Ermənistanın “sülh” İDDİASI – Paşinyan problemi həll etmək yox, dondurmaq istəyir – TƏHLİL

Hazırda oxunan: Ermənistanın “sülh” İDDİASI – Paşinyan problemi həll etmək yox, dondurmaq istəyir – TƏHLİL

Ermənistanın sülh iddiası hələ möhkəmdir və müharibəyə son qoymağa çalışır. Azərbaycan isə bu iddialara cavab axtarır və konstitusiyadakı ərazi iddialarının qaldırılmasını tələb edir.

199453

Xəbər verdiyimiz kimi Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan yeni iddia ilə çıxış edib. O bildirib ki, Ermənistan bir ay ərzində Azərbaycanla sülh sazişinin yekun mətnini hazırlamağa və onu imzalamağa hazırdır.

İlk baxışdan qulağa xoş gələn və nikbin notlar üzərində köklənmiş bu bəyanatın əslində heç bir əsası yoxdur. Çünki Azərbaycanın sülh sazişinin yekun mətnində qeyd etdiyi bir çox suallar hələ də açıq qalır. Həmin problemlərinsə bir ay ərzində aradan qaldırılması qeyri-mümükündür.

Ona görə ki, Ermənistan Konstitusiyasında Azərbaycana qarşı ərazi iddiaları var. Bunu aradan qaldırmaq üçünsə referendum keçirilməlidir. Bir aya da referendum keçirmək mümkün deyil.

Təsadüfi deyil ki, Tbilisidə səfərdə olan xarici işlər naziri Ceyhun Bayramov Ararat Mirzoyanın fikirlərinə münasibət bildirib.
 

MÖVZU İLƏ BAĞLI:

Paşinyan: “Ermənistan xalqı döyüşmək istəmir, sadəcə yaşamaq istəyir”


Ceyhun Bayramov Ermənistan konstitusiyasında Azərbaycana qarşı ərazi iddialarının qaldığını qeyd edib: 

“Ermənistanın əsas qanununda - konstitusiyasında Azərbaycana qarşı ərazi iddiaları qalır. Bu, bizim tərəfimizdən prosesin başa çatdırılmasında ən ciddi əngəl kimi görünür”. 

Nazir əlavə edib ki, Azərbaycanla Ermənistan arasında sülh sazişinin mətni ilə bağlı kifayət qədər əhəmiyyətli proqres var:

“Açıq qalan məsələlərin sayı əhəmiyyətli dərəcədə azalıb”.

Nəzərə alaq ki, məsuliyyətsiz bəyanat verən təkcə Mirzoyan deyil. Baş nazir Nikol Paşinyan da tez-tez bu cür bəyanatlarla çıxış edir. Guya ki, Ermənistan sülh sazişini imzalamağa hazırdır. Amma Paşinyan sülh sazişinə gedən yolda olan əngəllərin aradan qaldırılması üçün heç bir iş görmür. 

Erməni baş nazir hesab edir ki, ilkin olaraq sülh sazişi imzalanmalıdır. Bundan sonra isə ortada olan suallar bir-bir gündəmə gətirilməlidir. Bu da təsadüfi deyil. Paşinyan ermənilərin 200 illik sərsəm iddialarından bir andaca əl çəkilməsinin mümkünsüzlüyünü yaxşı bilir. Ona görə də indiki məqamda referendum məsələsini gündəmə gətirmək istəmir. Çalışır ki, sülh sazişi imzalansın və sazişin Ermənistana gətirdiyi iqtisadi və siyasi dividendlərdən yararlansın. Yalnız bundan sonra referendum məsələsini gündəmə gətirsin. 

Bu cür yanaşma isə kökündən yanlışdır. 

Əvvəla ona görə ki, daxili auditoriyadakı çəkişmə və ziddiyyətlər Paşinyanın və Ermənistanın daxili işidir. Bu məsələ Azərbaycanı qətiyyən narahat etmir. Azərbaycanın istədiyi on illər boyu davam edən əsassız iddialara son qoymaq və problemi bir dəfəlik həll etməkdir. 

Bu yanaşma da tam haqlı və məntiqlidir. Çünki daimi və əsas olan problem Ermənistan konstitusiyasıdır. Paşinyansa gəldi-gedərdir. Sabah Paşinyan vəzifədən getsə, növbəti baş nazir onun imzaladığı sazişdən imtina edə bilər. Amma konstitusiyaya edilən düzəlişləri inkar eləmək o qədər də asan deyil. 

Ona görə də Azərbaycan üçün əsas olan kimlərinsə dediyi söz yox, Ermənistanın konstitusiyasında yazılanlardır. Nə qədər ki, erməni konstitusiyasında Qarabağ Ermənistanın bir hissəsi kimi göstərilib, bir o qədər də sülh sazişinin imzalanması mümkün deyil.

Doğrudur Azərbaycanın Ermənistan konstitusiyasının dəyişdirilməsi tələbi fonunda baş nazir Paşinyan 2026-cı il dekabrın 30-dək yeni Konstitusiya layihəsini hazırlamağı və onu təsdiq etməyi tapşırıb.

Qərarda “Konstitusiyaya dəyişikliklər” əvəzinə “yeni Konstitusiya” ifadəsinin yazılması açıq şəkildə qeyd olunub. 

Lakin 2026-cı ilin 30 dekabrına ən azı 2 il yarım var.  O zamana kimi isə Ermənistanda çox sular axıb gedəcək. Hələ onu demirik ki, Paşinyanın o zamana kimi kreslosunu qoruması da sual altındadır. Bundan əlavə 2026-cı ilin yayında Ermənistanda növbəti parlament seçkiləri keçirilməlidir. 

Bu da o deməkdir ki, referendumun ən azı 2 il yarım ertələməsində Paşinyanın xüsusi məqsədi var. O hesab edir ki, növbəti dəfə seçkiləri qazansa, o zaman referendum keçirmək onun üçün çətin olmayacaq. Seçkilərdə uduzacağı təqdirdə isə referendum yeni iqtidarın problemi olacaq. 

Bir sözlə, Paşinyan özünü hamıdan ağıllı bilir.

Amma onun diqqətdən qaçırdığı məqamlar da var. Bu məqamlarınsa ən önəmlisi Azərbaycanın qətiyyətidir. Rəsmi Bakı saziş xatirinə saziş bağlamaq niyyətindən çox-çox uzaqdır. Hədəf odur ki, imzalanacaq sülh sazişinə qədər ortada olan bütün suallara cavab tapılsın və Ermənistanın bu günə kimi irəli sürdüyü iddialar tarixin arxivinə göndərilsin. Eyni zamanda, sözün həqiqi mənasında mehriban qonşuluq və davamlı sülh üçün güclü hüquqi əsaslar olsun.

Ona görə də sülh sazişinə qədər Ermənistanın konstitusiyasına dəyişiklik əsas şərtdir. Bu olmayınca sülh sazişindən danışmaq əbəsdir. Necə ki, Paşinyan və onun komandası iş görmək əvəzinə məhz boşboğazlıqla məşğuldur.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin