Xəbər verdiyimiz kimi iyulun 1-dən etibarən məişət tullantılarının yığılması, daşınması ilə əlaqədar adambaşına aylıq ödəniz haqqı bir manat müəyyən edilib.Nəzərə alaq ki, bu qayda Tarif Şurasının müvafiq qərarına əsasən tənzimlənir. Buna qədər Tarif Şurasını 24 noyabr 2011-ci il, 5 nömrəli qərarı ilə əsasən bərk məişət tullantılarının yığılması və daşınması 1 nəfərə görə 30 qəpik idi. Göründüyü kimi “zibil pulu” 3 dəfədən artıb.
Amma bu məsələnin bir tərəfidir.
Əsas məsələ odur ki, özəl sektorda onsuz da “zibil pulları” kifayət qədər yüksək idi.
Mənzil Məcəlləsinə görə, dövlət mənzil fondu müvafiq dövlət qurumları, bələdiyyə mənzil fondu isə bələdiyyələr tərəfindən idarə olunur. Özəl mənzil fonduna gəldikdə isə bu mülkiyyətçinin seçiminə bağlıdır. Yəni çoxmənzilli binanın mülkiyyətçiləri ya mənzil mülkiyyətçiləri müştərək cəmiyyəti, ya müəyyən mənzil kooperativlərləri tərəfindən binanın idarə olunmasını seçməlidirlər.
Lakin son illər tikilən və istismara verilən yaşayış binalarında MTK-ların ləğv olunmaması ilə bağlı narazılıqlara rast gəlinir. Əslində, bina istismara verildiyi və sakinlərin 50 faizdən çoxu mülkiyyət hüququ əldə etdikdən sonra MTK öz qüvvəsini itirir və ləğv olunur. Bəzi binalarda hələ də MTK-lar işini davam etdirir və kommunal xərclərin yığılmasında əsas rol oynayırlar. Ona görə də bu gün yığılan pulların nə qədərinin hansı xidmətə ayrıldığı qaranlıq qalır.
“Aylıq kommunal ödənişin 200 manat olduğu MTK-lar var”
Mövzu ilə bağlı fikirlərini Bizim.Media ilə bölüşən daşınmaz əmlak üzrə ekspert Elnur Fərzəliyev bildirdi ki, yeni qərara əsasən “JEK”-lər fərdi yaşayış evlərindən və çoxmənzilli binalarda pasport qeydiyyatında olan hər kəsdən ayda bir manat “zibil pulu” alacaq:
“Bu minimal ödəniş hesab olunur. Bu yalnız zibillərin atılması və toplanması üçün hesablanıb. Bununla paralel yeni çoxmənzilli yaşayış binalarına nəzər salsaq, görərik ki, Bakı və Abşeron yarımadası üzrə aylıq kommunal xərclər mənzilin kvadarına görə minimal olaraq 20 qəpikdən başlayaraq mərkəzə doğru 2 manata qədər dəyişir. Məsələn, şəhərin mərkəzindəki 100 kvadratmetrlik bir mənzilin aylıq kommunal ödənişi haqqı hətta 200 manata qədər arta bilir.
Özəl sektorda kommunal xərclərin çox olması təbii ki, vətəndaşlar arasında haqlı narazılıq yaradır. “JEK”lərdən fərqli olaraq, yeni tikilən binalarda kommunal pullar təkcə “zibil pulu” üçün deyil. Həyətlərin və giriş qapılarının işıqlandırılması, lift, təmizlik və digər xidmət haqları da bura daxildir.
Praktika göstərir ki, yeni binlarda yığılan kommunal xərclər həmin ay xərclənir.
Lakin qanunvericiliyə görə çoxmənzilli binalarda toplanan pulların bir hissəsi sakinlərin formalaşdırmalı olduqları büdcəyə toplanmalıdır. Yəni hər bir idarəetmə şirkəti və yaxud mənzil mülkiyyətçiləri müştərək cəmiyyəti öz büdcəsini formalaşdırmalıdır. Bu büdcə hesabına da gələcəkdə ortaya çıxan problemlər öz həllini tapmalıdır.
Çox təəssüf ki, yeni binaların sakinləri aylıq xərcləri ödəsələr, də ortaya çıxan qəzalar- su borusunun, liftin və digər qurğuların sıradan çıxması zamanı əlavə ödənişlər etmək məcburiyyətində qalırlar”.
Elnur Fərzəliyev hesab edir ki, yeni tikilən çoxmənzilli binalar da vahid mərkəzdən idarə olunsa, daha yaxşı olar:
“Çünki yeni binalarda kifayət qədər böyük ölçüdə kommunal xərclər toplansa da, son nəticədə həmin binalarda xidmətin səviyyəsi köhnə “JEK” binalarında göstərilən xidmətdən qat-qat aşağıdır. Bundan əlavə köhnə binalardakı “zibil pulu” yeni binalarda alınan kommunal xərclərdən dəfələrlə azdır”.
Surxay Atakişiyev, Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
12:20 / 03.07.2024
“Zibil pulu” TƏZADI – MTK-lar niyə “JEK”lərdən dəfələrlə çox pul TƏLƏB EDİRLƏR?
Hazırda oxunan: “Zibil pulu” TƏZADI – MTK-lar niyə “JEK”lərdən dəfələrlə çox pul TƏLƏB EDİRLƏR?
Hazırda oxunan: “Zibil pulu” TƏZADI – MTK-lar niyə “JEK”lərdən dəfələrlə çox pul TƏLƏB EDİRLƏR?
Zibil pulu TƏZADI – MTK-lar niyə JEK-lərdən dəfələrlə çox pul TƏLƏB EDİRLƏR? İyulun 1-dən etibarən məişət tullantılarının yığılması, daşınması ilə əlaqədar adambaşına aylıq ödəniz haqqı bir manat müəyyən edilib. MTK-ların və JEK-lərin kommunal xərcləri və zibil pulları haqqında məlumat.
200108
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.