Artıq Bakıda xarici məşhur brendlərə məxsus geyimləri tapmaq müşkülə çevrilib. Bir çox alıcılar baha aldıqları geyimlərin əslində keyfiyyətsiz olduğundan şikayətlənirlər. İddialar bu istiqamətdədir ki, yüksək qiymətə brend marka adıyla alınan geyimlər əslində Azərbaycanda istehsal olunur. Əgər bu doğurdan da belədirsə, istehlakçıların hüquqları kobud şəkildə pozulmuş olur.
Qeyd edək ki, 2019-cu ildə məşhur geyim markası aşağı keyfiyyətli paltarlara "Chanel”, "Fendi”, "Dolce & Gabbana”, "Valentino”, "Chiristian Dior” , "İtterre” və digər dünyaca məşhur bredlərin saxta etiketləri tikilərək dəyərindən dəfələrlə baha qiymətə müştərilərə təqdim edilməsini Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi ifşa etmişdi.
MÖVZU İLƏ BAĞLI:
İkinci əl geyimlər alanlara XƏBƏRDARLIQ: Xəstəliklər yaradır - VİDEO
Maraqlıdır, brend adıyla satılan geyimlərin Azərbaycanda istehsal olunması ilə bağlı iddialar əsaslıdırmı?
Azad İstehlakçılar Birliyinin rəhbəri Eyyub Hüseynov Bizim.Media-ya bildirib ki, brend geyimlərin çoxu Azərbaycanda və Çində istehsal olunur:
“Düşünürəm ki, bu hal ayrı-ayrı sahələr üzrə indi də mövcuddur. Hətta “Sahil” metrostansiyası yaxınlığında “Birəbir” adlı mağaza fəaliyyət göstərirdi, içində xaricdən gələn geyimlərlə yanaşı, etiketləri dəyişdirilmiş şəkildə yerli istehsal malları da satılırdı. Bunu ayırd etmək elə də asan deyil”.
E.Hüseynov “brend” məsələsinin olduqca düşük və ağılsızlıq olduğunu vurğulayıb:
“Çünki “brend” sözü damğa deməkdir. Qədim zamanlarda heyvanları bir-birindən seçmək üçün budlarına damğa vurulurdu. İndi də marketoloqlar “brend” söhbətini insanlara elə yeritməyə çalışır. Həqiqətən marka geyimlərin etiketi digərlərindən seçilir. Alıcılar geyim alarkən diqqət etsinlər, əgər etiket əllə tikilibsə, deməli həmin paltar brend deyil. Çox yaxşı olardı ki, aidiyyəti dövlət qurumları bu məsələlərə nəzarət etsinlər. Çox təəssüflər olsun ki, azad bazar iqtisadiyyatından biznes qurumları sui-istifadə edərək insanları aldadırlar”.
Nuranə Daxilqızı, Bizim.Media