İlin əvvəlində su təhcizatı və tullantı suların axıdılması tariflərində baş verən qiymət artımı digər kommunal sahələrdə də bahalaşmanın olacağı ilə bağlı ehtimallar yaratdı və bu ehtimallar indiyədək qalmaqdadır. Vaxtaşırı bu məsələ sosial şəbəkələrdə də müzakirə obyektinə çevirilir.
Bəs bu iddialar əsaslıdırmı?
Xatırladaq ki, Tarif Şurasının “Azərsu” ASC-nin təklifi əsasında verdiyi qərara görə, su təchizatının və tullantı sularının axıdılması xidmətinin tarifləri 2 dəfə artırılıb.
Ekspertlər elektrik enerjisi, qaz təhcizatı, eləcə də bərk məişət tullantılarının daşınması tariflərinin də bahalaşacağı ilə bağlı iddiaları əsaslı hesab edirlər. Bu yanaşmaya isə bir neçə amil təsir edir.
Əvvala təbii qazın və bərk məişət tullantılarının daşınması tariflərinin bahalaşdırılması üçün artıq iki dəfə Tarif Şurasına müraciət olunub.
Hökumətin kommunal sektorda fəaliyyət göstərən qurumlara ayrılan dotasiyanın məbləğini azaltması qurumların tariflərin artırılması üçün Tarif Şurasına müraciət edəcəkləri gözləntisi yaradıb.
Hesablama Palatasının rəyində isə bildirilib ki, 2021-ci il dövlət büdcəsi layihəsində son illərdə ilk dəfə iri dövlət şirkətlərindən - Dövlət Neft Şirkəti, "Azərbaycan Dəmir Yolları" QSC, "Azərişıq" ASC, "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC, "Azərenerji" ASC-dən 46 milyon manatlıq divident nəzərdə tutulur.
Azərbaycanda kommunal sahədə qiymət artımının baş verə biləcəyi Asiya İnkişaf Bankının (AİB) ilin birinci rübü üçün açıqlanan proqnozlarında da öz əksini tapıb.
Belə ki, AİB-in yenilənmiş proqnozlarına əsasən, bu il Azərbaycanda istehlak qiymətlərinin artımı 3,5% təşkil edəcək. Bankın hesabatında qeyd edilir ki, ölkədə kommunal tariflərin artacağı təqdirdə inflyasiyanın səviyyəsi proqnozlaşdırılandan yuxarı ola bilər.
Ötən il dövlət qurumlarının özəlləşdiriləcəyi ilə bağlı açıqlamalar verilirdi. Özəlləşdirməyə hazırlıq mərhələsinin də kommunal sahələrdə tarif artımına səbəb olacağı ilə bağlı fikirlər var.
Qeyd olunur ki, kommunal xidmət sahələrinin cəlbediciliyi üçün qiymətlərin artırılması gərəkir.
Amma hələ ki, hökumətin özəlləşdirmə qərarı verib-verməyəcəyi bəlli deyil.
Elektrik enerjisinin qiymət artımını şərtləndirə biləcək digər məqam: Tarif Şurası artıq mazutun qiymətini tənzimləmir və əgər SOCAR gələcəkdə bu məhsulu bahalaşdırarsa, bu öz növbəsində elektrik enerjisinin qiymət artımına şərait yarada bilər.
Digər tərəfdən isə ölkədə demək olar ki, bütün sahələrdə bahalaşma var və bu bahalaşma qeyd olunan sahələrdə də qiymət artımına səbəb ola bilər.
Lakin qeyd olunanlara rəğmən hesab olunur ki, mövcud vəziyyətdə kommunal sahələrdə qiymət artımına gedilməsi yolverilməzdir. Pandemiya şəraitində, işsizliyin səviyyəsinin artdığı, inflyasiyanın gücləndiyi bir vəziyyətdə belə bir addımın atılması əhalinin sosial durumunu daha da ağırlaşdıra bilər.
Həmçinin hesab olunur ki, Azərbaycanda kommunal xidmətlər sahəsində qiymətlər şişirdilir. Tarif Şurası isə məsələni araşdırmadan göndərilən təklifləri dəstəkləyir.
Belə qərarlardan sonra isə bahalaşma həndəsi silsilə artır. İdarəetməyə optimal yanaşmanı təmin etməklə bu sahədə fəaliyyət göstərən qurumlar xərclərini azalda və qiymət artımına getməyə bilərlər. Həm də nəzərə alsaq ki, innovativ texnologiyaların tətbiqinin özü bu müəssislərdə xərcləri getdikcə azaldır və nəticədə rentabellik artmış olur.
Bundan başqa Azərbaycan Prezidentinin sərəncamı ilə yaradılan İnvestisiya Holdinq də bu cür müəssilərdə maliyyə fırıldaqlarının qarşısını da alacaq, layihələrdə qiymət yükləmə prinsipi ləğv ediləcək.
Bu da deməyə əsas verir ki, hər hansı qiymət artımına ehtiyac yoxdur, daxili resurslar düzgün səfərbər olunmalıdır.
Yaranmaqda olan yeni mmünbit iqtisadi mühit doğru yönəldiləcək olsa, heç bir bahalaşmadan söhbət gedə bilməz. Azərbaycanın isə buna hər cür potensialı var.
Fazilə Əsgərova,Bizim,Media
- A-
- A
- A+
İqtisadiyyat
14:29 / 03.05.2021
Azərbaycanda bahalaşmanı necə dayandırmaq olar? - Tarif Şurası təklifləri öyrənmədən qərar verir
Hazırda oxunan: Azərbaycanda bahalaşmanı necə dayandırmaq olar? - Tarif Şurası təklifləri öyrənmədən qərar verir
Hazırda oxunan: Azərbaycanda bahalaşmanı necə dayandırmaq olar? - Tarif Şurası təklifləri öyrənmədən qərar verir
19917
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.