Son günlər havanın yağıntılı keçməsi bir çox dağlıq və dağətəyi bölgələrdə sel sularının yaranmasına və çaylarda suyun səviyyəsinin artmasına səbəb olub.
Bizim.Media-nın yerli bürosu xəbər verir ki, sözügedən səbəb Həkəri çayından da sel keçməsi ilə müşahidə edilib.
Sel nəticəsində Laçının məhşur "Padşah körpüsü" çöküb.
Baş vermiş hadisə ilə bağlı mediaya açıqlama verən Bakı Abadlıq Xidmətinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Lalə Əliyeva körpünün bərpa ediləcəyini diqqətə çatdırıb:
"Son günlər leysan yağışları ilə bağlı Həkəri üzərindəki qədim körpünün çökməsi təbii fəlakətin nəticəsi kimi dəyərləndirilir. Həkəri yatağından çıxmasa da, öz gücünü göstərib.
Bildiyiniz kimi el arasında "Padşah körpüsü" adanlanan həmin taxta körpü uzun illərdir mövcud olub. Özəl bir funksiyası yoxdur. Yalnız girişdə estetik mənzərəni tamamlayan elementdir. Şəhərin yenidən qurulması zamanı Laçın abadlıq tərəfindən daş döşənərək, kənarları çiçəklərlə bəzədilib, ətrafı baxış meydançası kimi asanlaşdırılmışdı. Yeri gəlmişkən, Həkəri üzərindən salınmış digər üzən körpü də vaxtaşırı təhlükəsizliyi nəzərə alaraq qaldırılır.
Artıq yaz-yay aylarında Azərbaycanın ən gur çaylarından biri olan Həkəridə suyun tənzimlənməsi ilə bağlı əlaqədar qurumlar rəy verdikdən sonra körpülər həmin rəyə uyğun yenidən bərpa olunacaq".
Elgün Gəncimsoy, Bizim.Media, Qarabağ bürosu