Neftə tələb yenidən artacaq, yoxsa dünya “yaşıl enerji”ni seçəcək? - İlham Şabanın ŞƏRHİ

Hazırda oxunan: Neftə tələb yenidən artacaq, yoxsa dünya “yaşıl enerji”ni seçəcək? - İlham Şabanın ŞƏRHİ

2050-ci ildə dünya neft və qaz tələbinin gündə 102 mln barelə həddinin çatacağı və yaşıllıq enerji mənbələrinin inkişafının artacağı proqnoz edilir. Bu məqalədə BP-nin "Energy Outlook" hesabatı və Azərbaycandakı neft-qaz statistikası oxuculara təqdim olunur.

201846

Ölkədə və dünyada neft və qaz ətrafında baş verən hadisələr İlham Şabanın təqdimatında

Yola saldığımız həftə enerji aləmində maraqla qarşılanan bir hadisə baş verib. Bu, 2050-ci ildə dünya bazarında enerji daşıyıcılarının vəziyyətinə dair Britaniyanın neft və qaz nəhəngi olan BP şirkətinin açıqladığı illik “Energy Outlook” hesabatının ictimaiyyətə təqdimatı ilə bağlıdır. Onu deyim ki, burada açıqlanan məlumatlar Azərbaycan üçün də əhəmiyyətlidir, çünki biz ənənəvi enerji hasilatıçısı olmaqla yanaşı, həm də “yaşıl enerji”nin gələcəyinə maraq göstəririk. 

2050-ci ilin enerjisinə baxış

BP qlobal neft tələbinin 2025-ci ildə gündə 102 milyon barellə - pik həddə çatacağını təxmin edir. BP-nin “Energy Outlook” hesabatına görə, bununla yanaşı külək və günəş elektrik stansiyalarının istehsal etdiyi enerjinin həcmi əhəmiyyətli dərəcədə artacaq.

Külək və günəş enerjisindən əldə edilən enerji, cari ssenarilər üzrə, 2050-ci ilə qədər təxminən 8 dəfə və xalis sıfır emissiyaya (Net Zero, ənənəvi enerji daşıyıcılarından tam imtina siyasəti) nail olunarsa, 14 dəfə artacaq.

BP təhlilçiləri qlobal enerjinin inkişafı üçün iki ssenarini nəzərdən keçirirlər: biri cari tendensiyalara uyğundur (yaşıl enerjinin tədricən inkişaf etdirilməsi), digəri isə CO2 emissiyaları səviyyəsinin dünyada 2050-ci ilə qədər sıfıra çatdırılması.

Qlobal enerji sektorunda mövcud tendensiyalar davam edərsə, ənənəvi enerji mənbələrinə tələbat 2030-cu illərin ortalarına qədər artacaq, sonra isə sabitləşmə dövrünə keçid edəcək. Bu ssenaridə enerji tələbatı 2022-ci ilə nisbətən 2050-ci ilə qədər 5% artacaq. Net Zero ssenarisinə əsasən isə, enerji tələbatı bu onilliyin sonundan etibarən azalmağa başlayacaq və nəticədə 2050-ci ilə qədər 2022-ci il səviyyəsindən 25% aşağı olacaq.

Neft istehlakı, BP təhlilçilərinin qənaitincə, istənilən ssenari üzrə 2025-ci ildən sonra azalacaq. Yeganə fərq tələbin azalmasıdərəcəsidir. Beləliklə, neftə olan tələbat 2050-ci ilə qədər gündəlik 75 milyon barel səviyyəsinə enəcək və sıfır emissiyaya nail olmaq üçün lazım olan şərtlər yerinə yetirildiyi təqdirdə, gündəlik tələb 25-30 milyon barel təşkil edə bilər. 

Mövcud tendensiyalar davam edərsə, 2050-ci ilə qədər qaza olan tələbat əsasən inkişaf etməkdə olan ölkələrin hesabına, təxminən 30%-dən çox arta bilər. Net Zero ssenarisinə əsasən, onun istehlakı, əksinə, ilk növbədə inkişaf etmiş ölkələrin iqtisadiyyatlarının alternativ enerji mənbələrinə kütləvi şəkildə keçidi hesabına iki dəfə azalacaq.

Neft statistikamız

Bu həftə Energetika nazirliyi cari ilin I yarısı üçün Azərbaycanın neft və qaz statistikasını açıqladı və məlum oldu ki, bu müddət ərzində Azərbaycanın neft hasilatı 5,3%, ixracı isə 6,3% azalıb, əvəzində “mavi yanacaq”da inamlı irəliləyiş müşahidə edilib.

2024-cü ilin yanvar-iyun aylarında Azərbaycanda neft hasilatı (qaz kondensatı da nəzərə alınmaqla) 14,4 milyon ton təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 5,3% və ya 800 min ton azalma deməkdir. Azalmanın səbəbi aydındır: neft yataqları köhnəlir, ehtiyatları azalır və bu proses bundan sonra da davam edəcək, sadəcə azalma tempi hazırda atılan addımlar sayəsində bir qədər səngiyəcək.

Nazirliyin açıqlamasına görə, ilin ilk altı ayında “Azəri-Çıraq-Günəşli” yataqlar blokundan 8,2 milyon ton neft (azalma 9,9 faiz) əldə edilib ki, bu da ölkə üzrə ümumi hasilatın 56,9 faizini təşkil edib.

“Şahdəniz” yatağında kondensat hasilatı 2,1 milyon ton (azalma 4,5% və ya 100 min ton), “Abşeron” yatağında isə 300 min ton (burada hasilat ötən ilin iyulunda başlayıb) təşkil edib.

SOCAR isə ilin birinci yarısında öz yataqlarında 3,8 milyon ton (azalma 2,6 faiz) neft hasilatı həyata keçirib ki, bu da ölkədəki ümumi hasilatın 26,4 faizini təşkil edib.

Nazirliyin açıqladığı məlumatlar bu müddətdə Azərbaycanın neft ixracının ötən ilin yanvar-iyun ayları ilə müqayisədə 6,3 faiz azalaraq 11,9 milyon ton təşkil etdiyini göstərir. 

Emal üçün neftin idxalı

Energetika nazirliyinin məlumatlarını təhlil etdikdə diqqətimi maraqlı bir məqam çəkdi. Bu da neftin emalı üçün artıq idxal neftindən istifadə edilməsidir. Belə ki, cari ilin 6 ayında 14,4 milyon ton neft hasilatı qarşılıqlığında ixrac 11,9 milyon ton olub, yəni ölkə daxilində qalan neftin həcmi 2,5 milyon ton olub. Amma, açıqlanan statistikaya əsasən, bu ilin I yarısında Bakı Neft Emalı Zavodunda 3,2 milyon ton neft emal edilib ki, bu da ötən ilin yanvar-iyun ayları ilə müqayisədə 3,2% çoxdur.

Yəni, modernizasiya nəticəsində istehsal imkanları genişlənən H.Əliyev adına NEZ-nun mövcud imkanlarından tam yararlanmaq məqsədi ilə emala 700 min ton idxal neft həcmləri də göndərilib. Bununla belə Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) ölkədəki köhnə yataqların reabilitasiyası layihələri üzərində də çalışır ki, neft hasilatının artımına nail olsun.

SOCAR-la “Tatneft”in əməkdaşlığı 

İyunun 12-də Rusiyanın “Tatneft” şirkətinin baş direktoru Nail Maqanov SOCAR ilə birlikdə “Bibi-Heybət” yatağının işlənməsinin həyata keçirəcəklərini açıqlayıb.

Onun sözlərinə görə, Azərbaycanın ən köhnə yataqlarından biri hesab edilən “Bibi-Heybət”də (burada ilk neft quyusu 1871-ci ildə qazılıb) laylardakı qalıq neft həcmlərinin çıxarılmasını artırmaq üçün “Tatneft” şirkəti ona məxsus texnologiyaları tətbiq etmək niyyətindədir.

Xatırladaq ki, 2024-cü ilin mayında SOCAR və “Tatneft” arasında əməkdaşlığa dair Yol Xəritəsi imzalanıb. Bu sənədlə şirkətlər arasında neft hasilatı, emalı, neft və neft-kimya məhsullarının satışı, təcrübə mübadiləsi, insan kapitalınıninkişafı və digər sahələr üzrə əməkdaşlıq nəzərdə tutulur.

Qazın haqq-hesabı

Azərbaycanda ay ərzində 25,1 milyard kubmetr (neft quyularına vurulan həcmlər də nəzərə alınmaqla) qaz hasil edilib. Ötən ilin müvafiq dövrünə nisbətən qaz hasilatında təqribən 1 milyard kubmetr, yəni 4,3 faiz artım qeydə alınıb.

Qazın 6,5 milyard kubmetri “Azəri-Çıraq-Günəşli” yataqlar blokundan (hasilat eyni səviyyədə qalıb), 14 milyard kubmetri “Şahdəniz”dən (800 milyon kubmetr artım), 800 milyonkubmetri “Abşeron” yatağından (ötən ilin eyni dövründə hasilat olmayıb), 3,8 milyard kubmetri SOCAR (azalma 600 milyon kubmetr) üzrə hasil olunub. 

Artan qaz ixracı

Ümumilikdə, bu ilin birinci yarısında Azərbaycan 12,7 milyard kubmetr qaz ixrac edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 6 faiz çoxdur.

Bu baxımdan Azərbaycan qazının ixrac coğrafiyası maraq kəsb edir. Ölkənin ümumi qaz ixracının 51%-i Avropa bazarının payına düşüb. Belə ki, yanvar-iyun aylarında Azərbaycan Avropaya 6,4 milyard kubmetr təbii qaz ixrac edib. Nəticədə 2023-cü ilin eyni dövrü ilə müqayisədə Avropa bazarında Azərbaycanın qaz satışı 700 milyon kubmetr və ya 12,3% artıb.

Azərbaycan hesabat dövründə Türkiyəyə 5 milyard kubmetr, Gürcüstana isə 1,3 milyard kubmetr qaz ixrac edib. Türkiyəyə (bütün qaz ixracının 39%-i) və Gürcüstana qaz ixracının həcmi ötən ilin eyni dövrü ilə müqayisədə dəyişməz qalıb.
Hesabat dövründə Trans-Anadolu Qaz Boru Kəməri (TANAP) vasitəsilə Türkiyəyə təqribən 2,8 milyard kubmetr qaz nəql olunub ki, bu da ötən ilin göstəricisinə bərabərdir.

“Şahdəniz” yatağı üzrə yeni müqavilə

İyulun 11-də “BP-Azərbaycan” şirkəti Xəzər dənizində apardığı əməliyyatlara dəstək üçün “Xankəndi” sualtı tikinti gəmisinin istismarı və texniki xidməti üzrə yeni müqavilə imzaladığını açıqladı. 

Dəyəri 300 milyon ABŞ dollarından artıq olan bu müqavilə “Saipem Contracting Netherlands B.V.” və onun tərəfdaşları olan “BOS Shelf LLC” və “BOS Shelf International FZCO” şirkətlərindən ibarət konsorsiumla imzalanıb.

Qeyd edək ki, “Xankəndi” gəmisi 2017-ci ildə BP şirkətinin sifarişi ilə Bakı Gəmiqayırma zavodunda inşa edilib. Bu gəmi “Şahdəniz-2” layihəsi üzrə dəniz əməliyyatlarının təhlükəsizliyini və səmərəliliyini daha da artırmaq üçün istifadə edilir. Gəmi Xəzəri dənizin 600 metr dərinliyinə qədər mürəkkəb sualtı əməliyyatları həyata keçirmək qabiliyyətindədir. Onun içərisində həm sualtı qayıq, həmçinin batiskaf (mobil sualtı qayıq) mövcuddur.

Məişətimizə daxil olan “yaşıl enerji”

Azad edilmiş ərazilərdə cari dövrədək 300-dən çox fərdi yaşayış evində, ictimai və sosial binalarda ümumi gücü 2000 KVt-dan çox olan günəş panelləri quraşdırılıb və proses məskunlaşma planlarına uyğun davam etdiriləcək.

Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin ictimailəşdirdiyi məlumatına görə, artıq Laçın rayonunun Zabux kəndində 223, Sus kəndində 59 fərdi yaşayış evinin hər birində 3.3 kVt, Laçın şəhərində 24 fərdi yaşayış evinin hər birində 3-5 kVt, Zəngilan rayonunda yerləşən Konqres Mərkəzində 166 kVt, Füzuli, Laçın, Zabux və Susdayerləşən məktəb binalarında 20-40 kVt, Zəngilan rayonunun Ağalı kəndində inzibati binaların üzərində ümumi gücü 325 kVt olan damüstü günəş panelləri quraşdırılıb və şəbəkəyə qoşulma təmin edilib.

Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin bilavasitə təşəbbüsü və qərarı ilə işğaldan azad edilmiş ərazilər “yaşıl enerji zonası” elan edilib və hazırda bu ərazilərdə “Yaşıl Enerji Zonası” Konsepsiyası tətbiq edilməkdədir.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin