İnsanların sıx olduğu açıq məkanlarda da siqaret çəkmək QADAĞAN olunur? – AÇIQLAMA   

Hazırda oxunan: İnsanların sıx olduğu açıq məkanlarda da siqaret çəkmək QADAĞAN olunur? – AÇIQLAMA   

İnsanların sıx olduğu açıq məkanlarda siqaret çəkmək QADAĞANDIR? Siqaret sağlamlığa ziyan verir və əxlaqi normada da tütün məmulatlarının istifadəsi tənzimlənə bilər. Sosioloqların siqaret çəkmək haqqında fikirləri və məhdudlaşdırılması ilə bağlı Azərbaycan qanunları barədə məlumat.

202288

Siqaret sağlamlığa ziyandır. Buna baxmayaraq Azərbaycanda siqaret istifadəçilərinin sayı kifayət qədər çoxdur. Əlbəttə bu davranış cəmiyyətinin hər təbəqəsi tərəfindən xoş qarşılanmır. Hətta insanların sıxlıq təşkil etdiyi metroların çıxışı kimi yerlərdə tütün məmulatlarından istifadə ictimai qınağa da səbəb olur. 

Bəs ictimaiyyətin çoxluq təşkil etdiyi məkanlarda siqaret çəkilməsini tənzimləyən hansı qaydalar mövcuddur?

Bu mövzuda Bizim.Media-ya açıqlama verən sosioloq Ağasəlim Həsənov qeyd edir ki, hüquqi yolla olmasa da əxlaqi normada tütün məmulatlarının istifadəsi tənzimlənə bilər.

"Cəmiyyətdə münasibətlər iki yolla tənzimlənir: hüquqi və əxlaqi norma ilə... Hüquqi norma yazılan qanunlardır, onlara əməl etmədikdə bizi cəza məsuliyyəti gözləyir. Əxlaqi norma isə yazılmamış qanunlardır, biz böyüdükcə cəmiyyətdə gördüklərimiz davranış prinsipləri əsasında formalaşır. Onun cəza prinsipi isə ictimai qınaqdır. Yəni, sıxlıq olan yerdə siqaret çəkməyə görə insanlar çəkən şəxsə yaxınlaşıb irad bildirə bilərlər", - deyə ekspert qeyd edib. 

Gənclərə tütün məmulatlarından istifadə etməməyi tövsiyə edən sosioloq siqaret çəkənləri də cəmiyyət qarşısında məsuliyyətli olmağa çağırıb:

"Gənclərə siqaret çəkməyi tövsiyə etmirəm. Tütün məmulatları insanı narkotik kimi özündən asılı hala salır. Sağlamlığa ziyanı isə hər kəsə məlumdur. İstifadə edənlərə isə tövsiyə edirəm ki, cəmiyyəti nəzərə alsınlar. Yaşlılar, uşaqlar, xəstələr və tütün qoxusuna qarşı həssaslığı olan insanlara siqaretin ziyanı yüksəkdir. Əgər istifadə etmək istəsələr, ictimaiyyətə təsir etməyəcək məkanları seçsələr daha yaxşı olar". 

Sosioloq Əhməd Qəşəmoğlu isə açıq havada siqaret çəkmək əleyhinə təşviqatlarının sayının artırılmasını tövsiyə edib.

"Qapalı məkanlarda siqaret çəkmək qanunla qadağan edilib. Lakin açıq məkanlarda siqaret çəkilməsinin qadağan edilməsi ictimai təfəkkürdə də, beynəlxalq aləmdə də sual doğuran məsələyə çevrilə bilər. Məhz bu səbəbdən formal qadağalar əvəzinə təşviqat vasitələrinin artırılmağını tövsiyə edirəm. Düşündürən plakatlardan, şəkillərdən, siqaret əleyhinə fikirlərdən istifadə insanların diqqətini cəlb edə bilər. Bu sahədə işlərin görülməsinə ehtiyac var", - deyə sosioloq vurğulayıb.

Xatırladaq ki, tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən açıq havada tütün məmulatlarında istifadəni məhdudlaşdıran hər hansı bir qayda mövcud deyil.  Təhsil və tərbiyə müəssisələri, onların əraziləri, səhiyyə, reabilitasiya və sanatoriya-kurort müəssisələri, onların mülkiyyət növündən və təşkilati-hüquqi formasından asılı olmayaraq bütün müəssisə, idarə və təşkilatlar, iş yerləri, idman yarışları və başqa kütləvi tədbirlərin keçirildiyi zallar; restoranlar, kafelər, barlar daxil olmaqla, ictimai-iaşə obyektləri və digər yerlərdə siqaret çəkilməsi qadağandır. Lakin, “tütün çəkmək qadağandır” yazılan lövhələrin quraşdırılmadığı, xüsusi havalandırma sistemi ilə təmin olunan və ya açıq havada olan xüsusi yerlərdə siqaret çəkilə bilər.

Selcan Zaurqızı, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin