Bir müddət öncə sosial şəbəkələrdə Gəncədə yol hərəkəti qaydalarını pozan xanım sürücü özünün videosunu yayımlamışdı. Həmin sürücü xanım Aysu Nurəliyevadır və o, idarə etdiyi 77-FB-782 dövlət qeydiyyat nişanlı "Chevrolet" markalı avtomobillə qanunsuz manevr etməklə yol hərəkəti qaydalarını pozub.
Paylaşdığı həmin videonun rəy bölməsində A.Nurəliyeva sürücülük hüququnun olmadığını və ona verilən suala cavab olaraq "day-dayılıq" edəninin olduğunu bildirib. Bu video bir çox kütləvi informasiya vasitələrində yayımlanıb və qeyd olunub ki, xanım sürücü dəfələrlə "Rent a Car"dan bir sıra avtomobillər götürərək qayda pozuntuları törədib.
Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımov Bizim.Media-nın yerli bürosuna açıqlamasında bildirib ki, keçirilən müvafiq tədbirlər nəticəsində avtomobili idarə edən şəxsin kimliyi müəyyən edilib:
“Araşdırmalar zamanı şəxsin avtomobili sürücülük hüququ olmadan idarə etməsi müəyyən olunub. Şəxslə profilaktik söhbət aparılaraq, barəsində inzibati protokol tərtib olunub.
Araşdırmalar zamanı o da məlum olub ki, xanımın tanışı öz adına avtomobil icarəyə götürüb və həmin maşını xanıma bir neçə saatlıq sürmək üçün verib. Həmin şəxsin də kimliyinin müəyyən edilərək məsuliyyətə cəlb olunması istiqamətində araşdımalar davam etdirilir”.
Məqsəd Rəhimov, Bizim.Media, Qərb bürosu