Yay aylarında yetərincə maye qəbul etməliyik – Nazirlik  

Hazırda oxunan: Yay aylarında yetərincə maye qəbul etməliyik – Nazirlik  

202099

Yay mövsümündə tərləmə ilə itirdiyimiz su dehidratasiya (orqanizmin susuzlaşması) yarada bilər. Bu barədə Səhiyyə Nazirliyi Sanator-Kurort Reabilitasiya Mərkəzinin qastroenteroloqu Saniyə Şahverənova deyib. 

Bizim.Media S.Şahverənova ilə müsahibəni təqdim edir: 

- Saniyə xanım, yay fəslində insanın mədə-bağırsaq sistemində hansı dəyişikliklər baş verir? 

- Orqanizmin istidən daha bir qorunma mexanizmi dəriyə qan axınını artıraraq, ordan bədən hərarətini aşağı salmaqdır. Bu da mədə-bağırsaqda gedən qan dövranını zəiflətdiyi üçün həzm çətinliyi, yəni köp, toxluq, ağırlıq hissi yarada bilər. 

Eyni zamanda, bir çox insanlarda isti havalar zamanı iştahsızlıq müşahidə olunur. Bu da müntəzəm qidalanmaya vərdiş edən orqanizmdə ifraz olunan ödün, xlorid turşusunun mədə bağırsağımızdakı selikli qışalara qıcıqlandırıcı təsiri və nəticədə qıcqırma, mədə ağrısı, mədə yanğısı kimi şikayətlərə səbəb ola bilər. 

- Doktor, bu narahatçılıqların qarşısını necə almaq olar? 

- Yay aylarında ilk növbədə yetərincə maye qəbul etməliyik və orqanizmi pstilənməkdən qorumalıyıq. Eyni zamanda, alkoqol və şirin içkilərdən uzaq durmaq tövsiyə olunur. Çünki onlar orqanizmin susuzlaşmasını artırır. 

Südlü məhsul olan və yay aylarında geniş istifadə olunan dondurma ilkin susuzluq hissinə xoş təsir bağışlasa da, sonradan bədən hərarətini artırır. Ona görə də, susuzluq zamanı dondurma yemək tövsiyə olunmur. 

Qidalanma rejimimizi pozmamalıyıq, eyni zamanda həddindən artıq qidalanıb bədənimizi yükləməməliyik. 

- Yay fəslində dəniz suyu hansı xəstəliklərə səbəb ola bilər? 

- Dəniz suyu və qum vannası sanator-kurort reabilitasiyasının çox vacib hissələridir. Sadəcə təhlükəsizliyimiz üçün bəzi amillərə diqqət yetirmək lazımdır. İshal, ürəkbulanma, qarın ağrısı, bəzən qızdırma timsalında tanıdığımız infeksion qastroenteritlər yayda tez-tez rast gəlinən mədə-bağırsaq pozuntularındandır. 

İkinci problem bu mövsümdə lazımi şəraitdə saxlanılmayan məhsulların istehlakıdır. İsti hava bakteriyaların böyümə sürətini artırır. Əlavə olaraq isə istiyə məruz olan qidaların qəbulu, hətta təkcə ətraf mühitin temperaturun özü daxili mikrobiotamızı, bağırsaq floramızı dəyişir və köp, ishal, həzm çətinliyi kimi şikayətlər meydana gəlir. 

- Bu cür hallarla rastlaşmamaq üçün hansı qaydalara riayət etmək lazımdır? 

- Dəniz suyunun udulmasının mümkün qədər qarşısı alınmalı, gigiyena qaydalarına və qidanın saxlanma şəraitinə düzgün əməl olunmalıdır. Elektron qida termometri qida təhlükəsizliyini təmin etmək üçün zəruri elementdir. Əgər əks göstərişimiz yoxdursa, təbii probiotik olan qatıqdan mütəmadi istifadə edə bilərsiniz. 

Bildiyiniz kimi, mövsümi meyvə və tərəvəzlərin mütəmadi istehlakının faydaları çoxdur. Onlar vitamin, mineral deposu olmaqdan əlavə, qida lifi və su mənbəyidir. Bu da istilərdə orqanizmimizin susuzlaşdığı bir dövrdə çox lazımdır. Amma yay aylarında çoxlu su itirdiyimizə görə, adətən bizim üçün faydalı olan mədə-bağırsaq ifrazatının (öd, turşu istehsalı) artması ilə bəzi xroniki xəstəliklərin simptomları aktivləşə bilər.

Bunlar arasında qastro-ezofageal reflyuks xəstəliyi, qastritlər, mədə və onikibarmaq bağırsağın xora xəstəliyi, duodenitlər, funksional dispepsiya və digər xəstəlikləri qeyd etmək olar. 

Yay mövsümündə öz istirahətlərini mənalı və yaddaqalan keçirməsi üçün insanlar təbiətin qoynunda dincəlməyə üstünlük verirlər. Bu zaman istehlak edilən hazır və sağlam olmayan qidalar, manqalda hazırlanan yağlı yeməklər, spirtli içkilər - bunlar hamısı həzm sisteminin selikli qişasını qıcıqlandırır, tez-tez qəbizliyə səbəb olur və öd kisəsinin fəaliyyətini pozur. 
Qeyd etmək lazımdır ki, qida qəbul etdikdən sonra mədə-bağırsaq sisteminə qan axını sürətlənir. Həzmdən bir saat əvvəl fiziki aktivliyə başlasaq, həmin axın sürətlənə bilməyəcək. Çünki qan axını əzələlərə doğru yönələcək və həzmsizlik əlamətləri müşahidə olunacaq. Bunlara köp, ağırlıq hissi, qıcqırma və digərləri daxildir. 

- Yay aylarında qapalı məkanlarda vaxt keçirən insanlara nə tövsiyə edərdiniz? 

- Bol maye qəbul edilməli, sərin məkanlarda olmalı, günəşin pik saatlarında açıq havada vaxt keçirməməli, mümkün qədər sağlam qidalanma və mövsümi meyvə-tərəvəzlərin qəbuluna üstünlük verilməlidir. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin