Avropa İttifaqı ölkələrinin liderləri iyunun 27-də axşam Brüsseldə keçirilən sammitdə blokun əsas institutlarının yeni rəhbərlərinə səs veriblər.
Səsvermə nəticəsində Ursula Fon der Lyayen Avropa Komissiyasının Prezidenti olaraq qalır. Avropa İttifaqı Şurasına Portuqaliyanın keçmiş baş naziri Antoniu Koşta, Aİ-nin xarici siyasət xidmətinə isə Estoniyanın Baş naziri Kaya Kallas başçılıq edəcək.
İndi onların namizədliyi Avropa Parlamenti tərəfindən təsdiqlənməlidir.
Aİ-nin əvvəlki rəhbərliyinin Azərbaycana münasibəti heç də birmənalı olmayıb. Bu illər ərzində Aİ ilə Azərbaycan arasında iqtisadi müstəvidə münasibətlər normal olsa da, digər məsələlərdə təşkilatla ölkəmiz arasında münasibətlər heç də həmişə hamar olmayıb. Aİ bir sıra hallarda əsassız yerə Azərbaycanı ittiham etmək yolunu tutub.
Yeni rəhbərliyin gəlişindən sonra görəsən, İttifaqın Azərbaycanla siyasətində dəyişikliklər olacaqmı?
Mövzu ilə bağlı Bizim.Media-ya açıqlamasında Milli Məclisin deputatı Elşad Mirbəşiroğlu bildirir ki, Aİ ölkələrinin Azərbaycanla əməkdaşlığa böyük ehtiyacı vardır:
“Azərbaycan hər zaman həm siyasi, həm də iqtisadi müstəvidə olduqca etibarlı tərəfdaş olduğunu dəfələrlə sübut edib. Hər zaman konstruktiv əməkdaşlıq münasibətlərinin tərəfdarı olmuşuq. Amma təəssüf ki, bir sıra Avropa platformalarında zaman-zaman Azərbaycana qarşı qərəzli siyasi mövqelər formalaşıb. Torpaqlarımızı işğaldan azad etməklə əslində qlobal təhlükəsizliyə böyük töhfə verdik.
Çünki Avropanın özü də separatizmdən əziyyət çəkir. Ancaq buna baxmayaraq Avropa Parlamenti, Aİ-nin üzvü Fransa parlamenti ölkəmizə qarşı qərəzli qətnamələr qəbul etdi və yaxud buna cəhdlər oldu. Qərb Azərbaycanın regionda münaqişə faktını aradan qaldırması ilə barışa bilmirdi. Aİ ölkələrinin enerji təminatında ölkəmizin rolu həlledicidir. Qurum ölkələrinin bu sahədə Azərbaycanla əməkdaşlığa böyük ehtiyacı var”.
Deputat qeyd edir ki, Bakı Aİ ölkələrilə konstruktiv əməkdaşlıqda maraqlıdır:
“Aİ-nin bir sıra ölkələri də bu prosesdə maraqlıdır. Ona görə düşünürəm ki, Aİ bundan sonrakı mərhələdə sağlam məntiqə sığınaraq Azərbaycan kimi etibarlı ölkə ilə münasibətlərin inkişafında maraqlı olacaq. Bu Avropanın özünün də maraqlarına cavab verir. Bütün istiqamətlər üzrə etibarlı tərəfdaşlığa sahib Azərbaycan kimi dövlətlə əməkdaşlıq etmək istəyən ölkələrin arealı genişlənir. Bu reallıq digər coğrafiyaların yanaşmalarında da öz ifadəsini tapacaq”.
Rüfət Sultan, Bizim.Media
- A-
- A
- A+
Siyasət
13:00 / 29.06.2024
Avropa İttifaqında YENİ DÖNƏM – Aİ-nin Azərbaycanla münasibətləri necə DƏYİŞƏCƏK?
Hazırda oxunan: Avropa İttifaqında YENİ DÖNƏM – Aİ-nin Azərbaycanla münasibətləri necə DƏYİŞƏCƏK?
Hazırda oxunan: Avropa İttifaqında YENİ DÖNƏM – Aİ-nin Azərbaycanla münasibətləri necə DƏYİŞƏCƏK?
Avropa İttifaqında yeni dönəmə girilir. Avropa İttifaqı ölkələrinin liderləri yeni rəhbərləri seçdilər və münasibətlərdə dəyişiklik gözlənilir. Milli Məclis deputatı Elşad Mirbəşiroğlu Avropa İttifaqı ilə Azərbaycan arasındakı əməkdaşlığı vurğulayaraq Avropanın Azərbaycanla işbirliyində marağı olduğunu qeyd edib.
199503
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.