Gürcüstanın baş naziri ermənilərlə bağlı nə xəbər gətirib? - DETALLAR

Hazırda oxunan: Gürcüstanın baş naziri ermənilərlə bağlı nə xəbər gətirib? - DETALLAR

20143

Gürcüstanın baş naziri İrakli Qaribaşvili və XİN rəhbəri David Zalkalianinin Bakıya səfəri nəzərdə tutulub. Səfər çərçivəsində Qaribaşvili Azərbaycanın baş naziri Əli Əsədov, Milli Məclisin sədri Sahibə Qafarova ilə görüş keçirəcək.

Qəfil səfərin siyasi tərəflərini öyrənmək üçün Bizim.Media politoloq Tofiq Abbasovla əlaqə saxladı və müsahibimiz müvafiq suala cavab olaraq qeyd etdi ki, əsas məqsəd əmin-amanlığın qorunmasıdır:
 

“Çünki biz görürük ki, bir neçə vektor var və sadalanan məqamlar artıq narahatlıq doğurur. Bu yaxınlarda Ermənistan prezidenti Armen Sarkisyanın Gürcüstana səfəri bir daha göstərdi ki, İrəvandan irəli gələn risklər, təhdid törədən çalışmalar bütün region üçün böyük problemə çevrilə biləcək cərəyanlardır.


Bunun qarşısı alınmalıdır. Çünki dövlətlərarası əlaqələrdə əsas qayə ondan ibarətdir ki, münasibətlərdə gərginlik azalsın və əməkdaşlığın nəticələri artsın. Ermənistanın bu kontekstdə fəaliyyəti isə təhdid doğurur və yeni təhlükələr yaradır. Armen Sarkisyan da Ermənistanın öz ərazi iddialarından əl çəkməyəcəyini gizlətmir. Gürcüstan səfərində Ağrı dağın (“Ararat”) şəkilini də eskizləyib bildirirdi ki, ermənilər hətta o ərazilərin “qaytarılma”sının (işğalının) intizarındadır. Bunlar bir daha təsdiqləyir ki, bölgəmizdə ürəkaçan məqamlar varsa, həyəcan doğuran cərəyanlar da var”.

Politoloqun sözlərinə görə, narahatlıq doğuran cərəyanlar Ermənistan və onlara dəstək göstərən qüvvələr tərəfindəndir:

“Uzun zaman idi ki, Rusiyadan bədgüman idik, çünki Moskvada elə qüvvələr var ki, onlar Ermənistandakı radikal ünsürləri meydana salmağa çalışırlar. Bu rəsmi Kremlə aidiyyatı olmayan məsələdir. Belə ki, biz 44 günlük müharibə ərzində də gördük ki, Vladimir Putin dövlət başçısı olaraq bildirdi ki, Azərbaycan prosesləri öz əraziləri çərçivəsində aparır və heç kəs müdaxilə edə bilməz. Amma Rusiyanın daxilində, Fransanın özündə də ermənipərəst qüvvələr var. Bu dağıdıcı qüvvələrə elə Makronun özü də dəstək verirdi. Belçika, Niderland, eləcə də ABŞ-dan erməni diaspor təşkilatlarına dəstək verənlər mövcuddur”. 

Tofiq Abbasovun fikrincə, regionun sabitliyi burada yaşayan xalqların ixtiyarında olmalıdır. Bu baxımdan isə...
 

“Biz gərək heç kimə imkan verməyək ki, kənardan vəziyyətə müdaxilə edərək şəraiti çalxalandırsınlar. Yaxud dalğalanmalar yaratmaqla bölgədəki insanların haqqını pozsunlar.


Hesab edirəm ki, bu istiqamətdə Azərbaycanla Gürcüstanın üzərinə böyük məsuliyyət düşür. Digər tərəfdən iki ölkənin əməkdaşlığı etibarlı şəkildə inkişafdadır. Türkiyə və digər formatlarda çalışaraq iri potensial əldə etmişik. Əgər tərəqqi və texnoloji irəliləyişdən söhbət gedirsə, bu meyarlar sabitlik qorunan halda bərqərar olur. Sabitliyi qorumaq isə bizim üçün strateji məqamdır.

Ümid edirəm ki, Bakı və Tbilisinin baxışları üst-üstə düşəcək”.

Anar Rəhimov, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin