“Anam burnundakı polipə görə girdiyi əməliyyatdan gözündən zədə alaraq çıxıb. Həkim isə bizə “gözləyin, düzələcək”, - deyir. Təkrar əməliyyata girməlidir. Həkim yaxın durmur”.
Bizim.Media xəbər verir ki, bu şikayətlə “Qafqazinfo”ya paytaxt sakini Ramilə Məmmədova müraciət edib.
Vətəndaş iddia edir ki, anası, Sumqayıt şəhər sakini Nuridə Zülfüqarovanın gözündəki problem həmin əməliyyatdan sonra yaranıb:
“Anam astma xəstəsi olduğu üçün burnundakı polip onu çox narahat edirdi, nəfəs almasını çətinləşdirirdi. Buna görə də, mayın 29-da anam Sumqayıt şəhərində yerləşən “Liman” klinikasında burun əməliyyatına girdi. Əməliyyatı Əfqan Ağagülov etdi. Əməliyyat bitəndən sonra biz anamın gözündə çəplik yarandığını gördük. Bununla bağlı həkimə bildirdikdə bizə dedi ki, “1 ay gözləyin, düzələcək”. 1 ayın tamamında qəbuluna getdik. Bu dəfə bizə dedi ki, “4-5 ay gözləyin”. Sual verdik ki, bəs, 4-5 ay sonra düzəlməsə? Dedi ki, “onda gedərsiniz, əməliyyat etdirərsiniz”. Pulumuz olmadığını, gözdəki problemi o yaratdığı üçün, əməliyyatın da xərcini onun çəkməli olduğunu dedikdə isə bizə “Sizə borcum var?!” sözünü dedi.
Anamın əməliyyatı sığorta ilə olub. Buna görə də həkim deyir ki, “mənə heç bir pul verilməyib”.
Qızının sözlərinə görə, 54 yaşlı Nuridə Zülfüqarova II qrup əlildir. 35 ildən çox bağça müəllimi kimi fəaliyyət göstərib. Hazırda isə səhhətində yaranan problemdən dolayı işləyə bilmir:
“Anam gözünə görə yeriyə də bilmir. Bu səbəbdən atam da işə gedə bilmir və ona qulluq edir. Biz başqa həkimlərin qəbulunda olduq. Hazırda anamın gözünü iki əməliyyat gözləyir. İlk olaraq gözünün alt hissəsindəki sümük 4 mm qırıldığı üçün təkrar əməliyyat edilməli, 6 ay sonra isə gözündə yaranan çəplik aradan qaldırılması üçün yeni bir əməliyyata girməlidir.
Hər keçən gün bizim üçün olduqca önəmlidir. Çünki həkimlər bildirdi ki, əgər vaxtında əməliyyat olunmasa, görmə qabiliyyətini itirəcək. Axırıncı dəfə Əfqan Ağagülova ötən həftənin 5-ci günü zəng etdik. Ona bildirdik ki, əməliyyatın birinə 3000 manat pul lazımdır. Pulu bizə yox, elə əməliyyatı edəcək həkimə verin. Lakin o verməyəcəyini bildirdi. Çarəsiz qalmışıq. Burnundakı problemi həll etdirmək istəyərkən daha böyük problemlə qarşı-qarşıyayıq. Başımız o qədər gözə qarışıb ki, artıq burun yaddan çıxıb”.
Şikayətçinin sözlərinə görə, onlar həkimlə danışıq apararaq məsələni həll etmək istəyiblər. Bunun üçün dəfələrlə onun qəbulunda olub, telefonla da danışıblar. Lakin həkim onlarla kobud rəftar edib. Buna görə də vətəndaş məsələ ilə bağlı Sumqayıt Şəhər Prokurorluğuna müraciət edib.
Məsələ ilə bağlı ittiham edilən tərəf - otorinolarinqoloq Əfqan Ağagülovla əlaqə saxladıq. Həkim bildirdi ki, şikayətçi şəxslər əməliyyatın müalicəsini gözləməyiblər:
“Mənə deməyiblər ki, xəstəni müalicə et. Pul tələb edirlər. Mən özüm də bu gün hüquq-mühafizə orqanlarına müraciət edəcəyəm.
Hərə öz əməlinə görə cavab verəcək. Mən sonuncu dəfə xəstəni müayinə edəndə gördüm ki, verilmiş təyinata əməl etməyib. Nuridə xanımın əməliyyatdan əvvəl və sonrakı müayinə nəticələri var. Həmin nəticələrdən irəliləyişin olduğu bəlli olur. Onlar xəstəni həkimdən qaçırdılar. Başqa professorların yanına apardılar.
Mən onlara demişdim xəstəni gətirin. Lakin onlar gətirmədilər, müalicədən yayındılar. Müalicə davamlı getsə, irəliləyiş də olacaqdı. Onun burnu sağalmalıdır ki, daha sonra gözünü də müalicə edək. Əməliyyatların qiyməti də İcbari Tibbi Sığortanın xidmətlər zərfində var. İTS qanunla nizamlanan dövlət orqanıdır və onların dediyi cərrahi əməliyyat 250 manat qiymətləndirilir, 3000 manat yox.
Məni döyməklə hədələdilər, təhqir etdilər. Bütün bunlara görə qanun qarşısında cavab verməli olacaqlar. Qanunvericiliklə hər şey həll olunur. Klinikanın təhlükəsizlik kameraları var.
Əməliyyat olunan xanımın qızları öz telefonları ilə gizli şəkildə çəkiliş aparıblar. Xəstənin müalicəsini gözləmədən pul tələbinə başlayıblar”.
Bizim.Media