Dövlət İmtahan Mərkəzi (DİM) iyunun 30-da ali və ya orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq üçün sənəd verən, lakin mayın 12-də keçirilmiş Azərbaycan dili imtahanında iştirak etməyən və ya iştirak edib “qeyri-məqbul” qiymət alan cari və əvvəlki illərin abituriyentləri, eləcə də buraxılış imtahanı çərçivəsində ümumi (9 illik) və tam (11 illik) orta təhsil səviyyəsi üzrə mayın 12-də keçirilmiş imtahanda iştirak etməyən cari ilin məzunları üçün Azərbaycan dili fənni üzrə test imtahanı (ikinci cəhd) keçirir.
DİM-dən Bizim.Media-ya bildirilib ki, Bakı və Naxçıvan şəhərlərində təşkil olunan imtahan saat 10:00-da başlanacaq.
Saat 09:45-də buraxılış rejimi başa çatacaq. Bundan sonra gələn şəxslər imtahan binasına buraxılmayacaqlar.
İmtahanın müddəti 1 saat 30 dəqiqədir.
İmtahanın idarə olunması üçün 7 ümumi imtahan rəhbəri, 18 imtahan rəhbəri, 129 nəzarətçi ayrılıb, 19 buraxılış rejimi əməkdaşı (mühafizə), 7 bina nümayəndəsi ayrılıb.
Bu imtahanda 7 nəfər sağlamlıq imkanları məhdud (gözdən əlil, serebral iflic, eşitmə əngəlli və digər) şagird (abituriyent) də iştirak edəcək. Onların rahat şəkildə imtahan verməsi üçün imtahan binalarında xüsusi zallar ayrılıb, orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə gözdən əlilliyi müəyyən edilmiş şəxslərə isə fərdi nəzarətçilər təyin edilib.
Bizim.Media