Bakıda yol ÇÖKDÜ - Avtomobilinə ziyan dəyən sürücülərə kompensasiya ÖDƏNİLƏCƏKMİ?  

Hazırda oxunan: Bakıda yol ÇÖKDÜ - Avtomobilinə ziyan dəyən sürücülərə kompensasiya ÖDƏNİLƏCƏKMİ?  

200049

Xəbər verildiyi kimi Bakının Nərimanov rayonu, Ceyhun Hacıbəyli küçəsində yol çöküb. Nəticədə nəqliyyatın hərəkəti çətinləşib və yolun bir hissəsi bağlanıb. Yaranan vəziyyət isə ən çox sürücülərə əziyyət verib və bir neçə şəxsin avtomobilinə ziyan dəyib.

Maraqlıdır, yolun mərkəz hissəsinin çökməsinə səbəb nədir? 

Məsələ ilə bağlı Bizim.Media-ya danışan Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) rəsmisi Ülvi Baxışlının sözlərinə görə problem AAYDA-lıq deyil:

“Sözügedən yolda “Azərsu” ASC-nin su xətlərində sızıntı olduğuna görə, çökmə baş verib. Dünən “Azərsu”ASC əməkdaşları sızıntını təmir ediblər. Yolun bərpası isə bu gün AAYDA tərəfindən həyata keçiriləcək və iş yekunlaşacaq”.

AAYDA rəsmisi onu da əlavə edib ki, çökmə səbəbindən avtomobilinə ziyan dəyən sürücülər onlara kompensasiya verilməsi üçün AAYDA-ya deyil, “Azərsu” ASC-yə müraciət etməlidirlər. Çünki yoldakı çökmə su sızıntısına görə olub. 

Maraqlıdır, avtomobilinə ziyan dəymiş sürücülərə kompensasiya ödəniləcəkmi və bunu hansı qurum həyata keçirməlidir? 

“Azərsu” ASC-nin mətbuat katibi Anar Cəbrayıllı isə saytımıza açıqlamasında heç bir avtomobilə ziyan dəymədiyini bildirib:

“Dünən axşam su sızıntısının qarşısı alınıb. Çöküntü baş verən hissə əhatəyə alınıb. Araşdırılıb və məlum olub ki, heç bir avtomobilə ziyan dəyməyib. Lakin hər hansı bir yolda çuxur yaranırsa və ya çökmə baş verirsə belə, bizim təşkilat tərəfindən kompensasiya ödənilmir. Artıq o sığorta məsələsidir. Yəni sürücü avtomobilini sığortalayıbsa, dəymiş ziyanı sığorta ilə həll edə bilir”.

Nuranə Daxilqızı, Bizim.Media

 
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin