Qadının bədənindəki mürəkkəbin onun gözəlliyini, qadınlığını örtməsi, diqqət yayındırması fikri Azərbaycanda tez-tez rastlanan yanaşmadır.
Ölkəmizdə sayca qadın tatu ustalar azlıq təşkil etsə də, son illərdə bu zənciri qıran daha cəsarətli sənət fədailəri var. Onlar sənəti cəmiyyətin diqtə etdiyi normalardan daha üstün hesab edirlər.
Mövzu ilə bağlı Azərbaycanlı tatu ustası Aytəkin Miriş Bizim Media- ya danışıb. Azərbaycanda qadın tatu ustası olmağın çətinliklərindən söz açan müsahibimiz tatu sənətinin ölkəmizdə ciddi sahə kimi qəbul edilmədiyini deyib:
"Əgər qadınsansa, çətinliklər daha da artır. Buna səbəb mühafizəkar cəmiyyət və ölkəmizdə tatu mədəniyyətinin zəif inkişaf etməsidir. Bu faktlar hamısı bir-biriylə əlaqəlidir. Mən 5 ildir ki, Bakıda tatu ustası olaraq fəaliyyət göstərirəm. Mənim sosial çevrəm sənətimə bələd olan və hörmət edən insanlardan ibarətdir. Amma təəssüf ki, cəmiyyət mənim çevrəmlə məhdudlaşmır. Bu neqativ stiqmalar və baxışlar çox köklüdür. Hər yerdə qarşımıza çıxır. Şəxsi həyatımıza, iş həyatımıza təsir edir. Bəzən bəzi insanlara nə işlə məşğul olduğumu deyəndə onlarda işimə qarşı qərəzli münasibət görürəm. Belə şeylər də bu sənətin cəmiyyətdə qəbuluna mane olur. Həmçinin biz sənətçiləri demotivasiya edir”.
Tatusu olan qadınlar niyə cəmiyyət tərəfindən qınanılır?
Müsahibimiz qeyd edib ki, tatularla bağlı stiqmalar hələ 1950-ci illərdən başlayır:
" “Greasers” (red.1950 və 1960-cı illərin əvvəllərində əsasən fəhlə sinfindən və aşağı təbəqədən olan gənclərin yaratdığı submədəniyyət) ilə gələn motosikletlər, dağınıq saçlar və tatular hələ o zamandan üsyan əlaməti olaraq görülür, aşağı həyat statusu ilə əlaqələndirilirdi. Amma bu mövzuda neqativ əsaslı fikirlər qadınlar üzərinə daha çox yüklənərək özünü cəmiyyətin qadına və femininizmə baxışda zərərli formalarda biruzə verir. Qadınların tatu etdirməsi də bu streotiplərin qırılması mənasına gəlir. Bu da mühafizəkar cəmiyyət üçün çox böyük bir qıcıq yaradır ki, qadınlar normaları pozurlar. Tatular qadınları qeyri-ənənəvi və üsyankar göstərir. Bu səbəbdən mühafizəkar cəmiyyətlər qadınların bu cür radikal qərarlarını qəbul etmək istəmir. Bu da qadınların sosial qəbulunu çətinləşdirir”.
Bu yanaşmaların dəyişməsi üçün nə etmək lazımdır?
Aytəkin Mirişin fikrimcə, bu vəziyyətin dəyişməsi üçün ilk olaraq cəmiyyət insanlara, onların seçimlərinə və sənətə hörmət eləməyi öyrənməlidir: "Xüsusilə tatu sənəti ilə məşğul olan sənətçilərə hörmət edilməli və onların sənəti ciddi qəbul edilməlidir . Tatu şəxsi ifadə vasitəsidir və bu bir sənət növüdür. Əgər tatu sənətinə qarşı müsbət yanaşma inkişaf etsə, ölkəmizdə tatu sənətçilərinin də sayı artar və sənətimizin reputasiyası yaxşılaşar”.
Çiçək Sadatova, Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
17:00 / 20.07.2024
"İnsanlara nə işlə məşğul olduğumu deyəndə, qərəzli münasibət görürəm" - Tatu ustası
Hazırda oxunan: "İnsanlara nə işlə məşğul olduğumu deyəndə, qərəzli münasibət görürəm" - Tatu ustası
Hazırda oxunan: "İnsanlara nə işlə məşğul olduğumu deyəndə, qərəzli münasibət görürəm" - Tatu ustası
202828
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.