadan qəbul edilən hər hansı vasitənin orqanizmə faydası yoxdur. Əksinə çox ciddi ziyanları ola bilər. Bəzi hallarda bunun bioloji ölümlə nəticələndiyini də görmüşük. Bir çoxu bu cür vasitələrin satışını yaxşı apara bilmək üçün arıqlamaq sözündən istifadə edir. Çünki bilirlər ki, arıqlamaq sözünü görənlər maraqlanıb alacaqlar. 

Bu vasitələrin tərkibləri qeyri-müəyyəndir. Arıqlama çayları, dərmanları və ya iynələri - bunlar heç biri arıqlamağa kömək etmirlər. Çünki arıqlamaq fizioloji baş verən bir prosesdir. Biz bir günün içində kökəlmirik. İllərlə yığdığımız hormonlar dəyişilir, kökəlmənin səbəbləri çoxalır və insan kilo alır. Arıqlama dərmanları, çay, kofe və ya iynələri - bunlar sadəcə iştah mərkəzinə təsir edir və ora siqnal ötürərək bu mərkəzi müvəqqəti olaraq susdurur. Nəticədə insanın iştahası küsür və yemək yemir”.

Yemək yemədən arıqlamaq doğrudurmu?

“Yemədən arıqlamaq heç bir halda doğru deyil. İnsan orqanizminin vacib resursu ilk olaraq mayedir. Bədənin hüceyrəarası və hüceyrədaxili mayesi var. Bu vasitələr həmin mayeni itirir. Hüceyrəarası maye itdkdən sonra əzələ tonosu da itməyə başlayır. Halbuki əzələmiz elə hüceyrələrimizdir. Hüceyrələrimizin tərkibi amin turşularıdır. 

İnsan yaşlanır və orqanizimdə daha ciddi mərhələlər gedəndə vacib əzələ hüceyrələri itərsə, insanın bioloji ölümü tezləşir. Daha çox ürək əzələlərinin itirilməsi zamanı isə qəfil ölüm halları yaşanır. Bu səbəblə də insanları həmişə bu cür vasitələrə inanmamağa çağırmışam”, - deyə müsahibimiz bildirib.

İnsanlar niyə belə vasitələrə meyillidirlər?

“İdman, pəhriz saxlamaq və ya həkim məsləhəti ilə sağlam bir şəkildə arıqlamaq mümkün olsa da, tənbəllik edən bir çox xanımlar daha asan üsullara əl atır. Televiziya kanallarında, küçədə reklam lövhələrində belə vasitələrin reklamı az getmir. Bu vasitələrin sürətlə yayılma səbəbi insanların daim axtarışda olmasıdır. Bu vasitələri istehsal edənlər insanlara edəcəkləri köməyi yox, nə qədər qazanacaqlarnı düşünürlər. 

İnsanlara düzgün həkim məsləhəti ilə, sağlam bir şəkildə arıqlamağı tövsiyə edirəm. Bir həkimi həkim edən onun vicdanı olmalıdır. Vicdanlı həkim üçün biznes marağı qətiyyən əhəmiyyət kəsb etməməlidir. Yalnız insanlara fayda vermək lazımdır”, - deyə L.Zülfüqarlı əlavə edib.  

Çiçək Sadatova, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin