Azərbaycan və İraqın hüquq-mühafizə orqanları arasında səmərəli əməkdaşlıq müzakirə edilib - FOTO

Hazırda oxunan: Azərbaycan və İraqın hüquq-mühafizə orqanları arasında səmərəli əməkdaşlıq müzakirə edilib - FOTO

200480

İyulun 4-də Baş prokuror Kamran Əliyev Azərbaycanda işgüzar səfərdə olan İraq Respublikası Ali Məhkəmə Şurasının sədri Faiq Zidan və Dövlət Prokurorluğunun sədri Nacmu Abdullah Əhməd ilə görüşüb.

Bu barədə Baş Prokurorluğun mətbuat xidmətindən Bizim.Media-ya məlumat verilib.

Bildirilib ki, Baş prokuror geniş tərkibli nümayəndə heyətinin ölkəmizə səfərini Azərbaycanla İraq arasında hüquqi əməkdaşlığın uğurlu başlanğıcı kimi qiymətləndirib.
Kamran Əliyev hər iki dövlətin prezidentlərinin birgə səyləri, apardıqları uzaqgörən xarici siyasəti nəticəsində ölkələrimiz arasında münasibətlərin dinamik şəkildə inkişaf etdiyini bildirərək, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın ərazi bütövlüyünün tam şəkildə bərpa olunduğu, işğaldan azad edilmiş Qarabağda sürətli bərpa və quruculuq işlərinin aparıldığı barədə qonaqları məlumatlandırıb.

Baş prokuror bu il sentyabrın 29-dan oktyabrın 2-dək Beynəlxalq Prokurorlar Assosiasiyasının 29-cu illik konfransı və ümumi yığıncağının Azərbaycanda keçiriləcəyini bildirərək iraqlı həmkarlarını tədbirdə iştiraka dəvət edib.

Kamran Əliyev dünyanın ən mötəbər beynəlxalq tədbirlərindən biri olan BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının - COP29-un ölkəmizdə keçirilməsinin dünya ölkələrinin növbəti dəfə Azərbaycana olan böyük etimad və hörmətinin, o cümlədən ölkəmizin dünya miqyasında artan nüfuzu və güclü mövqelərinin göstəricisi olduğunu xüsusilə vurğulayıb.

Faiq Zidan iki ölkə arasında münasibətlərin inkişaf etdirilməsinin zəruriliyini vurğulayaraq, hüquq-mühafizə orqanları arasında cinayətkarlığa, xüsusilə də terrorçuluğa qarşı mübarizə sahəsində qarşılıqlı səmərəli əməkdaşlığın aparılmasının vacibliyini ifadə edib.

Tərəflər əlaqələrin möhkəmləndirilməsi istiqamətində müqavilə hüquq bazasının genişləndirilməsini müzakirə ediblər.

Görüşdə İraqın Azərbaycandakı səfirliyinin müvəqqəti işlər vəkili Maki Resan Abdulla Əl-Mamori də iştirak edib.







Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin